EKOL ssenarinin təkrarlanmasına imkan vermədi

Bu gün futzal üzrə Yüksəl Liqada XXIII turun oyunları keçirilib. Bakı İdman Sarayında turun açılış oyununda autsayder debütantla qarşılaşıb.

Newsport.az-ın məlumatına görə“Xəmsə”nin qış fasiləsindən sonra heyətlə bağlı problemlərinin olduğu aydın idi. Amma “Marafon Futsal” da itkilərdən qaça bilməmişdi. Kapitan cərrahiyyə əməliyyatı olunduğuna görə, hələ meydana çıxmağa hazır deyildisə, belaruslu legionerlər vətənlərinə yolla salındığından, Kesra Mehdipour və Elyas Barati isə vətənində olduğuna görə, komandasına kömək edə bilmirdilər. Bu itkilər azmış kimi, ötən həftə millinin heyətində Bakıda keçirilən Türk Universiadasında iştirak edən və qızıl medal qazanan İbrahim Zeynalov da matçda yox idi. Əvəzində qış fasiləsinə qədər komandasına kömək edən, ancaq sonradan İranda qalan Səid Goodarzi bu dəfə köməyə gəlmişdi. Fasiləyə qədər rəqib qapısına 8 cavabsız top vuran “Marafon Futsal” üstünlüyünü ikinci hissədə də davam etdirdi. Gümüş medallara iddiaçı bu dəfə 3 qol vurmaqla yekun hesabı 11:0-a çatdırdı. Maraqlıdır ki, üç oyunçu het-trik etdi. Omid Talebi, Rüstəm Bağırzadə və Tofik Əliyev hərəyə 3 dəfə rəqib qapısına yol tapdı. Səid də dönüşünü qolla qeyd etdi. Həmyerlisindən geri qalmayan Majid də rəqib torunu silkələməyə imkan tapdı. 
Gözlənildiyi kimi, turun ikinci oyunu daha gərgin keçdi. Mükafatlara iddialı iki komandanın duelində tərəflər demək olar, meydana tam heyətlə çıxmışdılar. Hesab isə 3-cü dəqiqədə açıldı. Künc nöqtəsindən ötürməni Əsgər dəqiq zərbə ilə tamamladı. Buna qədər debütantın hesabı açmaq imkanı var idi. EKOL 6-cı dəqiqədə əlverişli fürsəti boşa verdi. Daha doğrusu, Sərxanın zərbəsinə özünü sipər edən Anar topun qarşısını kəsməklə, təhlükəni sovuşdurdu. Elvin Quliyevin bərabərlik qolunu vurmasına Emin Kürdov sərhsiz oynamaqla imkan vermədi. 8-ci dəqiqədə Əsgər dubl edə bilərdi. Fəridin ara ötürməsindən sonra Abasov iti bucaq altında zərbə endirsə də, Ramil topu tutdu. Növbəti dəfə hesab 11-ci dəqiqədə dəyişdi. Bu dəfə Fərid Atakişiyevin zərbəsindən sonra top rəqib komandada eyni nömrəni daşıyan Elvinə dəydi və qapıdan keçdi. 16-cı dəqiqədə üçüncü qolun vurulmasına dirək mane oldu. Ələkbərovun zərbəsindən sonra top qapı dirəyinə dəydi və meydana qayıtdı. Sonrakı dəqiqələrdə Emin Kürdov bir neçə epizodda komandasını qoldan xilas etdi. EKOL isə fasiləyə yollanan ərəfədə 4-cü dəfə rəqib torunu silkələdi. Ələkbərov fərqi artıran oyunçu oldu. Qol vurulan anda hissənin başa çatdığını bildirən qonqun səslənməsi nominal qonaqların etirazına səbəb olsa da, referi qərarını dəyişmədi. 
İkinci hissəyə debütant yaxşı başladı və təcrübəli Ağatahir Əzimovun qolu ilə fərqi 3 topa endirdi. Üç dəqiqə sonra növbəti qol vuruldu. Bu dəfə Quliyev birinci hissədəki avtoqolun əvəzini çıxmağı və komandasını ümidləndirməyi bacardı. Fərqin minimuma enməsi üçün dəqiqə yarım gözləmək kifayət etdi. Elşən İbrahimxəlilov “çərçivə”ni dəqiq nişan almaqla bunu reallaşdırdı. 30-cü dəqiqədə Anar da avtoqolun əvəzini çıxmağa yaxın idi. Onun istəyinə qapı dirəyi mane oldu. Rəqibin passivində 5 faul olduğunu da nəzərə alan “İtaldizain” 5 oyunçu ilə təzyiqi artırmaq, bərabərlik qolunu vurmaq istəyirdi. Di gəl, 38-ci dəqiqədə topun düzgün ötürülməməsi Atakişiyevin boş qapıya düşməsinə şərait yaratdı. Bununla da EKOL bu komandalar arasında son 2 oyunda qeydə alınan heç-heçələr seriyasına son qoymuş oldu. Maraqlıdır ki, xüsusilə də III dövrədəki duelin gedişində 5:1 hesabı ilə öndə olan EKOL-un sonda 1 xalla kifayətlənməsi yenə həmin nəticə qeydə alınacaqmı sualını yaratmışdı. 
Tura“Araz” - “Yasamal” dueli ilə yekun vuruldu. Artıq çempionluğu təmin edən “Araz”ın qapısını ilk dəfə oyunun əvvəlindən Anar qorudu. Təhlükəli vəziyyəti isə “Araz” yaratdı. Bolinyadan ötürməni qəbul edən İsanın zərbəsi dirəyə dəyib meydanı tərk etdi. Hesabı kapitan açdı. Rizvanın fərqlənməsindən sonra İsa dubl etdi. Ancaq oyundan qopmayan “Yasamal” fasiləyə qədər qollardan birinin əvəzini çıxdı. 
İkinci hissədə qolları yenə “Araz” sıraladı. Oktay komandasının dördüncü qolunu vurdusa, sonrakı dəqiqlərdə İsa het-trikini rəsmiləşdirdi. Kapitan da axından geri qalmadı və dubl etməyi bacardı.

