İsa Atayev: “Əvvəlki illərdə oyunlara həvəssiz gəlirdik”

Ötən turda “Marafon Futsal”la qarşılaşan və çətinliklə qələbə qazanan “Araz” turnir cədvəlində də liderliyə yüksəlib. Amma qələbə son çempiona asan başa gəlməyib. Əsas oyunçularından Eduardonu itirən “Araz” baş məşqçisinin də texniki zonadan qovulmasına mane ola bilməyib. Oyundan sonra komandanın üzvlərindən İsa Atayevlə söhbətləşdik. 

- Təcrübəli “Araz”ın debütant qarşısında bu qədər əziyyət çəkməsi nədən irəli gəlirdi?
- Çox çətin oyun oldu. Onlar lider idilər və mövqelərini qorumaq istəyirdilər. Biz də qələbə qazanmaq, layiq olduğumuz pilləyə yüksəlmək istəyirdik. İnsan nəyisə çox istəyəndə onu əldə etmək çətin olur. 

- Hesabı rəqib açdıqdan sonra bir qədər əsəblər gərildi..
- Oyunumuz alınmırdı. Deyəsən, “qara zolaq”dayıq. İstədiyimizi edə bilmirik, alınmr. 

- Bəlkə oyununuza UEFA Kubokundakı uğursuzluq təsir edir?
- Ola bilsin, oradakı uğursuzluğun fəsadları qalmaqdadır. Çünki mərhələ adlaya bilmədikdən sonra günahı biri digərinin üstünə atdı. Müəyyən gərginlik var idi. Bu da bir müddətdən sonra keçəcək. 

- Oyunun gərginliyini göstərilən vərəqələrdən də sezmək mümkündür.
- Baş məşqçimizi də texniki zonadan kənarlaşdırdılar. Eduardonun da qırmızı vərəqə alması yaxşı olmadı. Çünki növbəti turda əzəli rəqibimiz olan “Neftçi” ilə qarşılaşacağıq. Təsiri mütləq hiss olunacaq. 

- “Araz”ın oyunundakı bu eniş millinin Avropa çempionatındakı çıxışına təsir edə bilərmi?
- Millidəki ab-hava başqadır. Həm də yanvara qədər çox dəyişiklik ola bilər. Bəlkə mən də heç yığmaya dəvət edilmədim. İstənilən halda Sloveniyada Azərbaycanı layiqincə təmsil edəcəyik. Çətin qrupda yer alsaq da, irəli addım atacağımıza ümid edirəm.

- Yüksək Liqanın debütantları necə, çempionata yeni nəfəs gətirə biliblərmi? 
- Çox rəng qatıblar. “Marafon Futsal” bu gün liderlik uğrunda yarışır. “Yasamal” da heyətini gücləndirib. Oyunlar asan keçmir. Əvvəlki illərdə oyunlara həvəssiz gəlirdik. Ancaq “Neftçi” və EKOL-la oyunlarda müəyyən qədər gərginlik hiss edirdik. Amma indi oyunlara yanaşmamız dəyişib. Hansısa qarşılaşmanı asan udacağımızı düşünmürük. “Marafon Futsal”la oyun bunu bir daha sübut etdi. Həm də UEFA kubokundakı uğursuzluqdan sonra çempionatı yenidən yüksək yerdə başa vurmaq istəyirik. Heç olmasa uğursuzluğumuzu bu yolla sığortalayaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right