“Mənim üzərimdən çox oyunlar gedir” Millimizin skautu

Azərbaycan yığmasının skautu İlqar Qurbanov “Futbol+” qəzetinə müsahibə verib. Newsport.az həmin müsahibəni təqdim edir:

- Yığmanın skautu kimi Canni de Byazinin son iki oyuna dəvət etdiyi futbolçularla bağlı fikirlərini bilmək istərdik. Səncə, millinin formasını geyməyi haqq etdiyi halda kənarda qalanlar var?

- Yaxşı sual verdiz. Millinin skautu... Orda qeyd edərsiz də, yığmanın skautu niyə Bakıdadır? Əsas komanda ilə yanaşı, bəzi aşağı yaş qrupları üzrə millilər xaricə yollansa da, yığmanın skautu 8 aydı heç bir iş görmür. Millinin skautunun işlədiyi gündən gördüyü işlər göz qabağındadı. AFFA-da bəzi insanlar mənə dəstək vermək əvəzinə badalaq vurmağa çalışır. Onların adını bir gün açıqlayacam. Mənim üzərimdən çox oyunlar gedir. Heyətə gəlincə, o qədər seçilən futbolçumuz yoxdu ki, deyəsən, bu niyə gəlmədi, o niyə kənarda qaldı? Yığmanın nəticələri hamıya məlumdu. Bərbad vəziyyətdi. AFFA-nın əməkdaşı kimi bunu qorxmadan, çəkinmədən deyə bilərəm. Ancaq orda oturan futbol adamlarının əksəriyyətinin səsi çıxmır. Ona görə də bizdə futbol yoxdu, belə münasibətlə heç vaxt da olan deyil. Çünki bizdə işləyənə, düz danışana dəstək yoxdu. Yığmadan nə danışım? Artıq yorulmuşam bu sual ətrafında danışmaqdan. Nə oyun, nə də nəticə var. İlləri boşa vermişik. Yalandan “malalayım?” Mən elə adamlardan deyiləm ki, AFFA-da işlədiyimə, ordan maaş aldığıma görə hər şeyi “malalayım”.

- Qeyd etdin ki, yığmanın skautu olsan da, ölkənin əsas komandası ilə səfərə çıxmırsan. Belə çıxır ki, sənin AFFA-da olmağım kimlərinsə “bazarını bağlayıb”. 

- Onu düz vurğuladız. Sistem elə qurulub ki, bilinmir nə nədi. Bu barədə saatlarla danışmaq olar. Mən işə başlayandan orda çoxlarının qapısını bağlamışam. Bu da çoxlarının xoşuna gəlmədi. Mən yenə də işimi düz qururam. İstəyirəm nəsə edim. AFFA-ya gələndə bəzi şərtlər irəli sürmüşdüm ki, bu günə kimi onların heç biri yerinə yetirilməyib. Çəkinmədəm bunları söyləyirəm. Çünki bildiyim çox şey var. Çox adam da bilir ki, danışmağa başlasam...

- Sənə elə gəlmir ki, danışmaq lazımdı? O çirkinlikləri ört-basdır etdikcə, futbol təsərrüfatı, ümumiyyətlə, çökəcək.

- Maraqlanın, görün hansı funksioner işi düz getsin deyə cibinin pulunu xərcləyir? Məndən başqası yoxdu. Bunu hamı bilir. UEFA-nın skaut kurslarına qəbul olunmuşdum. Ona da mane oldular. Bunu kimin və ya kimlərin etdiyi də üzə çıxacaq. Həmin vaxt səsimi çıxarmadım ki, yaxşı olar. Ancaq indi başa düşürəm ki, düz işləyənə AFFA-da yer yoxdu. 

- Qara Qarayevin yığmadan kənarda qalması ictimaiyyət arasında söz-söhbət doğurdu. Sən də feysbuk hesabında bununla bağlı paylaşım etmisən. Orda “McDonalds”da yemək yediyinə görə 9 il millidən kənarda qaldığını bildirmisən. Paylaşım Qaraya təsəlli vermək idi, yoxsa...

