“Imaret Europe” və “Milli Dəstə” azarkeş qrupları “Qarabağ”ın avrokubok matçlarında iştirakını dayandırdığını bəyan edir!

Newsport.az xəbər verir ki, bu barədə “Imaret Europe” və “Milli Dəstə”nin səhifələrində qeyd olunub. Bəyanatda deyilir:

2013-cü ildə yaranan “Imaret Europe”un məqsədi “Qarabağ”ı avrokuboklarda, 2016-cı ildən yaranan “Milli Dəstə”nin əsas məqsədi isə Azərbaycan bayrağı altında iştirak edən bütün milli komanda və klublarımızı Avropa miqyaslı turnirlərində dəstəkləməkdir. Bu qruplar yarandıqları gündən bacardığı qədər “Qarabağ”ın bütün matçlarında iştirak edib, tribuna təşkilatçılığını öz üzərinə götürüb və komandanı 90 dəqiqə tək buraxmayıb. Uzun müddətdir ki, hər iki azarkeş qrupu “Qarabağ”ın nümayəndələri ilə fasiləsiz əlaqədədir. Bu işləri görmək və birgə çalışmaq üçün səylər göstərir. Ancaq son 2 ildə bu munasibətlərdə biz tərəfdən tam təşəbbüs göstərilsə də, klub bunun reallaşdırılmasında ciddi axsamalara yol verir. Xüsusilə də ən sadə məsələlərdə. Azarkeş qruplarının ən önəmli “silah”ı tribuna, bannerlər, barabanlar və digər atributlardır. Düzgün tribunanın seçilməsi və atributların stadiona keçirilmə icazəsi ilə bağlı bütün məsuliyyət isə klubun üzərinə düşür. Çox təəssüf ki, qarşı tərəf bu işin öhdəsindən gələ bilmir. Əvvəlcə, son 2 ildə olan hadisələrin xronologiyasını diqqətinizə çatdıraq:

1) “Fiorentina”- “Qarabağ”: Tribunanın seçilməsi zamanı “Qarabağ” klubunun bizim azarkeş qruplarımızın o matçda iştirak edəcəyini və 90 dəqiqə ayaq üstə duraraq dəstək olacağını bilməyinə baxmayaraq, 1-ci sinif (first class) sektoru seçilmiş və orada matç başladıqdan dərhal sonra ayaq üstə durmağımıza əngəllər yaradılmışdı. 20 dəqiqə ərzində güc strukturları və stadionun rəhbərliyi ilə mübahisə edərək komandanı dəstəkləyə bilməmiş, üstəlik, stadiondan kənarlaşdırılmaqla hədələnmişdik. Son olaraq şəxsi təşəbbüsümüzlə güc strukturları ilə razılığa gəlib, qapı arxası sektora keçməyi qərarlaşdırmış, ilk hissənin 2-ci yarısından sonra orada öz dəstəyimizi verməyə davam etmişdik. “Qarabağ” klubunun nümayəndəsi isə bu müddət ərzində yalnız son anda – yeni sektora keçərkən gəlmişdi.

2) “Çelsi” – “Qarabağ”: Azarkeş qruplarımızın o matça gələcəklərini bilmələrinə baxmayaraq, yenə də sektor seçimi zamanı ən yanlış addım atılmışdı. Hətta biletlərin üzərində “persistent standing is not allowed” (uzun müddət ayaq üstə dayanmağa icazə verilmir) yazılmışdı. Bu səbəbdən də biz 90 dəqiqə ərzində ayağa qalxa bilməmiş və “Qarabağ”a yetərli dəstək göstərə bilməmişdik. Biletlərin satışı zamanı isə xaosun olmasını, üzvlərimizin bilet əldə etməsi ilə bağlı çətinliklərlə qarşılaşmasına baxmayaraq, bu problemləri klubun ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsinə və təcrübəsiz olması ilə əlaqələndirib göz yummağa çalışmışdıq.

3) “Atletiko” – “Qarabağ”: Matça gətirəcəyimiz banner, baraban və digər atributlarla bağlı kluba 1 (bir) ay öncədən müraciət etməyimizə baxmayaraq, bizə yalnız oyun günü – guya “Atletiko” tərəfindən qoyulan qaydalara görə – bannerlərin ölçüsünün 3 metrdən artıq olmaması şərti qoyulduğu barədə məlumat verildi. Həmçinin barabanla da bağlı heç bir problemlə qarşılaşmayacağımızı və stadiona keçərkən klubun əməkdaşının bizə yardım edəcəyi ilə bağlı söz də aldıq. İlk öncə qeyd edək ki, bannerlərlə bağlı məlumatın bizə səfərə çıxmağımızdan öncə məlumat verilməsi lazımdır. Çünki oyuna gəlməyimiz və hazırlıq yetərincə böyük vaxt və əmək tələb edir. Hər bir əziyyəti öz üzərimizə götürməyə hazırıq, ancaq klub bizə vaxtında məlumat vermədiyinə görə icazə verilməyəcək atributları özümüzlə gətirməyimiz qəbuledilməzdir. Maraqlısı isə odur ki, stadiona gəldikdə bannerlərin ölçülərinin uyğunsuzluğu ilə bağlı heç bir problem yaşanmamış, ancaq barabanın stadiona keçirilməsinə icazə verilməmişdir. Həmçinin, atributları içəri keçirərkən klubun söz verilən əməkdaşına məlumat göndərilməsinə baxmayaraq, həmin şəxs yanımıza gəlməmişdi.

4) Faktiki olaraq, son 4 ildə heç bir avrokubok matçında baraban və bannerlərlə bağlı icazələr rəsmi olaraq qarşı tərəfdən alınmayıb. Sadəcə, rəqib komandanın təhlükəsizlik xidməti onların keçirilməsində heç bir problem görmədiyinə görə, ümumilikdə böyük problemlərlə rastlaşmamışıq.

Bütün deyilənləri nəzərə alaraq:
– yuxarıda sadalanan problemlərin həlli istiqamətində konkret addımların atılması ilə bağlı klub tərəfindən rəsmi şəkildə hər iki azarkeş qrupuna cavab verilməyənə;
– tribunaların seçilməsi və atributların icazəsi ilə bağlı klub və azarkeş qrupları arasında əlaqədə ola biləcək klub nümayəndəsinin rəsmi şəkildə təyin olunmayana;
– bu məsələlər barədə “Roma” – “Qarabağ” matçına 2 həftə öncəyədək cavab verilməyənə qədər
“Imaret Europe” və “Milli Dəstə” azarkeş qrupları “Qarabağ”ın avrokubok matçlarında iştirakını dayandırdığını bəyan edir!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right