"Qarabağ" "Şerif"lə oyuna ciddi itkilərlə çıxacaq

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Şerif”lə qarşılaşacaq “Qarabağ”ın heyətində ciddi itkilər var.

Newsport.az-ın məlumatına görə, komandanın 3 əsas futbolçusunun yoxluğu baş məşqçi Qurban Qurbanovu düşündürən məqamlardandır.  

Belə ki, ispaniyalı Dani Kintanın oyunu buraxacağı əvvəlcədən bəlli idi. Zədəli olan futbolçu yaxın günlərdə menisk nahiyəsindən Almaniyada əməliyyat olunacaq və təxminən ilin sonuna qədər komandaya kömək edə bilməyəcək.  

Digər zədəli futbolçular isə Miçel və Hannes Haldorssondur. Miçel Azərbaycan Premyer Liqasının III turunda “Neftçi”yə qarşı keçirilən matçın hazırlıqları zamanı zədələnib və 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq. Hannes isə “Şerif”lə ilk oyunun hazırlıqları zamanı qasıq nahiyəsindən zədə alıb. İslandiyalı qapıçının cavab oyununa qədər hazır olacağı inandırıcı görünmür. 

Məşqçilərin korpusunu sevindirən məqam Abdellah Zubirlə bağlıdır. Mərakeş əsilli futbolçu zədəsini sağaldıb və “Şerif”lə keçiriləcək cavab matçında meydanda olacaq.  

Qeyd edək ki, komandalar arasında Moldovada keçirilən ilk oyunda “Şerif” minimal hesablı qələbə qazanıb.  Cavab oyunu avqustun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right