"Heyətə baxanda göz yaşlarımı saxlaya bilmədim" (LAYİHƏ)

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar" layihəsi çərçivəsində on ikinci yazısı

Onu Azərbaycan futzalının əfsanəvi oyunçularından biri hesab edirlər. Parket üzərində yaratdığı xarüqələr haqqında çox şey danışılır. Bu yazıda futzalımızın “Babaş”ını tanıyacağıq. Baba Əsgərov söhbətə uşaqlıq illərini xatırlamaqla başladı:”Futbola gec gəlmişəm. 13 yaşım vardı, Sumqayıtda yaşayırdıq. Həyətdə top qovduğum uşaqlar məni özləri ilə futbola apardı. Gizlincə, 3 aya yaxın evdən mənim futbola getdiyimdən heç kimin xəbəri olmadı. Valideynlərim icazə vermirdi. İlk məşqçim Arif Əliyev olub. Cavan mütəxəssis idi. Yalnız turnirə getməyimizə az qala, Arif müəllim evə gəldi. Hətta həmin vaxt bir balaca yalan danışmağa da məcbur oldu. Dedi ki, sizin oğlunuzu küçədə görmüşəm, oyununu bəyənmişəm, istəyirəm Leninqrada yarışa aparım. Bizim məşq etdiyimiz komanda Bakıda Kazbek Tuayevin rəhbərlik etdiyi futbol məktəbinin Sumqayıt filialı idi. Təbii ki, o vaxta qədər məni küçələrdən yığmaq olmurdu. Səhərdən-axşama futbol oynayırdım”.

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi 3 ay məşqlərə qatılmasına baxmayaraq, Arif Əliyev tərəfindən Leninqradda baş tutan turnirə aparılan Əsgərov, Neva sahillərdə adından söz etdirə bilib:”Ora yollanmazdan öncə çox həyəcanlı idim. Meydana çıxanda isə hər şey arxada qaldı. Axırda isə turnirin ən yaxşı futbolçusu ünvanını qazandım. Səfərdən qayıtdıqdan sonra Arif müəllim məni təkidlə Bakıya göndərdi. Həmin ərəfədə Tahir Əmiraslanovun rəhbərlik etdiyi 16 yaşlılardan ibarət yığmamız təlim-məşq toplanışında idi. Getdim Bakıya. Baş məşqçiyə yaxınlaşıb, məni Sumqayıtdan Arif müəllimin göndərdiyini söylədim. Məşqlərdə iştirak etməyimə etiraz etmədi. Mən isə öz növbəmdə baxışdan keçərək, yığmaya düşdüm. Yığmanın tərkibində bir çox turnirdə iştirak etdim. Sonra Vyaçeslav Semiqlazov məni idman məktəbimizin Bakıda olan əsas komandasına dəvət etdi. İki il ərzində Bakı birinciliyində Semiqlazovun rəhbərliyi altında çıxış etdim. Bu müddət ərzində iki dəfə çempion olduq. Və iki mövsümdə də “ən yaxşı oyunçu” adına layiq görüldüm”.

Bütün bu uğurlardan sonra istedadlı yeniyetmə futbolçu peşəkar klubların diqqətini çəkməyə başlayır. Onlardan biri Sumqayıtın “Xəzər” klubu olur:”Mənim heç 16 yaşım tamam olmamışdı, “Xəzər”in baş məşqçisi Sabir Əliyev məni komandanın heyətində görmək istədiyini bildirdi. Tərəddüd etmədən razılaşdım. İlk dəfə peşəkar karyerama orda başladım. Hətta yaşımın az olmasına baxmayaraq, SSRİ çempionatının ikinci divizionunda çıxış edən Sumqayıt təmsilçisinin heyətində bir neçə matçda meydana çıxdım. Klubla yanaşı, aşağı yaş qrupları üzrə yığmalara da daim dəvət alırdım. Və bir dəfə “Nadejda” turnirindəki çıxışımdan sonra məni 16 yaşlılardan ibarət SSRİ yığmasına dəvət etdilər”.

