"Bu mərhələnin püşkü atılanda düşünürdüm ki,..." - "Qəbələ"nin kapitanı

"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Lill"ə qarşı keçirdikləri cavab oyunundan (1:0, ilk oyun 1:1) sonra Newsport.az-ın da suallarını cavablandırıb. 

-Matç barədə nə deyə bilərsən?

- Rəqib səviyyəli komanda idi. Elə Fransa klubunun adı bizə motivasiya üçün bəs idi. Fransadan yaxşı nəticə ilə qayıtmışdıq. Burada da yaxşı oynadıq və layiqli qələbə qazandıq.

-Bu, sensasiyadı?

- Sensasiya bir oyunda ola bilər. Amma biz onlardan hər iki oyunda üstün olduq. "Qəbələ" indi yaxşı formadadır. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün də əlimizdən gələni edəcəyik. Bizi sevən, hətta sevməyən hər kəsi də sevindirmək istəyirik.

-Bu oyun daha çətin oldu, ya səfərdəki?

- Ən çox çətinliyi səfərdəki matçın ikinci yarısında çəkdik. Bunu da uzun yol yorğunluğu ilə əlaqələndirərdim.

-Bu oyunun 80-ci dəqiqəsindən sonra tempi aşağı salmağınız da yorğunluqdan irəli gəlirdi?

- Hesabda üstün idik. Rəqib isə bizi sıxışdırmağa çalışırdı. Deyərdim ki, öz cərimə meydançamıza sıxışmağa rəqib bizi məcbur etdi. Onlar son dəqiqələrdə artıq dörd hücumçu ilə oynayırdılar. Amma biz də əks-hücumlar qururduq. Həm də hava isti idi.

-Potensial rəqiblər artıq bəllidir. Hansı ilə qarşılaşmaq istərdin?

- Bu mərhələnin püşkü atılanda düşünürdüm ki, təki "Lill" ilə düşməyək. Amma sonda elə bu komandaya rəqib olduq. Ona görə də indi bizim üçün hansı komanda ilə düşməyin fərqi yoxdur. "Lill"i keçmişiksə, növbəti rəqibə də qalib gəlməyə çalışacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right