Zaur Axundov: "Fransa ilə oyuna arxayın çıxmışdılar və yekunda bunun acısını daddılar"

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov affa.az saytına müsahibə verib.
 
Newsport.az həmin müsahibəni təqdim edir:
 
- Futzal üzrə milli komandamız yanvarın 10-dan 27-dək Bakıda təlim-məşq toplanışı keçirib, yanvarın 28-dən etibarən isə hazırlığı Avropa çempionatının final mərhələsinə evsahibliyi edən Sloveniyanın Lyublyana şəhərində davam etdirir. İlk oyundan əvvəl komandada vəziyyət necədir?
 
- Əhval-ruhiyyə yaxşıdır. Məşqlər plan üzrə keçirilir. Bakıda məşqlərdə zədəli olduğuna görə, Thaqo kollektiv çalışmalarda iştirak edə bilmədi. Ancaq o, son bir həftədə komandaya qoşuldu və oyunöncəsi keçirilən məşqdə fəal iştirak etdi. Komandanın Fransa ilə oyuna tam hazır olduğunu deyə bilərəm.
 
- Baş məşqçi ilə komandayla bağlı söhbətiniz olubmu?
 
- Joze Alesio da Silva ilə hər gün söhbət edirik. O, sərəncamında olan oyunçuları çox yaxşı tanıyır. AFFA rəhbərliyi də komandanın yaxşı hazırlıq və yoldaşlıq oyunları keçirməsi üçün hər cür şərait yaratdı. Baş məşqçi bu imkandan maksimum istifadə edib və komandanı çempionata yaxşı hazırlayıb.
 
- Oyundan əvvəl sizi narahat edən məqam varmı?
 
- Rəqibin kimliyindən asılı olmayaraq, hər oyundan əvvəl narahatlıq keçirirəm. İspaniya – Fransa qarşılaşmasını izlədikdən sonra isə narahatlığım bir qədər də artıb. Fransa gözləmədiyimiz oyunu nümayiş etdirdi. Deyərdim ki, həmin oyunda İspaniya 1 xal qazandı, Fransa isə 2 xal itirdi. Artıq Avropada zəif komanda, rəqib anlayışı yoxdu. Əgər Fransa Xorvatiya kimi komandanı məğlub edib həlledici mərhələyə qatılıbsa, deməli güclü rəqibdir. Onlar İspaniya ilə oyunda bunu bir daha təsdiqlədilər.  
 
- İzlədiyiniz Fransa millisinin əsas üstünlüyü, təhlükəli cəhətləri hansılardı?
 
- Onlar meydana istəkli çıxmışdılar, sona qədər də əzmkarlıq göstərdilər. Komandadakı ruh yüksəkliyi onları oyuna yaxşı kökləmişdi. Nəticədə dünya və Avropa çempionu olan İspaniya meydanda aciz görünürdü. Təbii ki, güclü rəqiblə oyunda qazanılan 1 xal onlara əlavə ruh yüksəkliyi verib. Çalışacaqlar bizimlə qarşılaşmada da qələbə qazansınlar və özləri üçün yeni tarix yazsınlar. Ona görə də Fransa ilə oyun bizim üçün çempionatın final matçına bərabərdir.
 
- Fransanın çempionata Azərbaycan millisindən əvvəl start verməsinin müsbət və mənfi məqamları hansılardı?
 
- Onlar artıq meydana alışıblar, ilkin həyəcanı yaşayıblar, xal hesabını açıblar. Bizim üçün müsbət məqamı odur ki, oyunçularımız bir gün artıq istirahət ediblər. Ümumiyyətlə, Fransanın İspaniya kimi favorit komandadan xal alacağını heç kim gözləmirdi. Ancaq futbolda belə sürprizlər də yaşanır. Onlarla oyunda bizi ancaq qələbə qane edəcək. Heç-heçə də komandamıza sərf etmir.
 
- İspaniya – Fransa oyunundan sonra azarkeşlərdə də bir ruh düşkünlüyü yaranıb. Sanki rəqib bu nəticə ilə onları qorxudub. Oyunçularda necə, bu hiss olunurmu?
 
- İndiyə qədər heç vaxt rəqibimizdən qorxmamışıq, ancaq hörmətlə yanaşmışıq. İspaniya, İtaliya, Rusiya kimi daha güclü rəqiblərlə də qarşılaşmışıq, ancaq meydana qorxu altında çıxmamışıq, sona qədər mübarizə aparmışıq. Bəlkə də İspaniya Fransa ilə oyuna arxayın çıxmışdı və yekunda bunun acısını daddı.
 
- Hazırkı çempionat sürprizlərlə başlayıb. Arxada qalan oyunlarla bağlı nə deyə bilərsiniz?
 
- Rusiya – Polşa oyununda da sürpriz nəticə qeydə alındı. Əksər mütəxəssislər Rusiya yığmasını favorit görürdü və onların asan qələbə qazanacağını düşünürdü. Ancaq Polşa sona 9 saniyə qalmış hesabı bərabərləşdirdi. Sürprizlər qeydə alınmağa başlayıb, amma indi bizi yalnız Fransa ilə oyun düşündürür. Heç-heçə bizim üçün məğlubiyyətə bərabərdir. Ancaq qələbə qazanacağımız təqdirdə komandadan razı qala bilərəm.
 
- Qarşıya qoyulan məqsəd dəyişməyib?
 
- Qətiyyən. Minimum tapşırıq növbəti mərhələyə yüksəlməkdir. Bunun üçün də Fransa ilə oyunda qələbə qazanmalıyıq.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right