"Neftçi" 3 xalı 6 qolla qazandı

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib. 

Newsport.az xəbər verir ki, CBC Sport televiziya kanalı ilə canlı yayımlanan oyunda lider “Araz” əsas rəqiblərindən olan EKOL-la qarşılaşıb. Nominal qonaqlar oyuna tam heyətlə çıxdığı halda, “Araz” zədəli Xətai Bağırov və cəzalı İsa Atayevin xidmətindən istifadə edə bilmirdi. Əvəzində zədəsini sağaldan Kardosa Evorton “Qalo” komandasına kömək etmək imkanı qazandı. Yeri gəlmişkən, bu komandaların birinci dövrədəki duelini “Araz” çətinliklə qazanmışdı - 2:1.

Əvvəlcədən də gözlənildiyi kimi, EKOL daha çox müdafiədən oynayıb, əks-hücumlarda “Araz”ı cəzalandırmaq istəyirdi. Qapıya ilk təhlükəli zərbəni də elə “Araz”dan Thaqo endirdi, amma Kürdov millidəki komanda yoldaşının sevinməsinə imkan vermədi. Thaqonun növbəti zərbəsi zamanı Qabriel topun istiqamətini dəyişsə də, “çərçivə”yə düşə bilmədi. Thaqonun üçüncü cəhdində də Kürdov qapısını toxunulmaz saxladı. Düzdü, ara-sıra EKOL hücuma keçməyə cəhd göstərirdi, amma bu yürüş təhlükəli alınmırdı. Hərçənd bir epizodda Rövşən vaxtında qapısını tərk edib topu uzaqlaşdırmaqla Fəridin təkbətək çıxmaq şansını əlindən aldı. Amma Ələkbərov 7-ci dəqiqədə Rövşənin sayıqlığını yoxlamaq imkanı qazandı. Rizvanın cavab həmləsi isə qeyri-dəqiq alındı, top qapıdan aralı keçdi. Dəqiqələr irəlilədikcə, “Araz”ın təhlükəli vəziyyət yaratmaq istəyi də reallaşmır. Bir epizodda Qabriel sol cinahdan zərbə endirməklə qapı torunu yandan silkələdi. Ardınca sürətli hücumda Eduardo Thaqonu qapıçı ilə üzbəüz qoysa da, sonuncunun zərbəsini Emin dəf edə bildi. Kürdov hissənin başa çatmasına 6 dəqiqə qalmış yenə “Araz”ın əsas qol ümidinin zərbəsini kornerə çıxardı. Alesio dönüş yaratmaq üçün time-out hüququndan istifadə etdi. Düzdü, geri döndükdən sonra “Araz”ın bir epizodda bəxti gətirmədi. Eduardonun zərbəsi rəqibə dəyib dirəyə tuş gəldi. Hissənin sonuna yaxın Maykon hesabı açmağa yaxın olsa da, Emin komandasını qoldan xilas etdi. Amma hissənin son dəqiqəsində Kürdov braziliyalının sükutu pozmasına mane ola bilmədi və lider fasiləyə hesabda üstün yollandı.

İkinci hissədə də ssenari dəyişmədi. Yenə “Araz” hücum edən tərəf idisə, EKOL müdafiədə səhvsiz oynamağa çalışırdı. Amma bir məqam oldu ki, əvvəlcə Samir, ardınca Namiq rəqib qapısını təzyiqdə saxladı. Maykonun cavab zərbəsindən sonra isə Emin topu meydandan çıxarmağı bacardı. Bununla belə, son çempion ikinci qolu vurmağa nail oldu. Maykonun qapıya paralel ötürməsini Eduardo boş qapıdan keçirdi. Hücumun məhsuldar alınmasında Rizvanın da əməyi böyük oldu. Sakitləşmək bilməyən “Araz”da kapitan özü bir epizodda yaxın məsafədən toru silkələyə bilmədi. 30-cu dəqiqədə EKOL fərqi minimuma endirə bilərdi. Bunun üçün Ələkbərovun dirəyin dibinə asmasını Namiqin qapıdan keçirməsi gərəkirdi ki, təcrübəli futbolçu qeyri-dəqiq oynamaqla şansını qaçırdı. Radikin müdafiədən topu çıxararkən etdiyi səhvi isə Emin düzəltdi. Ümumiyyətlə bu cür səhv bir dəfə də təkrar oldu, amma Karvalhonun topa bacarıqsız şəkildə toxunması tabloda rəqəmlərin dəyişməməsi ilə yekunlaşdı. EKOL bu dəfə standart vəziyyətdən fərqləndi. Fərid Atakişiyev fərqi ninimuma endirməklə sanki rəqibin üstünlüyünə də son qoydu. Hətta Atakişiyev hesabı bərabərləşdirməyə yaxın oldu, amma Rövşəni keçə bilmədiyindən hesab dəyişmədi. Beləliklə birinci dövrədəki hesab bu dəfə də təkrarlandı.
Turun ikinci oyununda “Neftçi” cütün favoriti hesab edilsə də, “Yasamal” indiyə qədər əzmkarlığı ilə seçilib. Sadiq Cavid ötən oyunda qırmızı vərəqə aldığına, Tural Qurbanov isə sarı vərəqə limitini doldurduğuna görə komandasını yalqız buraxmışdı. Hakimin start fitindən sonra oyuna diktə edən tərəf nominal qonaqlar oldu və Rüfət erkən qolla hesabı açdı. Xoşbəxtliyi əks-hücumlarda axtaran “Yasamal” qoldan sonra oyunu bərabərləşdirdi. Hətta onlar rəqibi 5 foulluq limiti erkən doldurmağa məcbur edə bildi, üstəlik oyunu da bərabərləşdirməyə nail oldu. İlk 10 dəqiqənin tamamında Omid hədəfdən yayınsa da, bir qədər sonra Mortoza hesabda status-kvonu bərpa etdi. Cahandost 13-cü dəqiqədə 10 metrlik cərimə zərbəsini də dəqiq yerinə yetirməklə həm dubl etdi, həm də komandasını hesabda önə keçirdi. Kapitan da borclu qalamdı. Bu dəfə Balakişiyev cərimə zərbəsini birbaşa qapıya istiqamətləndirməklə tablodakı ikiləri cütləşdirdi. Hissənin başa çatmasına 2 dəqiqə qalmış Cahandost het-trik etmək imkanını boşa verdi. Belə ki, o, 10 metrlik zərbəni bu dəfə dirəyin yanından çölə vurdu.