 

“Xəmsə” - “Marafon Futsal” (0:8) 0:11 
10 aprel. Bakı İdman Sarayı. Saat 12.30 
Hakimlər: Elçin Məmmədov, Ramiz Məhərrəmov, Azad Hüseynov
Hakim-inspektor: Ədilxan Hünbətov
Qollar: O. Talebi, 1:15, 2:17, 17:38, R. Bağırzadə, 2:50, 32:30, 37:38, S. Çoodarzi, 3:45, M. Morovati, 5:10, T. Əliyev, 10:12, 11:30, 23:50

 

“Xəmsə” 
1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 10. Əli Həsənov (k), 11. Rüfət Cəlilov, 9. Samir Əmirov, 6. Şamo Talıbov
Baş məşqçi: Arif Vəliyev

 

“Marafon Futsal”
2. Kamran Hacıyev (q), 9. Omid Talebi, 77. Saeid Çoodarzi, 10. Seymur Məmmədov (k), 13. Majid Morovati, 22. Tofik Əliyev, 99. Rüstəm Bağırzadə
Baş məşqçi: Elşad Quliyev

 

EKOL – “FK.İD.Futsal” (4:0) 5:3 
10 aprel. Bakı İdman Sarayı. Saat 14.30 
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektor: Aydın Gözəlov
Qollar: Ə. Abasov, 2:23, E. Quliyev (a/q), 10:15, A. Ağayev, 15:08 (a/q), F.Ələkbərov, 20:00, F. Atakişiyev, 38:00 // A. Əzimov, 23:51, E. Quliyev, 26:20, E. İbrahimxəlilov, 27:58
Sarı vərəqələr: F. Atakişiyev, 20, Z. Fərziyev, 35:32 // R. Həsənzadə, 15:04

 

EKOL 
99. Emin Kürdov (q), 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 1. İntiqam Babayev (q, k), 2. Radik Əhmədov, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli 
Baş məşqçi: Radik Əhmədov

 

“FK. İD. Futsal”
12. Ramil Həsənzadə (q, k), 7 Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 9. Elşən İbrahimxəlilov, 10. Faiq Əliyev, 1. Ümid Paşayev (q), 13. Ağatahir Əzimov, 4. Elvin Quliyev, 6. Anar Ağayev, 3. Ruzigar İbrahimzadə
Baş məşqçi: Rəfail Adbulov

 

“Araz” – “Yasamal” FK (3:1) 6:1 
10 aprel. Bakı İdman Sarayı. Saat 16.15 
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Aslan Həsənov
Qollar: R. Fərzəliyev, 10:30, 27:17, İ. Atayev, 11:06, 11:20, 26:09, O. Rüstəmli, 23:57 // O. Oraz, 12:28
Sarı vərəqələr: Qalo, 13:23,Bolinya, 39:01
 

"Araz"
19. Anar Məmmədov (q), 5. İsa Atayev, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 10. Teles Thaqo Bolinya, 1. Rövşən Hüseynli (q), 4. Kardosa Everton Qalo, 7. Ramiz Çovdarov, 14. Oktay Rüstəmli, 15. Reza Tolouei, 2. Adil İsmayılov
Baş məşqçi: Joze Alesio da Silva

“Yasamal” FK

1. Mohammed Roştani (q), 80. Omid Oraz, 47. Rəsul Akbari (k), 9. Vladislav Vorobyov, 12. Sadiq Cavid, 6. Xəyal Quliyev, 8. Reza Mahdavi, 5. Mohammad Vəfa

Rəhbər: Orxan Allahverdiyev

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 20 19 1 0 131-25 58
2 Marafon Futsal 19 13 1 5 80-37 40
3 EKOL 20 11 2 7 87-59 35
4 FK.İD.Futsal 18 6 4 8 75-66 22
5 Neftçi İK 17 6 4 7 46-44 22
6 Yasamal 19 4 0 15 57-125 12
7 Xəmsə 19 0 2 17 42-162 2
Bombardir: Thiaqo Telez Bolinya (“Araz”) – 30 qol





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right