Ölkənin 17 yaşlılardan ibarət əsas yığmasına çağırılan Babanın həmin dönəm başına gələn hadisəyə görə keçirdiyi psixoloji sarsıntı, onun sonrakı karyerasında dərin iz buraxıb:”SSRİ yığmasının baş məşqçisi olan Viktor Papayev məni yığmada görmək istəyirdi. Komanda Leninqradda ənənəvi olaraq keçirilən Qranatkin turnirinə hazırlaşırdı. Ancaq təəsüfflər olsun ki, mənə yığmada çıxış etmək qismət olmadı. Futbol həyatımda olan bütün problemlər məhz bundan sonra başladı. Yığmanın təlim-məşq toplanışı Moskvada keçirilirid. Ora Azərbaycandan iki nəfər – Dmitri Kramarenko və mən dəvət olunmuşdum. SSRİ Futbol Federasiyası Azərbaycan futbol komitəsinin rəhbəri olan Rauf Adıgözəlovun adına dəvətlə bağlı məktub ünvanlamışdı. Ancaq həmin vaxt ömrüm boyu unuda bilməyəcəyim hadisə yaşandı. Rauf Adıgözəlov mənim yerimə atası “Neftçi”də çalışan bir nəfərin övladını(adını söyləmək istəmədi – red.) və Kramarenkonu Moskvaya yolladı. Çünki onun atası ilə yaxın dost idi. Elə ilk məşqdən sonra həmin futbolçunu geri göndərmişdilər. Mən həmin hadisəni hər gün xatırlayıram. Fəhlə balası idim, kim idi məni ora aparan? Onda anladım ki, valideynlərim futbolla məşğul olmağımı niyə istəməyiblər. Toplanış başlayandan bir neçə gün sonra qəzetdə heyətə baxarkən, göz yaşlarımı saxlaya bilmədim. Rəhmətlik atam yığmaya getməzdən əvvəl mənə deyirdi ki, səni formada görməsəm, inanmayacam ki, yığmada oynayırsan. Onun dediyi kimi oldu, SSRİ formasını daşımaq mənə nəsib olmadı. Həmin hadisədən sonra futboldan uzaqlaşdım. Bir ilə yaxın yaşıl meydançaya ayaq basmadım. Çox ağır idi”.

 

 

 

 

 

 

 

 

 

 

Daxilində olan futbol sevgisini “boğa bilməyən” "usta sol ayaq" belə haqsızlıqlarla mübarizə aparmaq qərarına gəlir:”Sözümü meydanda demək istəyirdim. Bilirdim ki, çətin olacaq. Həmin ərəfədə Nadir Qasımov komanda yaradırdı, vaxtilə mənimlə birgə oynayan uşaqlar onlara qoşulmağımı istədilər. Komandanın adı “Azəri” idi. Meydançaya çıxanda futbol üçün çox darıxdığımı hiss etdim. İlk məşqdən sonra məni heyətə götürdü. Böyük futbolla isə “Dinamo” Bakıda vidalaşdım. Orda haqsızlıqla üzləşdim. Komandanı çalışdıran məşqçiyə dedim ki, sənə görə futbolu atıram. Artıq 1998-ci ildə futzalla ciddi olaraq məşğul olmağa başladım”.

“Dinamo”nın Azərbaycan çempionatında ilk qolunun müəllifi olan Baba Əsgərov(“Turan”la səfər matçı – red.) 1995-ci ildə futzal yığmamızın heyətinə cəlb olunduğu zaman parket üzərində aldığı zövqü unuda bilmir:”İlk dəfə yığma ilə səfərə gedəndə 21 yaşım vardı. Heyətdə çoxlu tanınmış futzalçı vardı. Ən gənc mən idim. Aradan 3 il keçməsinə baxmayaraq, zala qayıtdıqda gördüm ki, hələ də oynaya bilirəm(gülür). “Dinamo”dan getdikdən sonra “Anqloyl” futzal klubu ilə müqavilə bağladım. Komandanı Mahir Məmmədov(“SOCAR Petrolium Georgia” şirkətinin rəhbəri – red.) himayəsinə götürmüşdü. Yaxşı kollektiv toplanmışdı. Vitali Borisov, Rəcəb Fərəczadə, Zaur Ramazanov kimi oyunçular həmin heyətdə yer alırdı. Bir dəfə Mahir müəllim bütün komandanı bir araya topladı, maliyyə çətinliyi olduğunu bildirdi. Etiraf edim ki, ona qədər kluba çox yaxşı baxırdı, hamının problemi ilə maraqlanırdı. Toplantı zamanı bütün futzalçıların istədikləri komandaya keçə biləcəyini açıqladı. Mahir müəllim getdikdən sonra mən və Məmmədqulu Zeynalov uşaqları bir yerə yığdıq. Hamı ilə söhbət etdik, danışdıq ki, maliyyə şərtlərinə baxmayaraq, heç kim komandanı tərk etməsin. Düzdür, elə mənim özümə də, digər oyunçulara da yaxşı dəvətlər var idi. Bizim qərarımız isə dəyişməz olaraq qaldı. Tezliklə, Mahir müəllimlə görüşdük və qərarımızı açıqladıq. Həmin an onun gözləri yaşardı. Və beləcə bir il “Anqloyl”la çempionatda iştitak etdik, sonda üçüncü olduq. Mövsümboyu məğlub olmadıq, sadəcə, heç-heçələrimiz çox olduğu üçün sonra bürünc medalla kifayətləndik. Gözəl mövsüm oldu. Çempionat bitəndə isə komanda şəklində “Tribut”a keçdik. Sonra “Araz”a dəvət edildim. 2005-ci ildə isə futzal karyeramı başa vurdum, zədəli idim, meydana çıxanda ağrılar hiss edirdim. Davam etməməyə qərar verdim”.

