Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.
Newsport.az saytının məlumatına görə, o, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Styaua" - "Viktoriya" matçında ədaləti qoruyub.
Buxarestdə baş tutan qarşılaşmada 4 qol qeydə alınıb. İlk hissəsi 1:1 hesablı bərabərliklə başa çatan matçda, tərəflər ikinci hissədə də hərəyə 1 qol vurublar. FİFA referimiz bu matçda 8 dəfə əlini cibinə atmalı olub. O, meydan sahiblərinin 3, qonaq komandanın 5 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Ağayevə bu matçda Zeynal Zeynalov və Rza Məmmədov köməklik ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.