Qurban Qurbanov: "Belə dəyişikliklərə əl atmağa məcbur idim"

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Vorskla”nın qonağı olan Azərbaycan çempionu qalib gələrək, ilk xallarını qazanıb – 1:0.

Oyunsonrası mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram. “Vorskla”ya uğurlar arzulayıram”.

- Oyunboyu həyəcanlı görünürdünüz. İlk hissədə isə hakimdən nəsə soruşdunuz.

- İngiliscə o qədər də yaxşı bilmirəm. Donaldın epizodunda başa salmaq istədim ki, cərimə vermək olar, amma vərəqə göstərməyə bilərdi.

- Demək olar ki, bu hesab Bakıdakı nəticənin oyuna görə olmadığını göstərdi?

- Bu gün konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. Orda da qalib gəlməli idik. Bu gün də bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı. Burda isə istəyimizə nail olduq.

- Hələ oyundan əvvəl komanda rahat idi, stressi üzərindən atmışdı. Sanki qələbəyə daha çox köklənmişdiniz. 

- Bu gün qələbəyə inamım var idi. Həmişə rəqibi canlı gördükdən sonra digər matça daha rahat hazırlaşa bilirsən. Bu amilin də rolu oldu. Həm Bakıda, həm də burda qalibiyyət arzulayırdıq. Sadəcə, burda alındı.

- Bakıdakı oyunla müqayisədə start heyətində 4 dəyişiklik var idi. Bu, sırf ilk oyunun nəticəsinə görə edilmiş dəyişklik idi?

- Bəlkə hardasa rol oynadı. Amma hər matçda hansısa dəyişikliyi edirik. Bu gün belə dəyişikliklərə məcbur idim. Həm də daha hazırlıqlı oyunçuları meydana buraxmaq istədim. Bədavi və Mahir son vaxtlar çox yükləniblər. Bəzi daha təcrübəli oyunçulara da ehtiyac var idi. Gələn oyunda da dəyişikliklər ola bilər. Bakıdakı qarşılaşmanı məşqçilər daha düzgün analiz etdi və belə dəyişikliklərə əl atdıq. Xırda nüansların hamısı müəyyən rol oynadı.

- Üçüncü dəyişikliyə əl atmadınız. Bunun səbəbi nə idi?

- Bəli, dəyişiklik etmədim. Buna ehtiyac görmədim. Əvvəl müdafiəçi buraxmağı düşünürdüm, amma oyun göstərdi ki, komanda bir-birini tamamlayır. Bu üzdən ehtiyac duymadım.

- Hannes Halldorssonun oyunundan razı qaldınız?

- Ondan razı qaldım. Komandaya kömək edirsə, razı qalmalıyam. Digər futbolçuların da hər birindən razıyam. 

- Bu qələbədən sonra qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, qrupdan çıxmaq şansımız çətinləşdi. Çünki “Sportinq” səfərdə “Arsenal”la heç-heçə edib. Həm bizim, həm də “Vorskla”nın işi çətinləşdi. Yenə də ümid etməliyik. Biz sona qədər mübarizə aparacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right