Qurban Qurbanov: “Biz hər bir oyuna qələbə üçün çıxırıq”

“Çox vacib oyuna çıxacağıq.  Avrokuboklarda böyük təcrübəyə malik komanda ilə qarşılaşcağıq”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanənda Belarusun BATE klubunu qəbul edəcək. 

Oyundan bir gün öncə keçirilən mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Rəqibimiz nəticəyə oynayan komandadır. Düşünürəm ki, işimiz çətin olacaq. Oyuna yaxşı hazırlaşmışıq. Nə qədər yaxşı hazırlaşsaq da, ilk oyunda rəqibimizi tanımağa çalışacağıq.  Biz nə qədər qalib gəlmək istəyiriksə, rəqib də bunu arzulayır. Səhvsiz oynamağa çalışacağıq”.

- BATE hansı cəhətlərdə sizə çətinlik yarada bilər?

- Rəqib rahat şəkildə müdafiə olunmağı və hücum etməyi bacarır. Hər kiçik epizoddan yararlanmağı bacarırlar və bu, bizə çətinlik yara bilər.

- Rəqibin oyunlarını izlədikdən sonra nə aşkar etdiniz?

- Çempionatla avrokubok oyunları fərqlidir. BATE ölkə çempionatında liderlər sırasında yer alıb.  Amma avrokuboklarla çempionatın motivasiyası ayrı olur. Sabah fərqli-fərqli hücumlar quracaqlar. Rəqibin bu turnirdəki təcrübəsi özlərinə inam verir. İstənilən həmlələrinə hazır olmalıyıq. 

- Komanda optimal formadadır?

- Bir zamana ehtiyac var. Çünki bəzi futbolçular komandaya gec qoşulublar.

- BATE-nin baş məşqçisi “Qarabağ”a məğlubiyyətin sürpriz olacağını bildirdi.

- Bu barədə danışmaq istəmirəm. “Kukesi” bizimlə oyuna fərqli hazırlaşmışdı, iddialı açıqlamalar verirdilər. Mən də hansısa fikir bildirmək istəmirəm. 

- Heyətdə hansı dəyişiklik edəcəksiniz?

- Əvvəlcədən heyət demirəm. Sabah hər bir oyunçunun meydanda olmaq ehtimalı var. Səhər məşqimiz olacaq və bundan sonra qərar verəcəyik.

- Adətən ilk oyunu səfərdə keçirən komanda üstün olur. İlk oyun üçün hədəf nədir?

- Son vaxtlar belə fikirlər azalıb. Bəzən böyük klublar öz meydanlarında məğlub olub, səfərdə qələbə qazanıb.  Əsas hədəfimiz qol buraxmamaqdır və bunun üçün hər şey edəcəyik.  İkinci oyundan sonra bilinəcək ki, ilk matçın nəticəsi bizə səfər edib, ya yox.  Amma biz hər bir oyuna qələbə üçün çıxırıq. 

- BATE səfər oyunlarında yaxşı performans göstərir.Buna hazırsınızmı?

- Belə bir üstünlükləri var. Bəzən bizdə də belə hallar olub.  Ona görə əvvəldən bildirdim ki, ilk oyundan sonra qərar vermək olmaz. 

- “Qəbələ” klubu əvəzedicilərin çempionatında oynamaqdan imtina etdi. “Qarabağ” bu addım atmağı düşünmür?

- Bu barədə fikir bildirmək düzgün olmaz. “Qarabağ” əvəzedicilərin çempionatında iştirak edəcək. “Qəbələ”nin qərarına normal yanaşırıq. Bundan başqa, sıx qrafiklə bağlı bu barədə düşünməmişik.

- Oyunun baş hakimi qırmızı vərəqələri çox göstərməsi ilə tanınır. Bundan çəkinmirsiniz?

- “İnter”ə qarşı matçdakından pis qərar ola bilməz.  Həmin zaman biz qrupdan çıxıb, Azərbaycan futbolunda ilkə imza ata bilərdik.  Amma qərar verildi və biz kənarda qaldıq. İndi isə hakimliklə bağlı danışmaq istəmirəm, inanıram ki, düzgün qərarlar verəcəklər. 

- BATE-nin əvvəlki səviyyədə olmadığı deyilir. Bu fikirlə razısınız?

- Bu fikirlə razı deyiləm. Bizim haqqımızda da belə fikirlər səsləndirilir.  Komanda nəticə göstərirsə, haqqında pis fikir bildirmək düzgün deyil. BATE-ni analiz edəndə gördük ki, ciddi rəqibdir.  Son 10 ildə 4 dəfə ÇL, 4 dəfə AL-in qrupunda oynamaları az iş deyil.  Klub olara böyük nəticə göstəriblər.  İndiki futbolda isə bütün komandalar nəticə qazana bilir. 

- Emeqara son oyunda yaxşı təsir bağışladı. O, daha əvvəl də “Qarabağ”da çıxış etmişdi. Demək olarmı ki, onun gedişi həmin zaman itki idi?

- Düşünmürəm. Bu klubdan ən vacib oyunçular getdi. Amma nəticəmiz yaxşı olmağa davam edir. Keçmişimizə baxıb peşmanlıq çəkəcəyiksə, işləyə bilmərik.  Emeqara ötən oyun yaxşı oynadı, amma bu o demək deyil ki, hər zaman belə oynayacaq.  İndi Emeqara bizimlədi və ondan yararlanmağa çalışacağıq.  İnanıram ki, o, öz üzərində çalışacaq və komandaya daha çox xeyir verəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right