Rahid Əmirquliyev: "İki oyuna 6 qol buraxmışıqsa, deməli, pis müdafiə olunmuşuq"

Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında Rumıniyanın “Universitatya” klubuna 2:3 hesabı ilə məğlub olan “Səbail”in kapitanı Rahid Əmirquliyev müsahibə verib.

Newsport.az 29 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

- Rəqib adlı-sanlı idi, amma komandanız iki oyuna 4 qol vursa da, hər iki matçda məğlub oldu. Rumınları keçməyə nə mane oldu?

- Rəqibi yaxşı təhlil etmişdik. “Universitatya”nın zəif yerlərini müəyyənləşdirmişdik. Bundan istifadə etməliydik. Oyuna müdafiədən başladıq. İstəmirdik ki, qol buraxaq. Təəssüf ki, qapımızın toxunulmazlığını qoruya bilmədik. Açıq deyirəm, birinci hissədə çox zəif oynadıq. Fasilədən sonra qapımızda daha bir qol görsək də, ruhdan duşmədik. Sürəti artırdıq, rəqibi sıxdıq və ardıcıl iki qol vurduq. Heyif ki, hava-su kimi lazım olan 3-cü qolu vura bilmədik. Əvəzində isə öz qapımızda top gördük.

- İki oyunun nəticəsini necə qiymətləndirirsiniz?

- “Səbail” tarixində ilk dəfə idi ki, qitəmiqyaslı turnirdə iştirak edirdi. Cəmi 3 ildir fəaliyyət göstərir. Doğrudur, heyətimizdə beynəlxalq təcrübəsi olan futbolçular var. Ancaq rəqiblə müqayisə etdikdə...Əlbəttə, heç kim uduzmaq istəməz. Hesab edirəm ki, layiqli mübarizə apardıq.

- “Səbail" ardıcıl iki oyunda qapısında 3 qol gördü. Komandanın kapitanı buna necə qiymət verir?

- Bunu tək müdafiənin üstünə atmaq istəmirəm. Səhv varsa, qol buraxılıbsa, bu, bütün komandanın günahıdır. Ancaq iki oyuna qapımızda 6 qol görmüşüksə, deməli, komanda olaraq pis müdafiə olunmuşuq.

- Komandanız iki oyuna reytinq üçün 1 xal belə götürmədi. Razısınız ki, bu, uğursuzluqdur?

- Əlbəttə, xal götürməməyimizi də, mərhələni adlamamağımızı da uğursuzluq saymaq olar. Ancaq oyun baxımından bu cür rəqibə layiqli müqavimət göstərdik. Bütün hallarda, məğlub olmuşuq, bu da həm bizim, həm də futbolumuz üçün pis haldır. (Report)

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah