“Şerif”in baş məşqçisi: “Qəbələ” barədə heç bir məlumatımız yoxdur”

UEFA Gənclər Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ”nin U-19 komandasının rəqibi olan “Şerif”in baş məşqçisi Luka Pavloviç klubun rəsmi saytına müsahibə verib. 

Newsport.az həmin müsahibəni təqdim edir:

- Püşkdən öncə hansısa rəqibi arzu edirdiniz?

- Xeyr, belə istək olmayıb. Püşkün nəticəsindən razıyam. Bizə daha da güclü rəqib düşə bilərdi. Misal olaraq, Berlin “Herta”sı və Yunanıstan PAOK-unu deyə bilərəm. Digər tərəfdən, daha güclü rəqiblə oyun futbolçuların inkişafı baxımında təcrübə toplamağa imkan verir. “Qəbələ”nin adi, elə-belə rəqib olduğunu deyə bilmərəm. Amma birinci mərhələdə layiqli çıxış etmək üçün bütün lazımı keyfiyyətlərimiz var. Hazırda çempionatda fasilədir. Bu müddətdən taktiki hazırlıq üçün istifadə edəcəyik. Futbolçuların fiziki durumu istədiyimiz səviyyədədir. Onları psixoloji cəhətdən də hazırlamalıyıq. Bunun özü də ağır işdir.

- “Qəbələ” sizin üçün nə dərəcə tanış rəqibdi?
- Bu komanda barədə heç bir məlumatım yoxdu. Amma Azərbaycan futbolunun inkişafda olduğunu bilirəm. Orada güclü futbol məktəbləri var. Bizə asan olmayacaq. Bu üzdən də rəqibimizi ciddi analiz etməliyik.

- Siz rəqibi təhlil edərək oyununuzu qurmaq istəyirsiniz, yoxsa öz fəlsəfənizdən istifadə edəcəksiniz?

- Analiz rəqibin güclü və zəif tərəflərini bizə göstərəcək. Bundan sonra Azərbaycanda keçirəcəyimiz ilk oyunun planını təsdiqləyəcəyik.

- İlk oyunun səfərdə keçirilməsi sizin üçün üstünlükdü?
- İlk oyunu səfərdə keçirmək bizim üçün yaxşıdı. Rəqibi daha yaxından tanımaq imkanı qazanacağıq. Bu, evdə keçirəcəyimiz cavab oyununa yaxşı hazırlaşmağımıza da kömək edəcək. Amma əsas səfərdə sərfəli nəticə qazanmaqdı.

- Gənclər Liqasında komandanın qarşısına konkret olaraq hansı hədəf qoyulub?

- Həm əvəzedicilərin çempionatı, həm də 19 yaşadək futbolçulardan ibarət komandaların yarışında vacib oyunlarımız var. Unutmaq lazım deyil ki, növbəti mövsümdə də UEFA Gənclər Liqasına vəsiqə qazanmalıyıq. Bu il üçün əsas vəzifə addım-addım irəliləməkdir. Bu isə o deməkdir ki, əvvəlcə ikinci mərhələyə vəsiqə qazanmaq lazımdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right