Qurban Qurbanov: "Çox dərinliklərə getmək istəmirəm"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində sabah Şimali İrlandiyanın “Linfild” klubuna qarşı keçirəcəkləri cavab matçından öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

- Vacib oyuna çıxacağıq. Rəqibin nə qədər istəkli olduğunu tam başa düşürük. Buna görə də oyuna həddən artıq ciddi hazırlaşmışıq. Futbolçular sabah meydanda daha istəkli olacaqlar və ən yaxşısını etməyə çalışacaqlar. Sabah hamının diqqəti oyunda olacaq. Lazım olan nəticəni əldə etmək üçün ən yaxşı oyunlarını göstərəcəklər.

- Sabah baş məşqçi kimi avrokubokda 100-cü oyuna çıxacaqsız. Elə bir təsadüfdü ki, qələbə lazımdı və bu, baş tutsa 40-cı olacaq. Hansı hissləri keçirirsiz?
- Bu barədə düşünmürəm. Hər oyunumuz vacibdi. Belə turnirlərdə hərdən mütləq qələbə lazım olur. Sabah da həmin matçlardan biridi. Sabah meydanda özümü yox, komandanı düşünəcəm. 100 olur, inşallah, daha artığı olar. Arzu edirəm ki, “Qarabağ”ın Avropa arenasında daha çox oyunu olsun.

- 2 il əvvəl “Göteborq”la oyundan öncə soruşmuşdum ki, azərbaycansayağı künc zərbəsi gözlənilirmi? Və həmin matçda Rəşad Sadıqov belə qol vurmuşdu. Sabah yenə bunu yoxlayacaqsız?
- Cavab verim bu suala? (gülür). İnşallah, ehtiyac olmaz. Bəzən rəqibin düzülüşünə uyğun yerinə yetiririk standart vəziyyətləri. Hazırkı rəqib buna imkan vermir. Ancaq ola bilər ki, fərqli nədənsə istifadə edək.

- Qapanan rəqiblərə qarşı çətinliklərimiz olub. Sabah da “Linfild”in arxaya çəkiləcəyi gözlənilir. Buna çarə axtarmısız?
- Düzgün müdafiə olunmaq çox vacibdi. Komandalar var ki, bu oyun üslubuna üstünlük verir. Belə oyunlarımız çox olub. Bəli, bəzən 2-3 qol vurmuşuq. Sadəcə, belə matçlarda futbolçular daha sərrast və diqqətli olmalıdı. Bunun üzərində az məşq etməmişik. Hər bir halda, onların müdafiə olunması, həm də hücumunun başlanması deməkdi. Təkcə qol vurmağı yox, həm də buraxmamağı düşünməliyik. Hücum edə-edə müdafiəni də unutmamalıyıq. Çətinlik olub-olmayacağını bilmirəm, ancaq buna hazırlaşmışıq.

- Sabah dolu tribunalar gözləyirsiz?
- Gözləyirəm. Düşünürəm ki, stadionda az adam olmayacaq. İlk dəfə deyil ki, pley-off oynayırıq. Azarkeşlərimiz həmişə bizimlə olub. Bizim stadiona gələn və gəlməyən azarkeşlərimiz var. Hər birini yanımızda hiss edirik. Düşünürəm ki, sabah xeyli sayda azarkeş bizimlə olacaq. Ümid edirəm ki, stadion dolacaq.

- Rəqib komandanın baş məşqçisi Devid Hili bildirib ki, “Qarabağ” meydana qisas almaq üçün çıxacaq və qanımızı içmək istəyəcək. Buna münasibətiniz necədi?
- Bu, idmandı. Məğlub tərəf mütləq qələbə qazanmaq istəyəcək. Bu da həmin matçlardan biridi. İdman prinsiplərinə əməl etməyə çalışacağıq. Çox da belə dərinliklərə getmək istəmirəm. Çalışıb ən düzgünü etməliyik ki, sabah qalib gələk.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah