"İki oyunçumuz komandadan ayrıldı" Müsahibə

Yüksək Liqanın debütantı “Marafon Futsal”ın qış fasiləsinə ikinici pillədə yollanması əksər izləyicilər üçün sürpriz olsa da, heyətlə bağlı görülən işlər nəticəni labüdləşdirirdi.

 

Newsport.az xəbər verir ki, heyətini İran və Belarusdan dəvət edilən legionerlərlə gücləndirən paytaxt təmsilçisi qış fasiləsindən sonra keçirdiyi ilk oyunu da qələbə ilə yekunlaşdırdı. “FK.İD.Futsal”la matçın taleyini həll edən yeganə qolun müəllifi iranlı futzalçı Omid Talebi Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

 

- Başlayaq “FK.İD.Futsal”la oyundan. Cəmi bir qol vuruldu. Nəticəni necə qarşıladın?
- Əlbəttə, futzal oyununda cəmi 1 qolun vurulması nadir hallarda olur. Biz də bilirdik ki, çətin, amma maraqlı oyun olacaq. Heyətimizdə müəyyən dəyişikliklər olmuşdu, üstəlik, rəqibimiz də bizi yaxşı tanıyırdı. Həm də bu matç qış fasiləsindəki hazırlığın keyfiyyətini göstərəcəkdi. Yaxşı oyun keçirdik. İkinci yarıda bu qələbə missiyamızı davam etdirmək üçün vacibdi.

 

- Heyətdə yeni futzalçılar var. Belaruslu oyunçuların potensialı bu qədərdi, yoxsa onlar hələ uyğunlaşma dövrünü keçirirlər?
- Hər bir yeni oyunçunun düşdüyü mühitə alışması müəyyən vaxt alır. Yeni oyunçularımız güclüdürlər, ancaq bir qədər səbr etmək lazımdı.

 

- Gələnlər gedənləri aratmayacaq?
- İki oyunçumuz komandadan ayrıldı. Hamid və Seidi nəzərdə tuturam. Onlar ilk iki dövrədə bizə çox kömək etdilər. Amma fasilədə dəyişiklik edilməsinə ehtiyac yarandı. Yeni gələnlər də komandamıza kömək edəcək gücdədirlər. Bir neçə oyundan sonra onların əsl gücünü görəcəksiniz.

 

- Oyunun taleyini həll edən qolu vurdun. Özünü qəhrəman hesab edirsənmi?
- Biz komanda olaraq uğur qazandıq. Hər şeyi öz adıma çıxa bilmərəm. Qəhrəman yox, qələbədə payım oldu, daha doğru səslənər. Meydana da çıxanda məqsədimiz komandamıza kömək etməkdi.

 

- Bu qələbə ən yazın izləyici ilə xal fərqini artırsa da, lider “Araz”la fərq olduğu kimi qaldı. Necə düşünürsən, son çempionu qabaqlamaq mümkün olacaq?
- Niyə də olmasın? Onlarla öz aramızda 2 oyun keçirəcəyik. Digər komandalardan da “Araz”ı büdrədən olacaq. Futzalda bu cür fərqi aradan qaldırmaq mümkündür.

 

- Cari mövsümdə klublarımız iranlı futzalçıların xidmətindən çox istifadə edirlər. Bu axın nə ilə bağlıdır?
- İranda güclü futzalçılar var. Xüsusilə də taktiki və texniki planda seçilən oyunçular çoxdu. Bura dəvət edilən oyunçular da istəyirlər ki, özlərini yaxşı tərəfdən göstərsinlər, faydalı olsunlar, mümkün qədər Avropa klublarına yollansınlar. İndi çempionat oyunları çox maraqlı və gərgin keçir. Nəticəni əvvəlcədən bilmək, söyləmək olmur.

 

- Yüksək Liqanın səviyyəsi haqda nə deyə bilərsən?
- Rəqabət var. Komandalar asan təslim olmur, hesab arasında bəzən fərq böyük olsa da, sona qədər mübarizə aparırlar.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah