Qurban Qurbanov: "Lex"dən daha çox hücum futbolu gözləyirdim"

"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsinin ilk oyununda Polşada "Lex"ə 0:1 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Düşündüyümüz oyundan əl çəkmədik. Sona kimi mübarizə aparan bir komandaya qarşı oynadıq. Çox yaxşı oyun alındı. Məğlub olmağımıza baxmayaraq, Bakıda bizi çox yaxşı oyun gözləyir. Qarşıda bir neçə günümüz var. Həmin oyuna kimi daha yaxşı səviyyəyə çatacağıq.

- Patrik Andradenin yoxluğu hiss olunurdu. Bir neçə il əvvəl Dino Ndlovu kimi hücumçu da getdi. Neçə illərdir onun yerini doldura bilmirsiz. Sanki komanda yaxşı oyunçuları saxlaya bilmir. Sizin buna münasibətiniz necədir?

- Bu gün klubda hər şey qaydasındadır. Hər birinizin sualına hörmətlə yanaşıram. Sanki kənardan baxanda hər şey sizin üçün daha rahat görünür. Amma burada elə nüanslar var ki, nə klubdan, nə məşqçidən asılıdır. Digər tərəfdən baxanda biz bu il ilk oyunumuzu oynamışıq. Çox böyük narazılıq bildirdiniz. Sualdan belə başa düşülür ki, sanki komanda bu gün futbol oynamadı, 90 dəqiqə müdafiə olunmuşuq. Mən bu gün komandamdan razıyam. Ürəkdən istəyən futbolçular bu komandada qalır, oynayır. Ola bilər çatışmayan cəhətləri var. Amma ürəklə komandada qalırlarsa, bu, mənim üçün çoxlarından üstündür. 

- Cavab matçında nəyi dəyişmək lazımdır?

- Rəqibdə məni təəccübləndirən böyük bir şey olmadı. Sadəcə mən onlardan daha çox hücum futbolu, pressinq gözləyirdim. Düzdür, buna biz də imkan vermədik. Əksinə biz daha çox onların sahəsində pressinq etdik. Dünən də bildirmişdim ki, bizim il ərzində bu səviyyədə oyunlarımız az olur. Polşa çempionatının hansı səviyyədə olduğu məlumdur. Cavab oyununda çox böyük dəyişiklik etmək fikrimiz yoxdur. Etmək istədiklərimizi daha da yaxşılışdırmalıyıq. Komanda bu gün gözlədiyimdən daha yaxşı çıxış elədi. Cəmi 12-13 gündür bir yerdə hazırlaşırıq. Qarşıdakı oyunda da maksimum hücum etməyə, nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Hələ bir həftəyə yaxın vaxtımız var. 

- "Lex" heç də üstün oynamadı. "Qarabağ"ın məğlubiyyətinin səbəbi təlim-məşq toplanışı zamanı ağır yükləmələrin olması ola bilər?

- Düzgün qeyd edirsiz ki, "Lex" üstün oynamadı. Sanki səhvlər axtarırıq. Əvvəldə qeyd etdim ki, komandanın oyunundan razı qaldım. Bu gün Polşa çempionundan zəif futbol oynamadıqsa, onların üzərinə getdiksə, mən futbolçularımdan çox razı qaldım. Avropada 90 dəqiqədə eyni tempdə oynayan komanda göstərin mənə. Əlbəttə ki, məğlubiyyətdə səhvlərimizi axtaracağıq, çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.13-14 ildir ki, bu hazırlıq prosesini keçiririk. Məğlub olmuşuq deyə sistemimizi dəyişmək fikrimiz yoxdur. 

- Cavab matçında qələbə şansı nə qədərdi?

- Dünən də bildirmişdim ki, bu oyunun favoriti yoxdur. Yenə də fikrimdə qalıram. Məğlub olmağımıza baxmayaraq, şansları 50/50-yə dəyərləndirirəm.

- Ötən mövsümü Toral Bayramov və Abbas Hüseynov yaxşı keçirsə də, mövsümün sonuna yaxın əsas heyətdəki yerlərini itirdilər. Bunun səbəbi intizamsızlıqla əlaqədərdi, yoxsa necə? 

- Çox düzgün qeyd edirsiz ki, yerlərini itirdilər. Digər futbolçular onlardan daha yaxşı performansdadı. Ona görə bu dəyişikliklər olunub. Amma hər ikisi bizim əsas oyunçularımızdı, hər ikisinə güvənirik. Qarşıdakı oyunlarda da istənilən dəyişiklik ola bilər. Çünki, biz həm rəqibi düşünürük, həm futbolçuların hazırlığını, həm də onların nizam-intizamını. Ona görə də hər bir futbolçu verilən şansdan maksimum istifadə edib, onu qoruyub-saxlamalıdı.

- "Lex" in müdafiəyəmeyilli oynayacağını gözləyirdiz? Bu, sizin üçün sürpriz oldu? 

- Burada digər nüanslar da var. Biz də onları məcbur etdik ki, daha çox müdafiədə oynasınlar. Bunu da nəzərə almaq lazımdı. Amma ilk dəqiqələrdən hiss olunurdu ki, "Lex" ehtiyatlanır. Bu da sürpriz deyildi. Çünki, bunu nəzərə almışdıq. Çox da fikir bildiriləsi bir şey yoxdu. Biz yenə də öz oyunumuzdan əl çəkməyəcəyik. Çalışacağıq ki, Bakıdakı matçda oyunumuzu daha da yaxşılaşdıraq. Son olaraq bildirmək istəyərdim ki, burada azərbaycanlıları görməkdən məmmunam. Baxmayaraq ki, xaricdə yaşayırsınız, hər biriniz mənim üçün çox dəyərlisiz. Mənə neqativ suallar versəniz də, həmən üzərimə gəlsəniz də, bilin ki, hər birinizi çox yüksək dəyərləndirirəm. Bir azərbaycanlı kimi çox insanları dəyişmərəm sizə. Təşəkkür edirəm hər birinizə.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right