Rəşad Sadıqov: "Biz mərhələni "Slovan"la səfər oyununda uduzmuşduq"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsinin son turunda öz meydanında "Fiorentina"ya məğlub olub (1:2).

 

Newsport.az-ın məlumatına görəmatçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov əməkdaşımızın suallarını cavablandırıb: 

 

"Təəssüflər olsun ki, qapımıza gedən istənilən zərbə qol olur. Elə qollar buraxırıq ki... Belə oyunlarda bu cür qollar buraxmaq bağışlanmazdı. 60-cı dəqiqədə qapımıza zərbə oldu, o da qolla nəticələndi. Rəqib hücum etməkdə çətinlik çəkirdi. Hesabı bərabərləşdirsək də, ani vəziyyətdə qol buraxdıq. Nə bilim...Çox danışılacaq bir şey yoxdu".

 

- İkinci qol epiozodunda top sənə dəyib meydanı tərk etməsə də, hakim küncdən zərbə təyin etdi...

- Əminliklə deyə bilərəm ki, top məndən çıxmamışdı. Həmin epizodda mənim ayağıma top dəyməmişdi. Top rəqib futbolçudan çıxsa da, hakim küncdən zərbə təyin etdi. Hakimlik haqda danışmaq istəmirəm. 

 

- İlk qolda Sehiçin səhvi olduğunu düşünmürsən?

- İlk qolda hər birimizin səhvi var idi. O mövqedən zərbə vurulmasına imkan verməməli idik. Zərbə olubsa da, qarşısında durmaq lazımdı. Hər birimiz bir yerdə qalib gəlmişik,məğlub olmuşuq. Kiminsə adını çəkmək istəmirəm. Dediyim kimi, qapımıza vurulan istənilən zərbə qol olur. Ya qismət belədi, ya da nəyisə düz etmirik. Nəticə çıxarmaq lazımdı. 

 

- Zədəli ola-ola oynadın. Hazırkı durumun necədir?

- Zədə haqda danışmaq istəmirəm. Şükürlər olsun ki, oyunu sona qədər davam etdirə bildim. 

 

- Bir epizodda rəqib futbolçu Matias Vesino ilə mübahisən düşdü. Orda nə baş vermişdi?

- Ona bir kəlmə dedim. Həmin sözü burda demək istəmirəm. Ürəyimdə bir söz var idi, Vesinoya və başqa 3-4 nəfərə dedim. 

 

- Həmin futbolçular dediklərini başa düşdü?

- Əlbəttə. 

 

- İki il öncə demişdin ki, mənim üçün son şanslardan biridi...

- İki il öncə düşünməzdim ki, son turda belə bir şans əlimizə düşəcək və yararlana bilməyəcik. Hər il fürsətlərdən yararlana bilmirik. Sona qədər cəhd edəcəyik. Ola bilər ki, yenə belə bir şans əlimizə düşəcək.

 

- Tez-tez zədələnirsiz. Bu haqda nə deyə bilərsiz?

- Son 1 ildə nə vaxt zədələnmişəm ki? Keçən il də müalicə olunmadan oyunlara çıxırdım. Ard-arda zədəli halda meydana çıxmaq təsirsiz ötüşmür. Ümid edirəm ki, növbəti il belə hallarla üzləşməyəcəm.

 

- Düşünmək olarmı ki, "Slovan"a məğlubiyyətdən sonra qrupdan çıxmaq şansınız qalmadı...

- Biz öz işimizi çox çətinə saldıq. PAOK-un "Fiorentina"nı məğlub etməsi isə, məsələni tam qəlizləşdirdi. PAOK-un "Fiorentina"nı son dəqiqə qolu ilə məğlub etməsi çox üzücü oldu. "Fiorentina" - PAOK oyununu analizi zamanı görürəm ki, PAOK-un vurduğu son qolda hakimin gözü qarşısında qayda pozuntusu olub. Demirəm ki, həmin oyun planlaşdırılmış ssenari üzrə hərəkət edib. Sadəcə, kiçik elementlər ümumi nəticəyə təsir etdi. Bundan sonra önümüzə baxmaq lazımdı. Heç kimi qınamaq niyyətində deyiləm. Danışılmış oyun və ya hakimlər...Sırf özümüzdə günah axtarmaq lazımdı. Biz mərhələni "Slovan"la səfər oyununda uduzmuşduq. Həqiqətən də işimizi çox çətinə saldıq. Bu gün səhvi düzəltməyə cəhd göstərsək də, bacarmadıq.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right