Zaur Axundov: Millinin yeni baş məşqçisi əcnəbi olacaq

Futzal federasiyasının prezidenti Zaur Axundovun müsahibəsi

- Tino Peresin yığmamızla yeni müqavilə imzalamaqdan yalnız ailə vəziyyətinə görə imtina etməsi inandırıcı görünmür...
- Sizi əmin edirəm ki, bu, yeganə səbəbdir. Hələ ötən ilin sonunda, Xorvatiyada keçirilən dünya çempionatının seçmə mərhələ oyunları ərəfəsində Peres mənə getmək istədiyini bildirmişdi. Amma biz o vaxt bunu bəlli etmək istəmədik ki, komanda sakitcə hazırlaşsın.

- Deməli, federasiya bu istefaya hazır idi?
- Bəli, biz buna hazır idik. Buna görə narahat olmağa da dəyməz. Mayın 1-nə qədər Peres öz işini davam etdirəcək. Biz ona minnətdarıq ki, öz qərarından bizi vaxtından xəbərdar etmişdi.

- Bəs sonra necə olacaq?
- Həyat davam edir. Amma vaxtımız elə də çox deyil. Azərbaycan yığmasına yeni baş məşqçi tapmalıyıq. Özü də bunu Kolumbiyada keçiriləcək dünya çempionatına hazırlıq prosesinin startına qədər həyata keçirməliyik. Mundialın hazırlığına isə iyunun 20-də start verəcəyik. Həmin vaxta qədər baş məşqçinin kimliyi bəlli olacaq.

- Yeni baş məşqçi əcnəbi olacaq?
- Böyük ehtimalla elə olacaq. İkinci məşqçi isə yerli və gənc mütəxəssis olacaq. O, həm baş məşqçiyə kömək edəcək, həm də onun yanında təcrübə toplayacaq.

- Əcnəbi mütəxəssislərin az qala hamısını tanıyırsınız. Yəqin ki, artıq gözaltı etdiyiniz var...
- Avropada mövsüm mayın ortalarında sona çatacaq. Biz də yalnız ondan sonra danışıqlara başlaya bilərik. Amma indidən diqqətlə araşdırma aparacağıq.

- Bəs vaxtın az olduğunu nəzərə alsaq, problem yarana bilərmi?
- Belə şey ola bilməz. Azərbaycan yığması FİFA reytinqində 10-cu yerdədir və yeni baş məşqçi tapmaq çətin olmayacaq.

- Amma gəlin razılaşaq ki, Pereslə dünya çempionatında iştirak etmək daha münasib olardı. Çünki o, bu komandanı daha yaxşı tanıyırdı...
- Şübhəsiz ki, elədir. Amma bu, həyatdır. Nə etmək olar? Əsas odur ki, biz buna hazır idik. Təkrar edirəm ki, narahatlığa heç bir əsas yoxdur.

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right