Qurban Qurbanovun uzun, incə yolu YAZI

2010-cu il idi. Qurban Qurbanovu Quzanlıda istefaya səsləyirdilər. Çox pis təsir eləmişdi o hadisə mənə. Axı, bu adam cəmi bir neçə ay əvvəl Azərbaycan xalqına Avropa Liqasında “play-off” həyəcanı yaşatmışdı. Admir Teli istisna olmaqla, başdan-ayağa yerli futbolçulardan qurulmuş heyətlə “Rusenborq”, “Honka”nı mübarizədən kənarlaşdırmış, o dönəmdə əzəmətli “Tvente” ilə sona qədər vuruşmuşdu. Və bu, həmin vaxtlar idi ki, azərbaycanlı məşqçiləri demək olar ki, siyahıdan silmişdilər, azərbaycanlı məşqçi obrazına inam itmişdi. Qurban Qurbanov kimi bir şəxsiyyətin yeni-yeni üzə çıxmağa başladığı bir vaxtda onu israrla istefaya səsləyən kütləni heç cür anlaya bilmirdim. Deyilənlərə görə, həmin istefa şüarlarının arxasında başqa məqamlar da var idi. Lakin bu barədə dəqiq nəsə demək çətindi, heç mənası da yoxdu indi... Həmin hadisədən sonra “Futbol saatı” verilişində bir çıxışım oldu. Qurban Qurbanovun bir dəyər olduğunu dedim, ona dəyər verməyi istədim azarkeşlərdən.

Onun komandası hələ ilk avrokuboklar ilində özünə xas futbol sərgiləməyə çalışırdı və ilbəil həmin üslubu təkmilləşdirirdi. Elə Avroliqada ikinci mövsümü xatırlayın, “Visla” ilə oyunlarda azarkeşlər əvvəlkindən daha baxımlı futbol sərgiləyən “Qarabağ” gördü, indi isə tam fərqli “Qarabağ” görür. Həmin illərdə həm bəzi həmkarlar, həm də bəzi futbol adamları məni Qurban Qurbanova da, “Qarabağ”a da aşırı simpatiya bəsləməkdə suçlayırdılar. Həmin ittihamlar məni heç usandırmırdı, usandırmadı da bu illər ərzində. Əksinə, mənim həm Qurban Qurbanova, həm də “Qarabağ”a olan inamım daha da möhkəmləndi. Yeri gəlmişkən, uğurlar çoxaldıqca Qurban Qurbanovun əməyinə dəyər verənlər də çoxaldı. Bu gün onların sayı daha da çoxdu, sabah lap çox olacaq. Çünki Qurban Qurbanov həqiqətən böyük dəyərdi Azərbaycan futbolu üçün!

 

Gün var əsrə bərabər, oyun da var bütün futbol tariximizə. “Kopenhagen”lə oyunda ən yeni, ən böyük tarix yazıldı Azərbaycan futbolunda. İndi bir anlıq “Rusenborq”dan “Kopenhagen”ə qədər olan yolu vərəqləyəndə, adam fikirləşir ki, Qurban Qurbanov haradan haraya gətirdi “Qarabağ”ı. Bu ağır illər onu da bir məşqçi kimi xeyli püxtələşdirdi. Dünən, çox çətin məqamda Qurban Qurbanov oyunu öz xeyrinə çevirə bildi. İmkan vermədi ki, Şehiçin fasilə ərəfəsindəki uşaq səhvi komandanı sındırsın. Və ikinci hissədə biz daha xarakterli, daha inadkar “Qarabağ” gördük meydanda. Ndlovunun vurduğu qoldan qabaq Miçelin çox təhlükəli baş zərbəsi var idi. Yəni, Dino vurmasaydı belə, o qol yetişirdi. Qurban Qurbanovun ən önəmli müdaxiləsi “Qarabağ”ın oyunun sonlarında 5-li müdafiə sisteminə keçməsi oldu. Rəşad Sadıqovun meydana daxil olması ilə sanki Bədavi Hüseynovla Yakub Rejniçak da bir az rahat hiss eləməyə başladılar özlərini. Tam qapandıq, boşluq verməməyə çalışdıq və lazım olan nəticəni qazandıq.

 

“Qarabağ”ın səfərdə “Zalsburq”a məğlub olduğu axşamı yadıma salıram. Həmin matçdan sonra Qurban bəylə mehmanxanada əyləşib ikilikdə oyunla bağlı söhbət eləyirdik. Hiss etdirməməyə çalışırdı, ancaq məyus olduğunu sezmişdim. Xatırlayırsınızsa, ilk matçın qəhrəmanı Reynaldo cəza üzündən cavab matçını buraxmışdı, əsas heyət üzvü Admir Teli də. Rəqibin heyətində Sadio Mane və Kevin Kempl kimi, sonradan müvafiq olaraq “Liverpul”a və “Borussiya”ya gedən futbolçular var idi. Yəni, Qurban Qurbanovu o məğlubiyyətə görə qınamağa adamın dili də gəlmirdi. Ancaq o, sanki özünü qınayırdı o axşam. Lakin Qurbanovda ən xoşladığım cəhət heç vaxt əlini-qolunu sallayıb, uğursuzluqlara qanunauyğunluq kimi baxmamasıdır. O, həmişə irəliyə baxır. Onu irəliyə aparan da məhz işinə olan həmin baxışıdır.

 

Bu avrokubok mövsümü ərəfəsində də çox tənqid olunurdu “Qarabağ”. Yoldaşlıq matçlarındakı məğlubiyyətləri faciə kimi qəbul eləyirdi bəziləri. Həmin məğlubiyyətlərə baxmayaraq, “Qarabağ” demək olar ki, birnəfəsə keçdi qrup mərhələsinə aparan yolu. Sözümü nəyə gətirirəm, qarşıda yenə məğlubiyyətlət olacaq, Qurban Qurbanov qara zolağa da düşəcək. Çünki bu futboldu, burada daimi heç nə yoxdur. Yazının əvvəlində 2010-cu ili əbəs yerə xatırlamadım. Çalışın həmişə qəhrəmanlarınızın yanında olun. Həm xoş, həm də pis günündə!

 

Emin ABBASOV /Sportal.az 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right