"Qarabağ"a qol vurduğu üçün ona çox əsəbiləşdim"

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade “Olimpiya” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Müsahibəyə gec gəldiniz. "Qarabağ"a qol vuran həmyerliniz Kosta Pinto ilə nə danışırdınız?

- Pinto ilə “Sportinq”in aşağı yaş qruplarında eyni vaxtda çıxış etmişik. Uşaqlığımız birlikdə keçib. Hazırda ayrı-ayrı klublarda oynayırıq. İkimiz də ata olmağa hazırlaşırıq. Həyatımızın necə dəyişdiyi barədə danışdıq.

- "Qarabağ"da çıxış etməyi ona təklif etdiniz?

- Xeyr, tam əksinə, bizə qol vurduğu üçün ona çox əsəbiləşdim. (Gülür)

- Ardıcıl 10-cu mövsüm qruplarda oynayacaqsınız. Təəssüratlarınız necədir?

- İlk növbədə bu şərəfli tarixə töhfə verdiyim üçün çox xoşbəxtəm. "Qarabağ"ın tarixinin daha şanlı olması üçün əlimdə olan imkanlardan istifadə edəcəyəm.

- Hakim penalti epizoduna dərhal reaksiya vermədi. Bu hal sizi təəccübləndirdi?

- Epizodda mənə qarşı müdaxilə var idi. Belə epizodlarda penalti verilir. Amma hakimin qərarına təəccüblənmədim. Hadisələrin çox tez şəkildə cərəyan etməsi həmin epizodu gözdən qaçırması, hakimin VAR-a müraciət etməsi normaldır.

- Qrup mərhələsində hansı rəqiblə qarşılaşmaq istərdiniz?

- İngiltərə Premyera Liqası komandası ilə qarşılaşmaq xoş olardı. Burada qeyri-adi heç bir şey yoxdur. Bunu arzulayıram. Təbii ki, digər tərəfdən Portuqaliya komandası ilə oynamaq istərdim.

- Ölkə çempionatındakı vəziyyəti düzəldə biləcəksiniz? Hazırda "Zirə" 12 xalla liderdir...

- Dəyərlərimizə, özümüzə inanmalıyıq. Çempionatda "Zirə"yə qarşı 3 oyunumuz var. Hər şey özümüzdən asılıdır. İndiyə qədər itirdiyimiz xalları, etdiyimiz səhvləri təhlil edəcəyik. Yenidən liderliyi əldə etmək bizdən asılıdır. Bu, son deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right