"Minimum tapşırıq qrupdan növbəti mərhələyə yüksəlməkdi" Millinin futbolçusu

Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi bu gün Sloveniyaya yola düşüb. Səfəröncəsi yığmamızın təcrübəli oyunçusu Vitali Borisov AFF-nın rəsmi saytına müsahibə verib.

 

Newsport.az sizə müsahibəni təqdim edir:

 

- Bakıdakı hazırlıq dövrünü necə dəyərləndirirsən?

- Komandanın yaxşı hazırlıq keçməsi üçün hər cür şərait yaradılmışdı. Düzdü, 3 oyunçu, o cümlədən mən bir qədər gec qoşulduq. Daha doğrusu, dəvət edildiyimiz vaxtda millinin düşərgəsinə gəldik. Müəyyən problemlərimiz oldu. Zədə səbəbindən Thaqo məşqlərdə iştirak edə bilmədi, o, fərdi hazırlıq keçdi. Toplanış çərçivəsind 2 yoldaşlıq oyunu keçirdik. Bizim üçün vacib qarşılaşmalar oldu. Səhvlərimizi gördük. İran kimi komanda hansı mövqedə axsadığımızı ortaya çıxardı. Oyundan sonrakı 2-3 gün ərzində həmin səhvlər üzərində işlədik.

 

- İki fərqli oyun alındı. Bu qədər fərqin yaranmasına səbəb nə idi?

- Səbəblər müxtəlifdi. İkinci oyunda yorğun olduq, üstəlik birinci qarşılaşmada iştirak edən Vassoura bu dəfə meydana çıxmamışdı. Bundan başqa, müxtəlif taktiki variantları sınamağa çalışdıq. İran millisi Bakıya əsas heyətlə gəlmişdi. Təbii ki, belə güclü sparrinqlə qarşılaşmanın ancaq müsbət təsiri ola bilər.

 

- Baş məşqçi əsasən müdafiədə səhvlərə yol verdiyinizi və bir neçə oyunçunun, o cümlədən sənin tam hazır olmadığını qabartdı...

- Alesionun taktiki baxımdan istədiklərini vermək mənə görə çətin deyildi. Çünki çox dəyişiklik olmayıb. Əsas problemim fiziki hazırlıqla bağlı idi. Serbiya çempionatı bir aya yaxın idi başa çatmışdı. Taktiki yox, fiziki baxımdan bir qədər axsama var. Qollara gəldikdə, 2 qolu standart vəziyyətdən buraxdıq. Digərlərini isə müdafiədə etməməli olduğumuz səhvlərdən sonra qapımızda gördük.

 

- İranla Fransanın oyun üslubunun oxşar olduğu deyilir. İrana qarşı hansı oyunu nümayiş etdirsəniz, qələbə qazanmaq mümkün olacaq?

- Birinci oyundakı oyunu nümayiş etdirə bilsək, uğurlu nəticə qazanacağıq. Deməzdim, İranla Fransanın oyun üslubu eynidi. İran Fransadan ən azı 3 dəfə güclü komandadı. Təsadüfi deyil ki, dünyada 4-cü yerdə qərarlaşıblar. Fransanı tam analiz etməmişik. Ancaq inanmıram ki, İrandakı kimi Fransada 12 futzalçıdan 10-u eyni gücdə, səviyyədə olsun. Ola bilsin, 2-3 seçilən futzalçısı var.

 

- Fransanın əsas təhlükəli tərəfi nədi?

- Fiziki və atletik baxımdan güclüdürlər. Taktiki planda güclü olmasalar da, seçidikləri oyun üslubuna sona qədər sadiq qalırlar. Fiziki üstünlüklərindən sona qədər yararlanmaq istəyirlər. Zəif rəqib deyillər. Avropa çempionatında zəif komanda olmur.

 

- Millimiz artıq bir imic formalaşdırıb. Beşinci dəfə iştirak edəcəyimiz yarışda bu imici qorumaq mümkün olacaqmı?

- Minimum tapşırıq qrupdan növbəti mərhələyə yüksəlməkdi. İndi yaxşı komandamız var. Dünya çempionatında iştirak edən heyət qorunub. Şansımız var ki, yarımfinala qədər yüksələk. Sloveniyaya bunun üçün gedirik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right