"Biz də öz istəyimizdən əl çəkən deyilik" Müsahibə

Futzal üzrə Azərbaycan Yüksək Liqasının 5-ci turunda  “Xəmsə” aktivinə ilk xalını yazmağı bacardı.

 

Newsport.az xəbər verir ki, autsayder arxada qalan 3 oyunda rəqibləri ilə bərabər mübarizə aparsa da, sonda meydanı xalsız tərk edirdi. Nəhayət, “Xəmsə” “FK İD Futsal”la matçda hesabda geri olmasına baxmayaraq, dönüş edə bildi və aktivindəki sıfırı birlə əvəzlədi. Oyundan sonra komandasının yaxşılarından olan Qüdrət İsmayılov Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib:

 

- Başlayaq “FK İD Futsal”la oyundan. Hesabda geri düşsəniz də, “come back” etdiniz. Amma buna qədər fərqlənmək şanslarınız oldu. Bu qədər imkandan niyə istifadə edə bilmirsiz?
- Komandada problemlər çoxdu. Vaxtında məşqlər edə bilmirik, heyət oyunçularımız azdı, komandanın sponsoru yoxdu. Çalışırıq ki, çatışmazlıqları büruzə verməyək, oyun zamanı yaxşı nəticə qazanmaq üçün səfərbər olaq.

 

- “Neftçi” İK ilə oyunda fasiləyə 2 top fərqi ilə üstünn yollansanız da, ikinci hissədə ardıcıl qollar buraxdınız və yekunda məğlub oldunuz. Sanki komandanın oyun intizamı tez-tez pozulur. Niyə?
- Məşqlər etmirik, şəraitimiz yoxdu. Oyunları da adətən 5 nəfərlə keçiririk. Buna görə də ikinci hissədə yoruluruq, sona qədər oynaya bilmirik. Ehtiyatda gənc oyunçumuz var, onu zədələnən olanda məcburiyyətdən meydana buraxırıq. Qalan vaxt eyni heyətlə sona qədər mübarizə aparırıq. Qol şanslarımız da az olmur.

 

- Bəs bu qədər çətin vəziyyətdə çempionata qatılmağınız nədən irəli gəlir?
- Görürsünüz ki, heyətimizdə yer alan uşaqların hamısı oynamağı bacarırlar. Mehdiabad uşaqlarıyıq, kənardan heç kimi dəvət etməmişik. İstəyimizə qalib gələ bilmirik. Sadəcə, şəraitimiz bir qədər yaxşılaşsa, kimsə cüzi kömək etsə, biz də yaxşı nəticələr qazana bilərik.

 

- Bununla bağlı hansısa quruma müraciət etmisiz?
- Abşeron rayon icra hakimiyyətinə qədər məlumat verilib. Ancaq heç bir təşkilat kömək etmək istəmir. Biz də öz istəyimizdən əl çəkən deyilik.

 

- Mövsümə “Marafon Futsal”da hazırlaşsan da, “Xəmsə”yə döndün. Hər cür şəraiti olan komandada niyə qalmadın?
- Dostlarımı tək buraxmaq istəmədim. “Marafon Futsal”da məşq etmək üçün şərait var, maaş verirlər, mükafat fondu var. Bir sözlə, hər cür şəraitə malik komandadı. Sadəcə, uşaq yaşlarından bir yerdə oynadığım dostlarımı tək buraxmaq istəmədim və geri döndüm.

 

- Çempionatla bağlı fikirlərin necədi?
- Bütün komandalar bir-birinə qarşı mübarizə aparır. Əksər komandalar bizi zəif hesab edir, amma biz zəif deyilik. Sadəcə, sadaladığım problemlər oyunumuza mane olur. Belədə istənilən komandadan xal ala bilərik. Ən azı bir hissə oynayırıq. Təəssüf ki, ikinci hissədə bunun davamını gətirə bilmirik.

 

- Mövsümün sonuna qədər bu cür davam edə biləcəksiz?
- Necə olur-olsun, biz çempionatın sonuna qədər oynayacağıq. Bu yola çıxmışıqsa, sona qədər addımlayacağıq. Ancaq dəstək, kömək olsa, nəticələrimiz də yaxşılaşar.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right