Rüfət Hüseynov:"Təcrübənin hesabına oynayıram" Müsahibə

Dövrünün güclüləri sırasında yer alan, amma sonradan bir müddət kənara çəkilən Rüfət Hüseynovu bu dəfə Birinci Liqada yaxaladıq. Sevgisindəndir ki, bu yaşda və artıq çəkisi olmasına rəğmən parketdə top qovmaqdan doymur. “Yasamal-2” – “Hell Energy” oyununda komandasının yeganə qoluna imza atsa da, artıq aktivində 7 qol var. Təbii ki, təcrübəli oyunçu ilə söhbətləşmək imkanını qaçırmadıq, onu bir neçə dəqiqəlik də olsa, AFF-nın tribunasına dəvət etdik.

 

- Yaş üstə yaş gəlsə də, artıq çəkin olsa da, oynamaqdan yorulmursan...

- Necə doyum? “Yasamal-2”yə yeni qoşulmuşam. Mən gələndən sonra keçirdiyimiz 3 oyundan birində qələbə qazanmışıq, qalan 2 matçı uduzmuşuq. Rəqiblərimiz təcrübəli, oturuşmuş komandalardı. Hətta bir az da güclərinə güc qatıblar və Birinci Liqanın mükafatlarına favorit komandalardı. “Hell Energy” ilə oyunda 1:6 hesablı yenilgi bir az böyük oldu. Razıyam, uduzacağdıq, ancaq bu hesabla yox.

 

- Birinci Liqada mənzərə necədir?

- 9-10 komandanı fərqləndirərdim ki, onlardan 3-ü favoritlər sırasında yer alıb. Qalan 6-7 komanda eyni gücdədir. Biz də şansımızı itirməmişik. Çünki indiyə qədər əsasən güclülərlə üz-üzə gəlmişik, orta və aşağı sıralarda yer alan komandalarla bundan sonra qarşılaşacağıq. Məqsədimiz bu mərhələni “8-lik”də başa vurmaq və play-off oyunlarının iştirakçısı olmaqdır. Komandaya ikinci dövrədə gənc futzalçıları dəvət edəcəyəm. İstəyirəm, “Yasamal”ın əsas komandası üçün ehtiyat baza yaradaq və gənclər püxtələşdikdən sonra Yüksək Liqadakı əsas komandamıza yollansınlar. Bu gün “Yasamal”ın əsas komandasında İrandan dəvət edilən futzalçılar yer alıb və onların sayı çoxdur. Klub olaraq istəyirik ki, əsas millidə bizim də yetirməmiz yer alsın. Ona görə axtarışlarımız davam edir. İkinci dövrədən fərqli “Yasamal-2” görəcəksiniz.

 

- Birinci Liqada diqqətini cəlb edən, perspektiv vəd edən futzalçı varmı?

- Var, amma ad çəkməyəcəm. Təkcə Birinci yox, İkinci Liqanı da izləyirəm və diqqətimi cəlb edən oyunçu görmüşəm. MFL-in oyunlarını da mütəmadi diqqətdə saxlayıram. Oradan da 1-2 oyunçu dəvət edəcəyəm. Onların 23-24 yaşı var, MFL-ə getsələr də, yerləri parketdir. MFL onlar üçün hələ tezdir.

 

- Həm oynayırsan, həm də izlədiyim qədər ikinci komandada baş məşqçi funksiyasını yerinə yetirirsən.

- Komandanın rəhbəri Orxan Allahverdiyevdir və məni o, dəvət edib. Yüksək Liqada çıxış edən komandamıza da məsləhətçi kimi kömək edirəm. Yenə deyirəm, məqsədimiz milli komandaya oyunçu qazandırmaqdır.

 

- Bu yaşda oynamaq çətin deyil?

- Təcrübənin hesabına oynayıram. Artıq çəkim var, amma hücumda yer almaqla komandama köməyim dəyir. Korpusla işimi görürəm.

 

- Ustalıq qalıb yerində..

- Ustalıq heç vaxt itmir. Ola bilər sürət, fiziki hazırlıq qaydasında olmasın, amma ustalıq heç vaxt “ölmür”.

 

- Bəs gənclər bu ustalıqdan qablarına nəsə qoya bilirlər? 

- Hazırkı komandamızda yer alanlar tərbiyələri, davranışları ilə rəğbətimi qazanıblar. Əksəriyyəti məhəllə futbolundan gəlib, müəyyən vərdişləri, hərəkətləri bilmirlər. Ona görə də çalışırlar ki, öyrənsinlər, futzalı düzgün oynasınlar. Bizim işimiz də bildiklərimizi onlarla bölüşmək, nəyişə öyrətməkdir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right