İspanlar “Qarabağ”dan ehtiyat edirlər – “Potensialları az olsa da...”

“Sevilya” rəsmiləri Avropa Liqasının qrup mərhələsininin püşkünə münasibət bildiriblər.

Püşkün nəticəsinə görə, ispanlar A qrupunda  APOEL (Kipr), “Qarabağ” (Azərbaycan) və “Düdelanj”a (Lüksemburq) rəqib olublar.
 

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klubun baş direktor müavini Xesus Arroyo deyib: “Bütün rəqiblərimizə hörmət etməklə deyim ki, qrupu birinci yerdə başa vurmaq istəyirik. Rəqiblərimizin hər biri öz liqalarının qalibi olub. Avropa Liqası vacib yarışdır. Biz son illər bu turnirə böyük əhəmiyyət vermişik. La Liqanı unutmamaq şərti ilə Avropa Liqasında yaxşı çıxış edərək irəli getmək niyyətindəyik”.

 

“Sevilya”nın texniki departamentinin əməkdaşı Emilio Dias isə deyib: “APOEL və “Qarabağ”ın Avropa təcrübəsi var. Onlar öz meydanlarında rəqiblərinə problem yaradırlar və yaxşı oyun nümayiş etdirirlər. “Dudelanj” isə bir qədər zəif görünə bilər. Amma bu gün Avropada zəif oyun olmur. Rəqiblərimizin adı gözə girməsə də, yaxşı oyun sərgiləyirlər”.

İspaniyanın bəzi mətbu orqanları da püşkə münasibətlərini açıqlayıblar. Bu zaman onlar “Sevilya”nın “Qarabağ”a xüsusi diqqət yetirməsinin vacibliyini bildiriblər.

“Deportes ABC de Sevilla” qəzeti yazır: “Qrupdakı komandalar zəif görünsə də, “Qarabağ” “Sevilya” üçün aldadıcı rəqib ola bilər. Əvvəla Azərbaycana getmək üçün komanda uzun məsafə qət edəcək. Bu, “Sevilya”nın Avroliqada ən uzun yolçuluğu olacaq. Digər tərəfdən unutmamalıyıq ki, Qurban Qurbanovun çalışdırdığı “Qarabağ” yerli liqanın son qalibidir. Bu komanda “Atletiko” Madriddən hər iki matçda xal almağı bacarıb”.

“Eldes Marque” qəzeti isə yazıb: “Lopotegginin komandası bilməlidir ki, “Qarabağ” ispanlara problem yaratmağı bilir. Onların Çempionlar Liqasında “Atletiko” ilə matçlarını yaddan çıxarmamalıyıq. “Qarabağ” 2017/18 mövsümündə “Çelsi”, “Atletiko” və “Roma” il eyni qrupa düşmüşdü. Bu, çox çətin qrup idi. Xüsusən kiçik potensialı olan “Qarabağ” üçün. Amma onlar “Atletiko” ilə matçlarda heç-heçə etməyi (Bakıda 0:0, “Vanda”da 1:1) bacardılar. Yekun nəticədə “Atletiko” üçüncü yeri tutaraq qrupda qaldı. Amma madridlilər sonra Avropa Liqasına düşərək bu yarışın qalibi oldular” – deyə yazıda qeyd edilib. 

Nüfuzlu “Marca” qəzeti püşkə bağlı yazısında bildirib ki, “Qarabağ” son 6 ildə Azərbaycan liqasının qalibi olub: “Bu komanda evdə və səfərdə “Atletiko”dan xal aldı. Maraqlıdır ki, “Qarabağ”ın heyətində üç ispan – Xayme Romero, Dani Kintana və Miçel Madera oynayır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right