“Komandanın qarşısına konkret məqsəd qoyulub” - Zaur Axundov

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun müsahibəsi.

- Milli komandanın dünya çempionatının final mərhələsinə hazırlığı necə gedir?

- Hazırlıqdan tam razı qaldıq. Fürsətdən istifadə edib, AFFA rəhbərliyinə komandanın hazırlıq keçməsi üçün yaratdığı şəraitə görə təşəkkür edirəm. Komanda 2 aydan az vaxtda bir yerdə olsa da, çox iş görüldü. Gündəlik məşqlərlə yanaşı, 2-si beynəlxalq olmaqla 4 yoldaşlıq oyunu keçirildi. Sabah gecə komanda səfərə çıxır. İlk oyunumuz sentyabrın 12-də olacaq. 1-2 zədəli futzalçımız var, onlar da Mərakeş millisi ilə oyuna qədər bərpa olunub, kollektivə qoşulacaqlar.
 
- Yoxlama oyunlarının sayının az olması problem yaratmayacaq?
- Tino Peresin qəfil gedişi bizə problem yaratdı. Yeni məşqçinin müəyyənləşməsi, onunla ortaq məxrəcə gəlməyimiz və təyinatı xeyli vaxt apardı. Dünya çempionatında iştirak edən komandaların hamısı hazırlıq planını, eləcə də keçirəcəkləri yoxlama oyunlarının siyahısını 4 ay əvvəldən tərtib etmişdilər. Amma bizdə baş məşqçi ilə bağlı qeyri-müəyyənlik olduğundan, bunu vaxtında edə bilmədik. Çünki hər bir mütəxəssisin öz hazırlıq planı, məşq və oyun qrafiki olur. Yeni baş məşqçi təyin edildikdən sonra isə ilk işi komandanı formalaşdırmaq, fiziki planda məşqlər keçmək oldu. Buna baxmayaraq, 4 oyun təşkil edə bildik. Oyun sayının az olmasının komanda üçün problem yaradacağını düşünmürəm.
 
- Özbəkistan millisi ilə oyunlara əsaslanıb, komanda haqda hansı qənaətə gəlmək olar?
- Baş məşqçinin təyinatından və yeni oyunçuların gəlişindən sonra milli ilk oyununu keçirdi. Təbii ki, komanda ilə bağlı təhlilləri baş məşqçi və köməkçiləri aparırlar. Fikrimcə, yeni komanda üçün Özbəkistanla və Bakıdakı klublar yığması ilə oyunları qənaətbəxş hesab etmək olar.
 
- Kolumbiyaya səfər ərəfəsində sizi narahat edən hansısa problem varmı?
- Narahat edən yeganə məqam güclü rəqiblərlə bir qrupda yer almağımızdır. Çox güclü komandalarla qarşılaşacağıq. Çempionatda komandamızdan zəif iştirakçılar var, amma onlar başqa qruplarda qərarlaşıblar. Qrupumuzda isə 3 qitənin çempionu yer alıb. Yeganə problem bu məqamla bağlıdır.
 
- Yeni futzalçıların adaptasiya prosesini arxada qoyduqlarını düşünmək olarmı?
- Təbii ki, yeni formalaşan komanda üçün vaxt lazımdır. Ancaq seleksiya işimizin uğurlu alındığını deyə bilərəm. Kolumbiyadakı oyunlar zamanı da bunu aydın görəcəyik.
 
- Federasiyaya rəhbərliyiniz dövrdə millini bir neçə əcnəbi mütəxəssis çalışdırıb. Hazırkı baş məşqçi Miltonun iş prinsipi hansı mütəxəssisi xatırladır?
- Məşqçilərin hər biri fərqli iş üslubuna sahibdirlər. Milton hücum etməyi sevir. Alesio tapşırıq verən zaman əsasən müdafiəni fikirləşirdisə, hazırkı məşqçi tam əksinə, üstünlüyü ön xətdə oyun qurmağa verir. Həm də Milton vaxtilə Alesionun baş məşqçisi olub. O, futzalı hazırkı çalışdırıcımızdan öyrənib. Kifayət qədər təcrübəli mütəxəssisdir. Lakin federasiya rəhbəri kimi məni nəticə qane edir. Məşqçinin gələcəyi də bundan asılı olacaq.
 
- Millinin ən yaxşı heyəti 2010-cu ildə Avropa çempionatında iştirak edən komanda olub. Hazırkı heyəti onlarla müqayisə etmək olarmı?
- Müqayisənin əlehinəyəm. 2010-cu ildəki komandamız “ulduz heyət” idi. İndi həmin heyətdən Rizvan Fərzəliyevlə Vitali Borisov qalıb. Onların da karyerasının qürub çağıdır.
 
- AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən həftə komanda ilə görüşdü...
- Komandanı qəbul etdiyinə, tövsiyələrini verdiyinə və dəstəyini əsirgəmədiyinə görə Rövnəq müəllimə təşəkkür edirik. Təbii ki, bu görüş futzalçılara əlavə stimul, güc verdi. Bunun müsbət təsirini oyun zamanı görəcəyik. Futzalçılarımız da AFFA rəhbərliyinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirdi.
 
- Vitali Borisovun fiziki hazırlıq üzrə məşqlərdə iştirak etməməsi hiss olunurmu?
- Vitali kifayət qədər təcrübəli və peşəkar oyunçudur. O, Serbiyada zədəsi olmasına rəğmən, klubu ilə birgə hazırlıq keçib. Oyun planında isə futzalçılarla bir-birlərini yaxşı anlayacağına şübhəm yoxdur.
 
- Rəqiblərin son oyunlarını izləmisinizmi?
- Bu işlə məşqçilər korpusu məşğul olur. Onlar gün ərzində 5-6 saat qrupumuzda yer alan komandaların oyunlarını izləyirlər. Həftədə bir dəfə birgə görüşümüz olur və lazımi məlumatları mənə çatdırırlar. Oyunçulara hansı tərzdə oynamağın lazım olduğunu Kolumbiyadakı məşqlər zamanı deyəcəklər. Məşqçilər korpusunda yer alan mütəxəssislərin hamısı peşəkardır və işlərini yüksək səviyyədə qurduqlarına zərrə qədər də şübhə etmirəm. Bir məqamı da qeyd edim ki, komandanın qarşısına konkret məqsəd qoyulub – 1/8 finala yüksəlmək. DÇ-də debütant olsaq da, Kolumbiyaya iştirak xatirinə yollanmırıq.
 
- Kolumbiya ilə Azərbaycan arasında 9 saatlıq fərq var. Bu, uyğunlaşmaq baxımından problem yaratmayacaq?
- FİFA iştirakçı komandaların rəsmi oyundan 4 gün əvvəl gəlməsinə şərait yaradıb. Biz isə Kolumbiyaya 5 gün əvvəldən gedirik. Üstəlik, avqustun 31-dən Bakıdakı məşqlərimizi gecə saat 1-ə, 2-yə keçirmişik. Bu da komandanın uyğunlaşması üçün edilib. Saat fərqi ilə yanaşı, məsafə də çox uzaqdı. Komanda 25-26 saat yolda olacaq. Buna rəğmən, futzalçıların işinin öhdəsindən gələcəyinə inanırıq.
 
affa.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right