"Komandamızın nəyə qadir olduğunu bilirəm" Millimizin hücumçusu

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Tyaqo Teles Martinsin AFF-nın rəsmi  Feysbuk səhifəsinə müsahibə verib.

Newsport.az-ın məlumatına görə, millimizin Avropa çempionatındakı rəqiblərini dəyərləndirən hücumçu növbəti mərhələyə çıxmaq şanslarından da danışıb.  

- Avropa çempionatının final mərhələsinin püşkü atıldı. Millimizin yer aldığı qrupu necə dəyərləndirirsən?

- Əlbəttə, çətin qrupa düşmüşük. İspaniya dəfələrlə dünya və Avropa çempionu olub, bu gün də ən güclü millilərdəndir. Fransanın hazırkı nəsil oyunçuları isə böyük işlər görür. Xorvatiya kimi favorit hesab edilən komandanı play-offda mübarizədən kənarlaşdırdılar. Bizim komanda da hazırlaşır. Hər gün məşqlər edirik, gündən-günə artırdığımızı düşünürəm. 

- Növbəti mərhələyə yüksəlmək baxımından yığmamızın şansını necə qiymətləndirirsiniz?

- İndidən bir söz demək çətindir. Hər şey meydanda aydınlaşacaq. Ancaq komanda yoldaşlarıma inanıram, onların nəyə qədər olduqlarını bilirəm. Xeyli vaxtdır bir komandada çıxış edirik, üstəlik, köhnə-yeni baş məşqçimiz Alesio çox güclü mütəxəssisdir. Rəqiblərə hörmətlə yanaşırıq. Təbii ki, bu gün İspaniya qrupun favoritidir, amma biz bütün rəqiblərimizə qarşı sona qədər mübarizə aparacağıq. 

- İlk mərhələdən mübarizəyə başlayan Fransa millisinə aşkar autsayder kimi yanaşmaq nə dərəcədə düzgündür?

- Qətiyyən bu cür düşünmək olmaz. Fransa yaxşı təşkilatlanmış komandadır və onların keçdiyi yola nəzər salmaq güclərinə bələd olmaq üçün kifayətdir. İldən-ilə daxili çempionatları güclənir. Nəticədə milli komandaları inkişaf edir. Ona görə də, heç bir rəqibə autsayder kimi yanaşmaq olmaz.

- İspaniya ilə ötən il Kolumbiyada keçirilən dünya çempionatının qrup mərhələsində də qarşılaşmısınız. Bu dəfə həmin yenilginin revanşını almaq mümkün olacaqmı?

- Çempionatları bir-birinə qarışdırmaq olmaz. Hər bir oyunun, yarışın öz xarakteri, təyinatı var. Atmosfer fərqli olur. Revanşa gəldikdə, biz İspaniya ilə oyunun favoriti deyilik. Onların əzəmətli tarixi, titulları var. Ancaq şansımız da yox deyil və bunu reallaşdırmağa çalışacağıq.

- Sloveniyadan medalla qayıdacağınıza inam varmı?

- İlk növbədə hər bir oyuna və rəqibə hörmətlə yanaşmalıyıq. İlk işimiz qrup mərhələsindən ¼ finala yüksəlməkdir. Bunu etdikdən sonra növbəti addımlar haqda düşünməli, düşündükcə də psixoloji olaraq buna hazırlaşmalıyıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right