Araz Abdullayev: "0:0 hesabını pis nəticə saymıram" MÜSAHİBƏ

"Neftçi"nin kapitanı Araz Abdullayev "Şkendiya" ilə görüşdən sonra Newsport.az saytının suallarını cavablandırıb:

 

- Nəticədən razı qaldınız?
- Oyun ağır keçdi. Hava da yaxşı deyildi. Bütün bunlara rəğmən, komanda əlindən gələni etdi. Heç olmasa bir qol vuraraq, səfər matçına daha yaxşı nəticə ilə yollanmaq istəyirdik. Heyf ki, qol vura bilmədik. 0:0 hesabını pis nəticə hesab etmirəm. Yaxşı istirahət edib, cavab görüşünə var gücümüzlə hazırlaşmalıyıq.


- "Neftçi"nin sanki 0:0 hesabı üçün oynadığı görünürdü. Bu baş məşqçinin tapşırığı idi?
- Əlbəttə ki, yox. Biz bütün görüşlərə maksimum nəticə üçün çıxırıq. "Şkendiya"ya qarşı matçda da qələbə üçün oynayırdıq. Bizi dəstəkləməyə gələn azarkelərə təşəkkür edirəm.


- "Baltsan"la görüşdən sonra ən çox tənqid edilən siz idiniz. Hətta bəzi azarkeşlər sizi komandada görmək istəmədiyini də bildirmişdi...
- Böyük klubda oynadığımı anlayıram. Bu cür danışanları da yaxşı başa düşürəm. Normal tənqidi heç vaxt pis qarşılamıram. Burada problem də görmürəm. 


- "Neftçi"nin oyunu alınmayanda daha çox məsuliyyəti üzərinə götürüb qapıya zərbələr edirdin. Bu dəfə sanki məsuliyyəti üzərinə götürməkdən çəkindin...
- Hücumçu kimi oynayırdım. Belə olan halda hər dəfə siz deyən kimi zərbələr etmək çətin olur. Hardasa yarımmüdafiədə oynayanda bir qədər asan olur. "Şkendiya" qapısına tərəf zərbələr endirdim. Təəssüf ki, qapıya düşə bilmədim.


- Makedoniyadakı matç penalti zərbələrinə qədər uzana bilər. "Neftçi" fiziki cəhətdən buna hazırdı?
- Daha çox qələbəni istəyən qazanacaq. Komandada gənc oyunçular çoxdu. Fiziki cəhətdən zəif olduğumuzu da deməzdim. Gücümüzü elə bölməliyik ki, əlavə dəqiqələr olsa belə, yorulmayaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right