Fasilədən sonra hesabı dəyişmək üçün hər iki komandanın cəhdləri olsa da, “Yasamal” bu göstəricidə rəqibini üstələyirdi. Omid, Mortoza tablodakı ikilərdən birini dəyişmək üçün real epizodları qaçırdı. Əvəzində Rüfət Balakişiyev het-trikini rəsmiləşdirməklə hesabı komandasının xeyrinə dəyişdi. Bu azmış kimi, 34-cü dəqiqədə “Yasamal”dan Şahsuvari ikinci sarı-qırmızı vərəqə alaraq komandasını 2 dəqiqə azlıqda mübarizə aparmağa məcbur etdi. “Neftçi” say üstünlüyündən son saniyədə - futzalçı meydana daxil olan anda istifadə edə bildi. Balakişiyevin zərbəsi “doqquzluq”a daxil oldu ki, bununla da kapitan pokerini rəsmiləşdirdi. Bundan sonra xeyli rahatlaşan “Neftçi” son 1 dəqiqə ərzində 2 qol vurmaqla növbəti qələbəsini rəsmiləşdirdi.

Turun son oyunu çempionata gəlişi ilə rəng qatan debütantlar arasında keçirildi. Matça fəal başlayan “Marafon Futsal” qapıçının səhvindən hesabı aça bilərdi. Ümidin uzaqlaşdırmaq istədiyi top Seymura dəysə də, dirəyin dibindən keçdi. Nihadın qarşılıq verdiyi epizod zamanı qapıçı inamlı çıxış etdisə, Omidin fərqlənməsinə də Ümid imkan vermədi. Künc nöqtəsindən havalandırılan topa qayçı zərbəsi endirən Nihadın məqsədinə nail olmasına bir neçə santimetrlik dəqiqlik çatmadı. Qarşılıqlı hücumlar 15-ci dəqiqədə bəhrəsini verdi. Seymur Məmmədov qol vurmaqla “Marafon Futsal”ı hesabda önə keçirdi. “FK.İD.Futsal”ın cavabı da gecikmədi. Elşən İbrahimxəlilov sağ cinahdan “çərçivə”ni dəqiq nişan almaqla tablodakı birləri qoşalaşdırdı.

İkinci hissə də qolla başladı. Seymur Məmmədov kornerdən birbaşa qapını nişan almaqla həm baxımlı qola imza atdı, həm də dublnu rəsmiləşdirdi. Nominal qonaqların iki futzalçısının bir-birini başa düşməməsi 3-cü qolun vurulması üçün şərait yaratsa da, Renat adını tabloya yazdıra bilmədi. Amma cəmi 1 dəqiqə sonra kapitan “günahı”nı yudu və mövsümdə 10-cu qolunu vurdu. O, bir qədər sonra Seymurun ideal ötürməsini Ümidin “qalası”ndan keçirməyi bacarmadı. Oyunda dönüş yaratmaq üçün “FK.İD.Futsal” oyunda dönüş yaratmaq üçün qapıçını meydan oyunçusu ilə əvəzlədi. Bu isə “Marafon Futsal”ın 4-cü qolu vurmasına şərait yaratdı. Belə ki, standrat vəziyyət zamanı topu ələ keçirən Seymur boş qapını nişan almaqla het-trikə imza atmış oldu. Qalan dəqiqələrdə “Marafon Futsal” boş qapını niaşn almaqla böyükhesablı qələbəni təmin etdi.

Futzal, Azərbaycan çempionatı
8-ci tur
20 noyabr

“Araz” – EKOL 2:1
Qollar: M. da Silva, 18:53, E. Borges, 25:34 // F. Atakişiyev, 36:40
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov

“Yasamal” FK – “Neftçi” İK 2:6
Qollar: M. Cahandost, 11:52, 13 (10 metrlik) // R. Balakişiyev, 3, 15:04, 30:13, 35:40, D. Xolerdi, 38:37, T. İsmayılov, 39:15
Qırmızı vərəqə: M. Şahsavari, 33:40
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.

“Marafon Futsal” – “FK İD Futsal” 6:1
Qollar: S. Məmmədov, 14:50, 23, 32:23, 17:39, R. Soltanov, 17:24, 25:39 // E. İbrahimxəlilov, 16:08
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov.

Araz – 19, Marafon Futsal – 15, Neftçi İK – 13, EKOL – 12, FK İD Futsal – 7, Yasamal – 3, Xəmsə - 1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right