Qurbanov:"Azarkeşlər daha yaxşı qələbələrə layiqdi

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu məğlub edərək (2:1), qrupa vəsiqə qazanan (ilk görüş – 2:3) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Təcrübəli mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirdi...

- Azarkeşlərə təşəkkür edirəm. Bu gün stadionda möhtəşəm ab-hava var idi. Onlar daha yaxşı qələbələrə layiqdi. Futbolçuları təbrik edirəm. Qalib gəldik, ancaq san olmadı. Şükür olsun, sonra hər şey bizim tərəfimizdə oldu. Bütün Avropa oyunlarımızı götürsək, ən çox qol epizodu yaratdığımız il oldu. Sadəcə, çoxundan istifadə edə bilmədik. Əgər bunu bacarırıqsa, tez bir zamanda daha yaxşısına da nail olmalıyıq. Həm biz, həm də futbolçular daha çox çalışmalıyıq. Qrupa düşdük, rəqiblərimizi gözləməliyik. Bugünkü rəqibimiz də göstərdi ki, futbolda asan rəqib yoxdu. Komandam çox intizamlı oynadı. Sadəcə, son dəqiqədəki qol planlarımıza daxil deyildi. Azərbaycan klubları arasında Avropada tək qalmışdıq. Hamının gözü bizdə idi. Bu da bir qədər həyəcan yaradırdı. İstənilən halda, məqsədimizə çatdıq. Rəqib haqda yalnız pozitiv danışa bilərəm. Çox istəkli idilər. Müdafiə olunmaqdan və mübarizədən həzz alırdılar. Bu mərhələyə kimi elə-belə gəlib çıxmamışdılar. Onlara uğur arzulayıram.

- Bu oyunun şəxsən sizin üçün əhəmiyyəti nə idi?
- Hər bir oyunun baş məşqçi üçün həddən artıq böyük əhəmiyyəti olur. Bəlkə də, avrokubokda 100-cü oyun olduğuna görə soruşursuz. Mənimçün hər bir matç olduqca vacibdi. Qarşıdakı “Səbail”lə oyun da. Belə matçlarda həddən artıq məsuliyyətli oluram, eyni zamanda futbolçular da. Daim hazır olmalıyıq.

- Xayme Romeronu oyun qurucu kimi oynatdız. Ümidləri doğrultdu?
- Hücum xəttində daha sürətli olmaq istəyirdik. Təkcə qol vurdu deyə yox, sona kimi yaxşı oynadı. Sadəcə, bəzən müdafiədə cinahdakı kimi daha intizamlı deyildi. Bu baxımdan boşluqlar hiss olunurdu. Düşünürəm ki, layiqincə oynaya bildi.

- 6-cı dəfə qrupdasız. Birincini xatırlayırsızmı? Hisslərinizdə dəyişikliklər var?
- Çox yaxşı xatırlayıram. Həmin vaxt bir qədər göz yaşlarım olmuşdu. İndi daha soyuqqanlıyam. İlk daha maraqlı və ləzzətli olur. Bu gün məsuliyyət, bəlkə də, ilk ildəkindən daha çox idi. Hamı son illər Çempionlar Liqasının qrupunu gözləyir. Bu gün sevincliyəm. Hər bir turnirə yaxşı hazırlaşanda çətinliklər çəkirik və bunun bəhrəsini görəndə sevincli oluruq. İndi daha təcrübəliyəm.

- Qrupa vəsiqə qazandız, transferlər olacaqmı?
- Tənqidləri normal qəbul edirik. Bütün dünya klubları transferlərdən şikayət edir. Hətta “Barselona” və “Real” da istədiyi oyunçuları ala bilmir. Oyun üslubumuza uyğun futbolçu tapmaq çətindi. Daha yaradıcı, düşünə bilən, hücumameylli futbolçular istəyirik. Bütün keyfiyyətlərin bir futbolçuda olması asan deyil. Etdiyimiz transferlərdən razıyıq. Birində hansısa keyfiyyət çatışmırsa, digəri bunu kompensasiya edir. Bəzən elə olur ki, 3 transfer istədiyin kimi alınır. Hər bir halda axtarışdayıq. Son günə kimi bunu davam edəcəyik.

- Bundan əvvəlki iki ildə qrup oyunlarınızı Bakı Olimpiya Stadionunda keçirmisiz və azarkeşlər bundan narazılıq edib. Bu dəfə qərarınız necə olacaq?
- Bəzi məqamlar var ki, onlarla razılaşmalıyıq. Hamı üçün “Tofiq Bəhramov” daha rahat və doğmadı. Bütün stadionlar Bakımızdadı. Ancaq “Tofiq Bəhramov”la Olimpiya Stadionunu eyniləşdirə bilmərik. Ora daha gözəldi, daha böyükdü və s. Ancaq buranın daha rahat olduğunu hiss edirik. Ancaq bəzi nüansları da nəzər almalıyıq. Hər bir halda bu qərarlara normal yanaşmalıyıq. Qrup mərhələsi üçün “Tofiq Bəhramov”u sifariş vermişik. Düşünürəm ki, burda oynayacağıq.

- Qeyd etdiz ki, minimum hədəf Avropa Liqasının qrupu idi. Qrupda minimum hədəf nə olacaq?
- Sabah püşkatmadan sonra biləcəyik (gülür).

- “Qarabağ”ın qrup oyunlarında ortaya qoya biləcəyi potensial imkanları varmı?
- Futbolçular üzərlərində çox çalışmalıdı. Bu gün “Qarabağ” futbolçularının daha keyfiyyətli futbol oynamaq potensialı var. Az bir vaxtda onlarla fərqi işləyib, bu məqamları yaxşılaşdırsaq, oyunumuz da inkişaf edəcək. Qrup tam fərqlidi. Rəqiblər məcvbur edir ki, futbolçular daha yaxşı oynasın. Komandama güvənirəm. Qrupda daha yaxşı, sürətli, baxımlı oynaya bilərik.
- Belə bir fikir var ki, digər klubların uğursuzluğu çempionatın rəqabətsizliyə görədi. “Qarabağ” isə təcrübəsi hesabına uğurlu olur.Çempionatın durumu sizə də təsir göstərə bilərmi?

- Təcrübə oynamağa yetərlidi. Hər dəfə çempionatımız barədə fikir bildirsəm, neqativ danışmalıyam. Az komanda var, rəqabət yoxdu, hər dəfə bu barədə danışmaq ağırdı. İsgtərdik ki, daha yaxşı çempionatımız, imkanlı futbolçularımız olsun. Belə olarsa, ilboyu bu tempdə oynamaq bütün futbolçulara xeyirli olar. Hər bir halda istəmərəm ki, çempionatı avrokubokdakı zəif çıxışla yan-yana qoyaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah