"Qarabağ"ın 13 yaşlı rəqibi

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun rəqibi 2005-ci ildə yaranıb. Komanda 5-ci liqadan mübarizəyə başlayaraq, hər mövsüm yüksək dəstəyə vəsiqə qazanıb. 2005-2007-ci illərdə paytaxt Lyubliyanada yerləşən Beziqrad qəsəbəsinin adına uyğun olaraq, “Beziqrad” adı ilə fəaliyyət göstərib. 2007-2008-ci illərdə isə “Olimpiya” adı ilə Beziqradı təmsil edən komanda 2008-ci ildən Lyublyananın adına çıxış edir.

Komanda 2009-cu ildə elitaya vəsiqə qazanıb. Paytaxt təmsilçisi 2015/2016 və 2017/2018-ci illər mövsümündə çempionluq sevinci yaşayıbsa, 2 dəfə gümüş və 1 dəfə də bürünc medala sevinib. “Əjdahalar” 1 dəfə də ölkə kubokunu qazanıb. “Yaşıl-ağlar”ın avrokubok təcrübəsi azdır. İndiyə qədər “Olimpiya” avrokuboklarda 18 oyun keçirib. Komanda bu matçlarda 6 qələbə qazanıb, 4 heç-heçə edib və 8 dəfə yenilgi yaşayıb.

Lyublyana təmsilçisinin ləqəbi “əjdahalar” və “yaşıl-ağlar”dır. Buna uyğun olaraq, ev oyunlarını komanda ağ və yaşıl rəngli formalarda keçirir. Komanda ev oyunlarını 16 min 38 nəfərlik azarkeş tutumu olan “Stozice” stadionunda reallaşdırır.

“Olimpiya”nın prezidenti 79 yaşlı Milan Mandariçdir. O, 2015-ci ildən komandanın prezidentidir. Baş məşqçi postuna 2018-ci ildə 39 yaşlı serbiyalı İliya Stolitsa gətirilib.  Komandanın kapitanı 35 yaşlı müdafiəçi Branko İliçdir. Təcrübəli müdafiəçi 2004-2015-ci illərdə Sloveniya yığmasında 63 oyun keçirib.

Təmsilçilərimiz indiyə qədər 12 dəfə Sloveniya komandaları ilə avrokuboklarda qarşılaşıb. Bu matçlarda 7 dəfə Sloveniya komandaları, 3 dəfə isə Azərbaycan təmsilçiləri qələbə qazanıb. 2 oyunda isə qalib bəlli olmayıb. Top fərqi isə Sloveniya klublarının xeyrinədir - 17:8.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right