 

 

 

 

 

 

 

 

 

 

 

Gərgin keçən çempionatda, xeyli sayda tanınmış futzalçılarla birlikdə top qovan sumqayıtlı oyunçu “Babaş” ləqibinin yenə yarandığından və ən sevdiyi hərəkətin nədən ibarət olduğunu da söylədi:”Məni elə uşaqlıqdan “Babaş” deyə çağırırdılar. Rəqibin ötürməsini “oxuyub”, onun qarşısını kəsərək, topa sahib olmağı və qol epizodu yaradacaq birinci pası verməkdən həzz alırdım. Dəfələrlə bu hərəkəti etdikdən sonra zalda alqışlarla qarşılayıblar”.

Zəngin karyerası boyu bir çox tarixi matçlarda iştirak edən Baba bəyin “arxaya boylandıqda” unutmadığı məqamlar da az deyil:”Milli forma ilə Polşaya qarşı keçirdiyim ilk görüş daim yadımdadır. Həmin qarşılaşmada qələbə qazandıq. 1998-ci ildə Belçikaya qarşı oyunda isə sona 12 saniyə qala top buraxdıq və Dünya Çempionatına vəsiqə qazana bilmədik. O dəqiqələr yenə “gözümün qabağındadır. O dövrdə çox yaxşı futzalçılarımız vardı. Ancaq Mahir Eyniyev bir başqa oyunçu idi. O, həm qol vururdu, həm oyun qururdu. Mahir ömrünü futzala həsr etmişdi, biz böyük futboldan gəlmişdik, o isə uşaq yaşlarından zalda çıxış etmişdi. O, futzala bağlı idi”.

 

 

 

 

 

 

 

 

 

 

 

İndiki dövrdən fərqli olaraq, o zaman futzalçıları Bakı küçələrində hamı tanıyırmış:”Biz Əl Oyunları Sarayına gedəndə yolda çox adam yaxınlaşırdı, maraqlanırdı, həl-əhval tuturdu. Bir sözlə şəhərdə bizi tanıyırdılar. Futzalda qazandığım zövqlə yanaşı, aldığımız zədələr də mənimlə “addımlayır”. İndi futzal əvvəlki illərə nisbətən çox zəifdir. Futzal məktəblərinin yoxluğu bu işə ciddi mənfi təsir edir. Bu istiqamətdə ciddi addımlar atmaq lazımdır. Futzal bizim təbiətimizə uyğun idman növüdür. Biz futzalda böyük uğurlar qazana bilərik”.

Qeyd edək ki, Baba Əsgərov karyerasını bitirdiksən sonra məşqçi kimi çalışmağa başlayıb. Məşqçilik fəaliyyətinə 2003-cü ildən (2010-cu ilə qədər) Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində olan  İOEUGİ Məktəbində futbol üzrə məşqçi-müəllim olaraq başlamışdır. 2006-2007-ci illərdə Futzal üzrə Milli yığma komandanın məşqçisi, 2008-2009-cu illərdə 17 yaşadək oğlanlardan ibarət milli yığma komandanın məşqçisi, 2010-2011-ci illərdə Sumqayıt şəhər klubunun baş məşqçisi funksiyasını yerinə yetirmişdir. 2006-cı ildə “C” kateqoriyalı, 2008-ci ildə “B” kateqoriyalı, 2010-cu ildə isə “A” kateqoriyalı məşqçi lisenziyasına yiyələnmişdir. 2013-cü ildə “A” kateqoriyalı məşqçi kurslarına qatılaraq təkrarən “A” kateqoriyalı məşqçi lisenziyası almışdır. Bir müddət əvvəl U-17 yığmasında köməkçi-məşqçi kimi çalışan Əsgərovun müqaviləsinə xitam verilib.  

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right