Bordinin acizliyi

“Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra “Neftçi” Avropa Liqası ilə vidalaşdı. Bu həftə iki Azərbaycan klubuna düşərsiz oldu.

İlk iki mərhələni inamla keçən “Neftçi” niyə “Bney Yehuda” qarşısında ağ bayraq qaldırdı?

“Bney Yehuda” İsrailin böyük klubu deyil. Üzərlərində böyük təzyiq yox idi. “Neftçi”də isə vəziyyət fərqlidir, klubun ağırlığı var, Azərbaycanda hər kəs bu komandadan uğur gözləyir. 

Rəqib keçiləsi komanda idi. “Neftçi”nin bu komandanı mübarizədən kənarlaşdıracağını proqnozlaşdıranlar çox idi. Bu da komanda üzvlərinə bəlkə də, rahatlıq vermişdi. Ancaq baş məşqçi bu amilləri nəzərə alıb, futbolçuları oyuna düzgün kökləməli idi.

“Sperantsa” və Tula “Arsenal”ını keçən “ağ-qaralar”ın İsrail klubu ilə oyunda şansı yüksək hesab edilirdi. Roberto Bordinin rəhbərlik etdiyi kollektivin hücum xətti həmin matçlarda güclü təsir bağışlamışdı. Ancaq “Bney Yehuda” qarşısında “Neftçi” müdafiədə bəsit səhvlər etdi. Bordin israilli həmkarı Yossi Abukasislə taktikə duelində açıq-aşkar uduzdu.

İlk oyunda olduğu kimi, “Bney Yehuda” beşli müdafiə sistemiylə oynadı. “Neftçi”nin hücum xəttinin gücünü anlayan İsrail təmsilçisinin baş məşqçisi uğura gedən yolu belə görürdü.

“Neftçi” isə rəqibin bu oyun sisteminə qarşı düzgün plan seçmədi. Hücum xəttiylə öyünən komanda İsraildə rəqibin qapısına doğru yaxınlaşa bilmirdi. İlk oyundan sonra Roberto Bordin “Bney Yehuda”nı keçmək üçün düzgün taktika seçməli idi, ancaq italiyalı bacarmadı, israilli həmkarının qarşısında aciz qaldı.

Yayda heyətini böyük şəkildə dəyişən “Bney Yehuda”nın əsas silahı baş məşqçisi idi. Onlar “Neftçi”ni İsraildə ən güclü yerli mütəxəssis hesab edilən Abukasisin düzgün və ağıllı strategiyası ilə vurdular. Qarşısına böyük hədəflər qoyan klub bu mərhələni keçməyə borclu idi.

Ancaq “Neftçi” Premyer Liqanı - səkkiz komandalı çempionatı düşünməlidir.

Mehman





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right