"Daha yaxşı müdafiə xətti görəcəyik" - Qurban Qurbanov

Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Şerif” matçından (2:1) sonra təşkil olunan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- Vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Son 8 gündə 3-cü oyunumuz idi. Komandanın sona kimi mübarizə aparmağa gücü çatdı. Çox çətin idi. Sönük oyun kimi görünsə də, xeyli qol epizodlarımız oldu. Bunlardan istifadə etmədiyimizə görə əsəbi oyun alındı. Mərhələ keçmək vacib idi. Minimum Avropa Liqasının pley-offunu təmin etdik.

- Rəqib azlıqda qaldıqdan sonra komandada durğunluq yarandı. Bu arxayınlıqla baöğlı idi?
- Arxayınlıq yarandığını deməzdim. Sadəcə, belə hallarda rəqib daha inamlı olur. İtiriləsi bir şeyləri yox idi və aktiv olmağa çalışırdılar. Oyun ərzində 2-3 dəfə bir neçə dəqiqəlik oyunu itirdik, qalan zamanda oyuna nəzarət edirdik. Arxayınlıq yox idi. Fasilədə futbolçulara diqqətli olmaqla bağlı tapşırıqlarımızı vermişdik. Rəqib sürətli oynayırdı, əks-hücumlarda təhlükəli idilər.

- Matiçdən Miçeldən aldığınızı ala bilirsizmi?
- Miçel olanda sistem olaraq fərqli oynayırdıq. Matiç daha çox geridən oynayır. Bundan daha yaxşı Matiç görəcəyimizi düşünürəm. 4-5 ay oynamayan futbolçu bu komandaya düşüb, uyğunlaşması lazımdı. Fiziki formasını istənilən vəziyyətə çatdırmayıb. Onun təcrübəsindən və ustalığından yararlanacağımıza inanıram.

- Qarşıda millinin oyunu gəlir və futbolçular toplanışa gedəcəklər. Bu cür sıx qrafik daha faydalıdı, yoxsa uçuruma səbəb ola bilər?
- Çox çətin olacaq onlar üçün. Futbolçu ən böyük yüklənməni oyunda alır. Buna görə də bərpa üçün vaxt lazımdı. Təkcə milli komanda deyil, ondan sonrakı qrafik həddən artıq sıxdı. Çempionat və avrokubok oyunlarımız olacaq. Bunu məşqçi heyəti ilə müzakirə etmişik. Əvvəlki illərdən daha sıx qrafikdi. Bu da futbolçularda təkcə yorğunluq yaratmayacaq, zədələrə də səbəb ola bilər. Tək məşqçilərin dediyi yox, onlar özləri də daha yaxşı vəziyyətə gəlmək üçün çalışmalıdılar. Amma bunun uçuruma səbəb olacağını düşünmürəm. Oyunun tempinin yüksək olmadığını düşünə bilərik, ancaq azarkeş olsaydı, daha fərqli oyun görəcəyik. Futbolçularımız sıx qrafikə hazır olmalıdılar.

- Rəqibin baş məşqçisi mətbuat konfransına qatılmaq istəmir. Sizin məğlubiyyət zamanı belə etmək istəyiniz olubmu?
- Bir dəfə olub. Hətta stadiondan çıxmışam, amma geri qayıtmışam. “Qarabağ”da ilk zamanlarımda “Simurq”a uduzmuşduq. Azarkeşlər “istefa” qışqırmışdılar, həmin oyunda mətbuat konfransına qatılmaq istəmirdim. Cavan vaxtlarım idi. Ancaq sonradan qayıdıb, jurnalistlərlə görüşmüşdük.

- Adətən hücum xətti ilə bağlı soruşulur, bu dəfə isə müdafiənin mərkəzində problem görünürdü...
- Biz daha yaxşı müdafiə xətti görəcəyik. Elə səhvlərdi ki, bunları düzəltmək olar. Bədavi və Kevin nadir hallarda təkbətək mübarizələrdə uduzur, ancaq texniki səhvlər var idi. Bunları yorğunluqla əlaqələndirərdim. Belədə, düzgün qərar vermək və topu hiss etmək çətin olur. Meydan amilini qabartmaq istəməzdim. Müdafiəçilərimiz daha dəqiq oynamağı düşünməli və bunun üçün çalışmalıdılar.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah