Nikolay Siqneviç: "Qarabağ" cərimə meydançamıza daxil olanda həyəcanlı olurduq"

BATE Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Qarabağ"la evdə heç-heçə edib - 1:1. Bu nəticə ilə ÇL-in pley-offuna yüksələn Borisov təmsilçisi bu mərhələdə Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, oyundan sonra BATE-nin hücumçusu Nikolay Siqneviç fikirlərini bölüşüb:

"Çempionlar Liqasında istədiyimiz nəticəni qazanaraq, inkişaf etdiyimiz üçün çox xoşbəxtik. Hər iki oyunda çətinliklə üzləşdik. Amma əsas odur ki, pley-offa yüksələn tərəf bizik. Azarkeşlərimizi təbrik edirəm".

26 yaşlı futbolçu "Qarabağ"ın hücumları zamanı gərgin olduqlarını deyib: "Qarabağ" gözlədiyimiz kimi hücumlar etdi və topa nəzarəti əlində saxladı. Buna baxmayaraq, qol şansları bərabər oldu. Razıyam ki, onlar bizim cərimə meydançamıza daxil olanda həyəcanlı olurduq. Real qol şansı qapımızda yaranmırdı, lakin gərginlik baş verirdi".

Belarus millisinin üzvü qaçırdığı real qol epizodu barədə danışıb: "Təəssüf qol vura bilmədim. Halbuki çox gözəl şansım var idi. Açığı, bilmirəm ki, başla zərbəm niyə qol olmadı. Ümid edirəm ki, növbəti oyunlarda qol vuracam və birdən "partlayacam". Bunu səbirsizliklə gözləyirəm".

Siqneviç qrup mərhələsini arzuladıqlarını sözlərinə əlavə edib: "PSV üçün indidən hazırlaşmalıyıq. Artıq avrokubokların qrupunu təmin etmişik. Amma Çempionlar Liqası üçün iştahamız artıb. Qrup mərhələsinə düşmək istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right