6 xallıq oyun

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprin APOEL klubunun qonağı olacaq.

 

Komandalar bu mövsüm üç dəfə qarşılaşıb. Bu matçlarda tərəflər hərəyə bir dəfə qalib gəlib, bir dəfə də sülhə razılaşıblar. Hər iki kollektiv bir-birini yaxşı tanıyır və bu, onların cari mövsüm son qarşılaşmasıdır.

 

Üç turdan sonra “Qarabağ”ın 4, APOEL-in 1 xalı var. Bakıda heç-heçə etməklə şanslarını saxlayan Kipr klubuna bu oyunda qalib gəlmək vacibdir. Ağdamlılara isə məğlub olmamaq da sərf edəcək. APOEL-in hücum futbolu oynayacağı gözləniləndir.

 

 

Bu da “Qarabağ”ın lehinə işləyən amil ola bilər. Abdullah Zubir və Xayme Romero kimi yüksək ustalığı olan futbolçular əks-hücumlarda APOEL-ə başağrı ola bilər. Mahir Emrelinin oynamaması komanda üçün ciddi itkidir. Mahir hücumda Maqaye Qeyedən daha cəld və təhlükəlidir. Lakin Maqaye də təcrübəli forvardır və kritik anlarda lazım olan yerdə peyda olur, rəqibi cəzalandırır. O, bunu APOEL – “Qarabağ” matçında (1:2) nümayiş etdmirişdi. Həmin qarşılaşmada şou göstərən Abdullah Zubir isə APOEL-lə digər iki oyunda istədiyi kimi oynaya bilmədi. Tomas Doll taktiki gedişi ilə əlcəzairli futbolçunu sıradan çıxara bilmişdi. Bu matçda APOEL-in boşluqlar vermək ehtimalını nəzərə alsaq, Zubir yenidən səhnədə “sehrbazlıq” edə bilər.

 

 

Nikosiya təmsilçisinin çalışdırıcısı Tomas Dollun “Qarabağ”ı yaxşı təhlil etdiyini görmək mümkündür. APOEL onun rəhbərliyi altında Bakıda güclü azarkeş dəstəyi altında keçirdiyi iki çətin qarşılaşmada uduzmadı.

 

Avqustda APOEL-i Çempionlar Liqasında pley-offa daşımaqla kluba milyonlar qazandıran almaniyalı mütəxəssis yenə çətin dönəmdə komandaya uğur qazandırmaq istəyir.

 

Nikosiyadakı oyun hər iki komanda üçün vacibdir. Kipr klubu qalib gəlsə, qrupdakı vəziyyəti böyük ölçüdə xeyrinə dəyişəcək. Xalların bərabərliyi “Qarabağ”a sərf etmir, çünki şəxsi oyunlarda APOEL üstün tərəf olacaq. Buna görə də “köhlən atlar” bu matçda uduzmamalıdır. “Qarabağ” da “sarı-göylər” qədər güclü kollektivdir və bu rəqibi məğlub edə biləcək səviyyədədir.

 

 

İlk oyunla müqayisədə maksimum dərəcədə səhvlərə az yol vermək lazımdır. Təcrübəli futbolçuları olan APOEL səhvləri bağışlamır və bunu Bakıdakı hər iki oyunda göstərdilər. Ağdamlılar üstün keçirdiyi oyunlarda rəqibini məyus edə bilmədi.

 

6 xallıq oyunda “Qarabağ”a heç-heçə də sərf edir. Bu nəticə qeydə alınsa, APOEL-in şansları tükənəcək. Bu halda “Qarabağ” evdə “Düdelanj”a qalib gəlməklə məsələyə nöqtə qoya bilər. Qrupun favoriti “Sevilya” növbəti mərhələni böyük ölçüdə həll etdiyi üçün diqqətini La Liqaya ayıracaq. Əndəlüsiyalıların qrupdakı son üç oyuna əsas heyət üzvləri ilə çıxmayacağı gözlənilir. Bu ehtimalla yanaşsaq, “Sevilya”nın hansısa oyunda büdrəməsi gözləniləndir. Buna baxmayaraq, hər şey “Qarabağ”ın öz əlindədir. Komanda Nikosiyada uduzmamalı və Bakıda “Düdelanj”a qalib gəlməlidir. Çətin qrupda ikinci yer uğrunda mübarizənin son tura qədər davam edəcəyi gözləniləndir.

 

Kipr mətbuatında final xarakteri daşıyan oyuna azarkeş marağının az olduğu yazılır. Buna baxmayaraq, qarşılaşma “Qarabağ” üçün asan keçməyəcək.

 

Lüksemburqda “Düdelanj” – “Qarabağ” oyununda (1:4) baş verən dron təxribatından sonra UEFA bu matçı vacib qarşılaşmalar kateqoriyasında daxil etdi. Ona görə də bu qarşılaşmada ciddi təhlükəsizlik tədbirləri görüləcək.

 

Yerli azarkeşlərin bizə qarşı qəzəbi var. Avqustda bu komandaların ilk duelindən öncə Kipr erməni komitəsi reallıqdan uzaq, tarixi faktların təhrif olunduğu saxta məlumatlardan ibarət bəyanat yaymaqla azərbaycanlı azarkeşləri hiddətləndirdi. Qarşılaşmaya erməni bayraqları ilə gələnlər “Qarabağ”ın futbolçularına psixoloji təsir etmək istəsə də, istəkləri alınmadı.

 

APOEL - “Qarabağ” oyunundan (1:2) foto.

 

Erməni komitəsinin aranı qatmasından sonra Bakıdakı oyunda azərbaycanlı azarkeşlər təxribata cavab verdi. Hər zaman belə şeylərin lazımsız olduğunu qeyd etmişik. Rəqib və azarkeşlərinə hörmət etmək lazımdır. Öz sözümüzü meydanda deməliyik. Təxribata getmək əlehimizə işləyən amildir.

 

“Qarabağ” - APOEL oyunundan (0:2) foto.

 

Yəqin ki, bu qarşılaşma üçün də erməni komitəsi təxribat reallaşdırmaq üçün plan qurur. Bu, onların hər zaman etdiyi ucuz işlərdir.

 

Qurban Qurbanovun komandası avqustda Kiprdəki oyundan qələbə ilə dönmüşdü. Bakıdakı oyunlarda rəqibindən üstün oyun göstərən “Qarabağ” işləri bu dəfə düyünə salmamalıdır. Komanda ilk dəfə qrupdan çıxmağa bu qədər yaxın və həvəslidir. Çətin səfərdə tarixi şansı əldən verməmək üçün qalib gəlmək və ya ən azı bir xal qazanmaq lazımdır.

 

Mehman Əşrəfov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right