“Qarabağ” evdə APOEL-ə məğlub olsa, Qurbanov istefa verəcək?" - APOEL rəsmisi

"Əminəm ki, "Qarabağ" bizdən yaxşı komanda deyil"

Newsport.az-ın məlumatına görə, APOEL-in mətbuat katibi Petevinos Nektarios Sportinfo.az-a müsahibə verib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la oyunu öncəsi şansları dəyərləndirən Kipr klubunun rəsmisi maraqlı fikirlər səsləndirib.

- Komandanız növbəti həftə Bakıda “Qarabağ”la cavab oyununa çıxacaq. Evdəki məğlubiyyətdən sonra kollektivdə əhval-ruhiyyə necədir?

- Vəziyyət əleyhimizdədir. “Qarabağ” səfərdə 2 qol vurub. Rəqib səviyyəli komandadır. Bu mənada bizə çətin olacaq. Ancaq eyni zamanda APOEL-in avrokubok tarixi geridönüş etdiyi oyunlarla doludur. İnanırıq ki, “Qarabağ” bizdən yaxşı komanda deyil. Son saniyəyə qədər vuruşacağıq. Ən yaxşı tərəf növbəti mərhələyə keçəcək.

- İki gün öncə istefaya göndərilən Paolo Trematsaninin yerinə almaniyalı Tomas Doll təyin olundu. Sizcə, bu dəyişiklik işə yarayacaq?

- Yeni baş məşqçi oyun fəlsəfəsinə yeni ideayalar əlavə edəcək. Ancaq qısa vaxt ərzində çox şeyi dəyişmək çətindir.

- Vuyadin Saviç və Alef dos Santos kimi aparıcı futbolçularınız cavab oyununda meydana çıxa bilməyəcək. Bu amil komandanın çıxışına necə təsir edəcək?

- Komandada yeni futbolçular var. Adlarını çəkdiyiniz oyunçuların yoxluğunu doldurmaq üçün baş məşqçinin əlində seçim imkanı olacaq.

- Evdəki oyunda son dəqiqələrdə çətinliklə bir qol vura bildiniz. Səfərdə 2 dəfə “Qarabağ”ın qapısına yol tapmaq özünüzə inandırıcı gəlir?

- Siz nə danışırsınız? APOEL “Santyaqo Bernabeu”da “Real”a, Bilbaoda “Atletik”ə, “Midtyulland”a, “Helsinki”yə 2 qol vuran komandadır. Əlbəttə ki, inanırıq.

- Adlarını çəkdiyiniz komandalara səfərdə 2 qol vurmusunuz, amma Bakıda heç vaxt bunu edə bilməmisiniz. Ölkəmizə bundan əvvəlki iki səfərdə (0:0, 1:1) ən yaxşı halda heç-heçə etmisiniz...

- Yaxud da heç bir Azərbaycan klubu Bakıda APOEL-lə bacarmayıb (gülür). Bildiyim qədər sizin komandalar bizə qalib gələ bilməyib.

- Əvəzində “Neftçi” 7 il bundan qabaq Nikosiyada APOEL üzərində tarixi qələbə qazanıb. Son olaraq da, “Qarabağ”a uduzdunuz. Evdə Azərbaycan klublarına qarşı oyununuz niyə alınmır? 

- Mən bunun rəqibin təmsil etdiyi ölkə ilə bağlı olduğunu düşünmürəm. Bu, futboldur. Bəzən udur, bəzən də uduzursan. Ancaq bayaq da dediyim kimi, biz komandamıza güvənirik. “Qarabağ”a hörmət edirik. Bakıda öz oyunumuzu göstərəcəyik. Nəticənin necə olacağı oyundan sonra bilinəcək.

- “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin meneceri Sem Nordin şəxsi “Facebook” səhifəsində Nikosiyadakı oyunda APOEL-in qapısına vurulan 2-ci qolun videosunu paylaşaraq, altında “ağrılıdır” yazıb. Kipr mətbuatı isə bunu agentin klubunuza atmacası kimi dəyərləndirib...

- APOEL-in 28 çempionluq titulu var. Son 7 ildə ardıcıl Kipr çempionatının ən güclüsü biz oluruq. Dörd dəfə Çempionlar Liqasının qrup mərhələsində, bir dəfə isə həmin turnirin 1/4  finalında oynamışıq. Üç dəfə Avropa Liqasının qrup mərhələsi, bir dəfə isə 1/16 mərhələsində mübarizə aparmışıq. Bilirik ki, çox futbolçu APOEL və ya “Qarabağ” kimi komandada oynamaq istəyir. Bu mənada Zubirin bizə qarşı belə oyun sərgiləməsi normal haldır. Yaxşı futbolçudur. 

- Nikosiyadakı oyunda stadionda Ermənistan bayraqları var idi. Halbuki matçdan öncə “Qarabağ”ın nümayəndələri bu kimi xoşagəlməz hadisələrin baş verə biləcəyini nəzərə alıb, həm UEFA-nı, həm də sizi məlumatlandırmışdı. Bu məsələyə də münasibətinizi bilmək istərdim…

- Bizim müxtəlif ölkələrdən fanatlarımız var. Onlar stadiona öz bayraqları ilə gələ bilərlər. Kiprdə çoxlu erməni yaşayır. Yəqin ki, siz burada erməni icmasının olmasından xəbərsizsiniz. Əgər bir ölkə Birləşmiş Millətlər Təşkilatı, Avropa birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınırsa, burada heç bir problem yoxdur. UEFA özü də buna icazə verir.

- Yəni deyirsiniz ki, Bakıdakı oyunda stadionda türk bayraqları görsəniz, buna normal reaksiya verəcəksiniz?

- Əgər “Qarabağ” azarkeşləri stadiona Türkiyə bayraqları gətirmək istəyirsə, bu, bizim üçün problem deyil. Ancaq biz də eyni hərəkəti edə bilərik. Bizdə hər zaman Yunanıstan bayraqları olur. Çünki komanda olaraq, həm də yunan adalarını təmsil edirik. Amma əgər söhbət hansısa qanunsuz dövlətin bayrağından gedirsə, bu, artıq başqa məsələdir.

- APOEL “Qarabağ”ı keçə bilməsə, Tomas Doll istefaya göndəriləcək?

- Suala sualla cavab verim: “Qarabağ” evdə APOEL-ə məğlub olsa, Qurban Qurbanov istefa verəcək?





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right