Roberto Bordin: "Bney Yehuda" doqquz nəfərlə müdafiə olunurdu"

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda sabah İsrailin “Bney Yehuda” klubunu qəbul edəcək “Neftçi”nin baş məşqçisi Roberto Bordin bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Güclü rəqibə qarşı çətin oyuna çıxacağıq. “Bney Yehuda” çox yaxşı müdafiə olunur. İsrail Super Kubokunda “Makkabi” ilə oyununa baxsaq, 9 nəfərlə müdafiə olunurdular. Oyun boyu çalışırlar topa nəzarət etsinlər, fərdi keyfiyyətli futbolçuları da çoxdu. Bundan başqa, əks-hücumlardan yaxşı istifadə edirlər. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdı. Bunu etsək, sərfəli nəticə qazanacağıq.

 

- Mərhələ keçdikcə gözləntilər çoxalır. Bu, komandada gərginliyi artırmır ki?
- Oyundan oyuna özümüzün də özümüzdən gözləntilərimiz çoxalır. Bu yerə gəlib çıxmışıqsa, deməli əzmkarlıq, özünə inam olub. Bununla kifayətlənmirik. Əlimizdən gələni edəcəyik ki, yaxşı futbol oynayaq.

 

- “Arsenal”a qarşı oynadığınız taktikanı tətbiq edəcəksiz?
- Nə cür oynayacağımız komandanın daxilində qalır. Mətbuat konfransında açıqlamağı düzgün saymıram. Onu deyə bilərəm ki, "Bney Yehuda" bütün heyətlə arxada qərarlaşır və rəqibin səhvlərindən yararlanmağa çalışır. Təbii ki, bilmirəm rəqib necə oynayacaq. Amma həm müdafiə, həm də hücum planında yaxşı təşkil olunmuş komandadı.

 

- Rəqibin 3 əsas futbolçusu Bakıya gətirilməyib. Bunu üstünlük sayırsız?
- Rəqibin heyətində yaxşı futbolçular çoxdu. Gəlməyənləri əvəz edə biləcək oyunçuları var. Deməzdim ki, bu, bizə üstünlük verir.

 

- “Bney Yehuda”nı əvvəlki rəqibləriniz “Arsenal” və “Sperantsa” ilə müqayisə etsəz...
- Bu komandaları müqayisə etmək doğru deyil. Hərəsinin öz keyfiyyətləri var. Çalışacağıq ki, əvvəlki qələbələrin davamını gətirək.

 

- Rəqibin baş məşqçisi “Neftçi” – “Arsenal” oyununu izləyib və Dario ilə Monrozu xüsusi qeyd edib. Bəs “Bney Yehuda” hansı mövqelərdə komandanıza problem yarada bilər?
- Rəqibi analiz etmişik. Əks-hücumlarda çox yaxşıdılar, texnikalı oyunçuları var. Ancaq sabah hansı taktika ilə oynayacaqlarını meydanda görəcəyik.

 

- “Arsenal”la matçda son illərin ən yaxşı “Neftçi”sini gördük. Belə hallar komandanın inamını artıra da bilər, eyforiya yarada da. Hansı halı daha çox hiss etmisiz?
- Bilmirəm ki, hansısa komandada belə qələbədən sonra eniş olsun. Eyforiya oyundan sonrakı gündə qaldı. İndi hamı bilir ki, bizi necə ciddi rəqib gözləyir. Hamının fikri sabahkı matça köklənib. Deməzdim ki, komandada eyforiya var.

 

- İlk oyunun evdə olması mənfi, yoxsa müsbət məqamdı?
- Hər oyuna fərqli yanaşırıq. Sabah evdə oynayacağıq. Ciddi hazırlaşmışıq. Futbolçular da bilir ki, necə çətin oyun olacaq. Deməzdim ki, pis təsiri olsun.

 

- "Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev bildirib ki, "Bney Yehuda"nın "Neftçi" qarşısında heç bir şansı yoxdu. Ancaq siz ehtiyatlı danışırsız...
- Onun belə açıqlama verməsi mənə qəribə gəlir. Hər komandanın öz keyfiyyətləri var. Sabah da hakimin ilk fikrindən sonra hər şey dəyişə bilər: həm bizə qarşə, həm də lehimizə. Ona görə də yalnız meydanda baş verənləri düşünməliyik. Rəqibin bizi keçmək şansının sıfır olduğunu fikirləşsək, yanılmış olarıq.

 

- Emin Mahmudov və Ömər Buludov "Arsenal"la matçda xəsarət almışdı. Dabo isə əvvəldən zədəlidi. Onların durumu nə yerdədi?
- Eminin zədəsi əvvəldən var idi. Hazırda yaxşıdı. Ömər də həmçinin. Dabo artıq komanda ilə məşq edir. Ancaq hələ tam hazır deyil. Çox sevinirəm ki, komandanın yanındadı.

 

- Sabah "18-lik"də olacaq?
- Güman ki, bəli.

 

- Rauf Əliyev son matçda qol da vurdu. Dabo tam sağaldıqdan sonra hücumun sivri ucunda kim oynayacaq?
- Rauf çox vuruşur, əzmkarlıq göstərir. Son matçda vacib qol vurdu. Bir məşqçi üçün ən xoş amil o olar ki, bütün heyət əlinin altında olsun. Növbəti oyunlar üçün heyəti məşqlərə əsasən formalaşdıracağıq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah