Qurban Qurbanov: "Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm"

Avropa Liqasının ikinci turunun "Qarabağ" - "Nant" matçından sonra ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfansında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis Fransa klubu ilə matç barədə danışıb:

- Qalib gəlsək də, mənim üçün danışmaq asan deyil. Bu gün səhər saatlarından eşidəndə ki, 21 şəhidimiz var, öz bazamızda onun müzakirəsi gedirdi. Sanki bir az da futbolçularda həyəcan var idi. Çünki belə hallarda istər-istəməz 10 milyonluq xalqımız bizdən qələbə gözləyir. Oyunun məsuliyyətini dərk edirdik. İlk dəqiqələrdən hiss etdiz ki, futbolçularda həyəcan çox idi. Amma get-gedə oyunu ələ ala bildilər. Allah şəhidlərimizə rəhmət etsin. Çox ağır gündü, hamımız üçün ağırdı. Allah ordumuzu qorusun. Bəzən kənardan baxanda sevinirik ki, qalib gəldik, amma inanın ürəyimiz ordadı, ordumuzun yanında. Çox məmmunam qələbəyə görə. Sırf bu günə görə. Xalqımız bizdən  qələbə gözləyirdi. İstəyirdi, dua edirdilər. Duaları da qəbul oldu. Rəqibə uğurlar arzu edirəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm.

- Bu ağır günlərdə komandanı belə möhtəşəm hazırlamağı necə bacardız?

- Qrup oyunlarına əvvəlcədən hazırlaşırdıq. Sadəcə olaraq, son günlərdə olan olaylar bizi daha da məsuliyyətli, həyəcanlı etdi. Sağolsun futbolçular. Dünəndən bir yerdə olduq hamımız. Danışdıq ki, çox soyuqqanlı və diqqətli olmalıyıq. Sanki oyunun gedişatını danışırdıq futbolçularla. Onlara dedim ki, sizə güvənirəm və sona qədər rəqibi meydanda düzgün analiz etməliyik. Futbolçularıma təşəkkür edirəm. Oyun başlayanda çox gərgin anlar var idi. Amma soyuqqanlılıq göstərib, oyunu ələ ala bildilər. Desəm ki, böyük motivasiya vermişdim, yox. Bu matça dost, yoldaş kimi münasibət qurmuşduq ki, hamı bizdən çox şey gözləyir. İstənilən halda meydanda üzərimizə düşən vəzifəni yerinə yetirməliydik. Mütləq udmalıyıq kimi fikirləri futbolçulara bildirmədim. Futbolçulardan razı qaldım. Şükürlər olsun ki, qələbə bizim tərəfdə oldu.

- İlk 20-25 dəqiqədə komandaya nə olmuşdu. Həyəcanı necə geridə qoyduz?

- Son olaylar idi səbəb. Biz nə qədər futbol haqda danışmaq istəsək də, istər-istəməz cəbhədə olan hadisələr müzakirə edilirdi. Futbolçuların üzərinə getməyərək onlara fikrimi çatdırırdım. Çünki, üzərimizə düşən vəzifəni düzgün yerinə yetirməliyik. Oyunun əvvəlində rəqibin böyük pressinq edəcəyini gözləyirdik. Belə oyunlar çox olub. Avropa Liqasında olan təcrübə futbolçulara soyuqqanı olub, oyunu dəyişməyə kömək etdi. Desəm ki, əlavə nəsə etdim, yalan olar. Onlara demişdim ki, daim yanınızdayam.

- Bu qələbə "Legiya" üzərində 3:0 hesablı qələbəni xatırlatdı. Bu iki görüşü necə müqayisə aparardız? 

- Bunlar elə oyunlardı ki, deyim həzz aldıq, ləzzət aldıq, düzgün çıxmaz. Həm "Legiya", həm də indiki matçlar belə oyunlardı. Allahdan istəyim o idi ki, oyunu üzüağ başa vuraq. Belə günlərdə təcrübə çox vacibdi. Bu gün 0:3 uduza da bilərdik. Amma bəlkə də bu oyunu bu gün Bakıda oynamağımız uğurlu idi. Xalqımız bizimlə idi. Üstünlüklər çox idi. Müqayisə etmək istəməzdim. Hər iki oyundan üzüağ çıxdığımıza görə Allaha şükür edirəm.

- Fransa höküməti Azərbaycanı təcavüzkar ölkə kimi tanıtmaq istəyir. Siz isə bu gün Fransa klubunu məğlub etdiz... 

