"Qarabağ" "Seltik"lə "Bakcell Arena"da oynaya bilər

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Şotlandiyanın "Seltik" klubu arasında keçiriləcək cavab qarşılaşmasına cəmi üç gün qalıb.

Newsport.az-ın məlumatına görə,  bu oyun ərəfəsində qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionu ilə bağlı ciddi problem yaranıb.

Belə ki, arenanın ot örtüyü sıradan çıxıb. Bir neçə gün öncəyə qədər hər şey qaydasında olsa da, mərkəzi arenanın qazonuna cavabdeh olan şirkətin apardığı kosmetik işlər əks effekt verib. Belə ki, qazonun 30 faizi hazırda dəhşətli vəziyyətdədir. Bir sözlə, ot örtüyü belə qalacağı halda, mərkəzi arena avrokubok matçını qəbul etməyə bilər.

Lakin Ağdam klubunun başqa variantı da yoxdur. Çünki "Qarabağ" UEFA-ya ehtiyat stadion kimi "Bakcell Arena"nı təqdim edib. Bu stadionda isə avqustun 6-da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" - "Apollon" (Kipr) matçı keçiriləcək. Bu üzdən də sözügedən arenanın iki gün ardıcıl oyun qəbul etməsi mümkünsüzdür. Çünki avqustun 5-də "Qəbələ" ilə "Apollon"un bu stadionda oyun öncəsi son məşqi də baş tutmalıdır.

Yaranmış vəziyyətlə əlaqədar artıq "Qarabağ" rəhbərliyi mərkəzi arenaya baş çəkib. Onlar qazonun son vəziyyəti ilə tanış olublar. Gördükləri isə klub rəsmilərini məyus edib. Çünki böyük ehtimalla komanda belə acınacaqlı ot örtüyündə oynamaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Gənclər və İdman Nazirliyi, eləcə də AFFA hazırda Tofiq Bəhramov adına stadionun ot örtüyünə nəzarət etmək üçün bu şirkətlə bir illik müqavilə imzalamışdı. Həmin dövrdən bəri arenanın qazonuna məhz həmin şirkət cavabdeh idi. Bir neçə gün öncəyə qədər onların işində heç bir problem olmasa da, son baş verən hadisə ciddi narahatlığa və narazılığa səbəb olub.

Maraqlıdır ki, "Qarabağ" azarkeşləri "Seltik"lə ilk oyundan sonra cavab qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi istəyi ilə AFFA rəhbərliyinə açıq məktub ünvanlamışdı. Amma həmin vaxt qazonun pis vəziyyətdə olması yox, komandamızın oyununa daha çox azarkeş toplamaq məsələsi gündəmdə idi. Gəl ki, Ağdam klubu 60 minlik yeni arenanı UEFA-ya təqdim etmədiyindən, matçın Olimpiya Stadionunda keçirilməsi mümkünsüz idi.(
azerisport.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right