Qurban Qurbanov: "Fiorentina" haqda düşünməyə vaxtım yoxdu"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" sabah qrup mərhələsinin V turunda "Slovan"ın qonağı olacaq.
Newsport.az-ın Liberetsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmadan bir gün əvvəl təşkil edilmiş mətbuat konfransında çıxış edən ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı jurnalistlərin suallarını cavabıandırıb.
 
- "Bilirik ki, çox vacib oyuna gəlmişik. Belə oyunlarda hamı düşünə bilər ki, "Qarabağ" daha istəkli olacaq. Amma rəqibin daha istəkli olacağını düşünürəm. Onların açıqlamaları ilə tanışam. İlk qələbələrini qazanmaq niyyətindədirlər. Bu komandaya qarşı oynamaq çox çətindi. Düzdü, "Slovan" son oyunlarda yaxşı nəticələr qazanmır. Ancaq rəqibə yaxşı oynamağa da imkan vermirlər. Rəqibin gücünü Bakıda hiss etmişik. Bizə çətin anlar yaşatdılar. Bunların hamısını nəzərə almışıq. Ən düzünü etməyə çalışacağıq".
 
- Sabah Azərbaycan əhalisinin gözü Liberetsdə olacaq. Komandanın üzərində psixoloji təzyiq varmı?
- Bu gün hamı futbolu sevir. Bilirik ki, hər kəs sabah bizimlə olacaq. Avropa Liqasındakı oyunlarımızla maraqlananlar çoxdu. Hamı da uğur qazanmağımızı istəyir. Hər turnirə ayrı hazırlaşırıq. Biz öz oyunumuzdan uzaqlaşmalı deyilik. Futbol bir oyunla bitməz.  Sadəcə, oyuna düzgün hazırlaşmaq lazımdı. Prinsiplərimiz özünü doğruldur. Səhv etməmək barədə düşünürük. Fikrimiz ancaq bu oyundadı.
 
- Demək olarmı ki, "Qarabağ" qışa qədər olan pik formasını yığıb?
- Hazırlıq fərqli olur. Çalışırıq ki, mərhələ-mərhələ hazırlaşaq, düzgün işləyək. Düşünsək ki, hər şey qaydasındadı, bu, doğru olmaz. Hansısa bir oyunda geriləmə ola bilər. Bunu həmin an məşqçilər və futbolçular dərk etməlidi. Çatışmazlıqlarımız var. Fərli-fərqli turnirlərdə çıxış edirik. O cümlədən rəqiblər də fərqlidir.
 
- Azərbaycan klubları 20 ildi ki, çex klublarına qalib gələ bilmir. Sizcə, qırılmayan sindiromun səbəbi nədi?
- Bu barədə düşünmürəm. Düşdüyümüz vəziyyyətdən asılı olaraq, hər hansı bir heç-heçə qalibiyyətə bərabər olub. Turnirdə hər xal bir pillə irəli getmək deməkdir. Bunu futbolçuların da yadına salmaq lazım deyil. Bizim üçün vacib olan sabahkı oyundu. 
 
- Yəqin ki, rəqibin son oyunlarını izləmisiz. Bakıda keçirilən ilk oyundan sonra "Slovan"da nələr dəyişib?
- Son oyunlarında nəticələrdə uğursuzluqları var. Amma oyun üslübü qalıb. Sürəti daha da artırıblar.  Bu sistemə qarşı oyanamaq çətindi. Buna görə də səhv etmək ehtimalımız daha da çoxdu. Öz çempionatlarında rəqibləri bunları daha yaxşı tanıyırlar. Rəqibin heyətində hər bir futbolçu sona qədər mübarizə aparmağı bacarır.
 
- Bədavi Hüseynovun son durumu necədi? Start heyətdə meydana çıxa bilər?
- Bədavinin oynama ehtimalı çoxdu. Amma tam qərar verməmişəm.
 
- Sabah keçiriləcək "Fiorentina" - PAOK matçının da nəticəsi bizim üçün çox vacibdi...
- İnanın ki, "Fiorentina" haqda düşünməyə vaxtım yoxdu. Başqasının nəticəsi hazırda bizə maraqlı deyil. Önəmli olan komandamın oyuna hərtərəfli hazır olmasıdı.
 
- Hər iki komandanın kapitanı meydanada olmayacaq. Rəşad Sadıqov kimi, "Slovan"ın hücumçusu Milan Baroş də zədəlidi. Düşünmək olarmı ki, güclər bərabərləşdi?
- Bütün azarkeşlər istəyər ki, bu cür azarkeşlər meydanda olsun. Ancaq mən yenə öz oyunlarım haqqında düşünürəm. Bəli, çox istərdim ki, Rəşad meydana olsun. Futbolda belə hallar olur. Buna hazır olmalıyıq. Daha ətraflı fikir bildirə bilmərəm.  Oyuna əlimizdə olan futbolçularla hazırlaşmışıq.
 
Mərdan HƏSƏNOV , Liberets
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right