- Siyasi tərəfdən fikir bildirməyim düzgün olmaz. Sırf buna uyğun UEFA və FİFA-nın qaydalarını bilmirəm, hanssıa fikir bildirsəm necə olar. Dəfələrlə belə hallar olub. Belə şeylərə fikir verməli deyilik. Çalışmalıyıq ki, hər şəraitdə idman prinsiplərini qoruyaq. Əməl etməliyik.

- Ovusu qol vurandan sonra media tribuna, azarkeşlər tərəfə baxdınız. Nələr keçdi ürəyinizdən?

- Göz gəzdirdim. Bəlkə də insanların sevindiyini görmək istəyirdim. Çünki nadir hallarda baxıram mən. Sadəcə insanların sevincini görmək istəyirdim.

- Rəqibin sol cinahında yer alan futbolçunun bu cinahda oynaması sizin üçün sürpriz idi?

- Çox az dəyişiklik oldu. Rəqibin sol və sağ cinahı çox sürətlidi. Həmin oyunçunu sol cinahda oynaması bizim üçün sürpriz oldu. Amma gözləyirdik. Hətta lövhədə heyəti yazanda ox işarəsi qoymuşdum ki, bu futbolçu başqa cinahda da oynaya bilər. Bir-iki epizodda boşluqlar verdik. Amma get-gedə futbolçular kömək edirdi bir-birinə. Bəzi epizodlarda, Qara, Kadi, Bəhlul gecikdi. Ancaq get-gedə bunları aradan qaldırdılar. Ondan sonra problemlər olmadı. Kiçik sürpriz idi.

- Bu qələbəni kimə həsr edərdiniz?

- Sözsüz ki, qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm. İnanın ki, bu onlar üçün onların etdiyinin zərrəsi də deyil. ALlah rəhmət etsin, ordumuzu qorusun.

- İlk hissədə xeyli qol epizodları var idi, amma yararlana bilmədik. Fasilədə nə dediz futbolçulara?

- Hər oyunda fasilədə futbolçulara tapşırıqlar verilir. Rəqibin boşluqları barədə də danışırıq. Komandanın analitiki də stadionda oturur və ilk hissədən sonra düşür aşağı və bizə göstərir. Futbolçularla müzakirələr aparırıq. İkinci hissədə tempi artırmaq mütləq idi. Rəqib tərəf yorğunluqdan danışırdı. Amma çox yaxşı rotasiyalar edirdilər. Müzakirələr apardıq, tapşırıqlar verildi, pis alınmadı. Nə qədər desəm də, bunu icra edən futbolçulardı. Buna görə də onlar bunu düzgün və daha yaxşı yerinə yetirdilər.

- İkinci yeri tuta bilərsiniz qrupda?

- Bunu çox istəyirik. Amma rəqibləri görürsüz, hər biri çox ciddi rəqibdi, çox iddialıdı. Oyundan-oyuna bizə daha ciddi yanaşırlar. İrəliyə getmək üçün nə qədər imkanımız varsa, istifadə edəcəyik. Futbolçularım çox istəklidilər ki, Avropa Liqasında pley-off mərhələsinə yüksələk. İstəyirik. Amma qarşımızdakı rəqiblərə real baxmalıyıq. Onların gücünü hiss etməliyik. Buna baxmayaraq, rəqiblərdən çəkinməyərək, rəqiblərin üzərinə gedəcəyik ki, ən yaxşısını edək.

- Həssas məqamda elə komandaya qarşı oynayırdınız ki, Premyer Liqadakı bütün komandalar da "Qarabağ"ın ətrafında birləşmişdi, sosial şəbəkə vasitəsilə.. 

- Hər biirnə təşəkkür edirəm. Amma inanın ki, mən əvvəlki oyunlarda da bunu hiss etmişəm. Biz çox mehriban xalqıq. Dostluqda çox möhkəmik. Həmişə demişəm ki, 44 günlük zəfərimizdən sonra Azərbaycanda ümumiyyətlə birbirimizə olan münasibət çox dəyişib. Sanki uzun illər olub, amma son illər ümidsizlik var idi, birlik çatışmırdı. 44 günlük müharibədən sonra hiss etmişəm, hər yerdə bir-birimizə çox inamla, pozitiv yanaşırıq. Bu gün dediyiniz də buna sübutdu. Bütün klublar bizimləydi. İstəyirik ki, bütün klublarımız avrokuboklarda oynasın və biz də həmin klublara azarkeşlik edək. Əgər sosial şəbəkələrdə belə yazılıbsa, sağolsunlar, hər birinə də təşəkkürlər. Futbolumuzun inkişafı üçün bir olmalıyıq ki, düşüncələrimiz, gücümüz daha çox olsun.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right