- Heç bir “yoxsa” yoxdu. Özüm də bu hissləri yaşamışam. AFFA rəhbərliyindən bir nəfər həmin vaxt mənə dəstək çıxmadı. Halbuki neçə illər idi yığmanın şərəfini qoruyurdum, Türkiyədə legioner həyatı yaşayırdım. Eyni hal indi Qarada yaşanır. Məndən başqa kim assosiasiyadan ortaya çıxıb söz dedi? “Qarabağ”ın kapitanıdı, pis-yaxşı neçə illərdi millidə oynayır. Ona qarşı belə münasibət yolverilməzdi. O səviyyədə futbolçunu “sındırmaq” olmaz. Bunu vaxtilə mən də, Vaqif də, Rəşad da yaşayıb. Futbolçuya dəstək olmaq lazımdı.

- Söylənilənlərə inansaq, Slovakiya və Qazaxıstanla oyunlardan sonra Canni de Byazi ilə yollar ayrılacaq. Və əvəzinə yenə əcnəbi mütəxəssis dəvət olunacaq. Necə düşünürsən, ölkənin əsas komandasına əcnəbi, yoxsa yerli məşqçi rəhbərlik etməlidi?

- O gedəcək, başqası gələcək. Yenə heç nə dəyişməyəcək. İşə yanaşma dəyişməlidi.

- Yəni problem məşqçilərdə yox, idarəçilikdədi...

- İdarəçilikdən söhbət getmir. Sadəcə, düz işləyənlərə dəstək olmaq lazımdı. İdarə edən yenə öz işində olsun. Sadəcə, futbol adamı futbol tərəfini həll etsin. Siz yerli məşqçi ilə əcnəbiyə qoyulan hörmətə, yaradılan şəraitə fikir verin. Birinci bunu araşdırmaq lazımdı. Əcnəbi məşqçiyə yaradılan şərait yerlilərə də yaradılmalıdı. Hətta deyərdim ki, özümüzkülər daha yaxşı şəraitdə çalışmalıdı. Biz öz mütəxəssislərimizə hörmətlə yanaşmayacağıqsa, hansı futboldan danışa bilərik?!

- Skaut kimi diqqətini cəlb edən, ancaq hələ millilərə dəvət olunmayan qürbətçi-futbolçu var?

- Əlbəttə, var. Sadəcə, düzgün yanaşma olmalıdı. Əsas işi qurmaq lazımdı. Onu edəndən sonra başqa ölkələrdə olduğu kimi, bütün işlər relsə düşəcək. Ancaq indiki sistemlə heç nə olan deyil. Heç kim burda mənə yaxınlaşıb deyə bilməz ki, belə davam edəcəyimiz halda hər şey yaxşı olacaq. AFFA-da oturub danışmayan futbol adamları var ha, sözüm onlaradı. Niyə sakit dayanıb kənardan müşahidə edirsiz? Siz bilirsiz axı sistem səhvdi. Danışan ancaq iki nəfərdi – Vaqif və İlqar. Arada bir-iki nəfər də nəsə deyir. Vəssalam, bununla da hər şey bitir. Gedirlər təlim-məşq toplanışlarına. Aralarında xaricə nə üçün getdiyini bilməyən adamlar var. Toplanış onlar üçün gəzintidi. Təlim-məşq toplanışlarına o qədər lazımsız adamlar gedir ki... Amma futbol adamları qalıb kənarda. Gedən futbol adamlarını da yaxın buraxmırlar. Orda yeyib-içib, “sutoçnı” alıb gəlirlər. İşə belə münasibətlə futbol heç vaxt inkişaf etməz. Bu yaxınlarda AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşümüz olub. Söhbət zamanı bütün çatışmazlıqların aradan qalxacağını, problemlərin həll olunacağını bildirdi. Ümid edirəm ki, baş katib söylədiklərini reallaşdıracaq. 

- Belə açıq danışmaqdan çəkinmirsən? Adətən, bizdə müəyyən qurumda çalışan adam işlədiyi yer barədə doğru-dürüst danışıb çatışmazlıqları dilə gətirirsə, ona problem yaradırlar, işdən uzaqlaşdırırlar...

- İşdən uzaqlaşdırmaq üçün səbəb göstərməlidilər. Mən fəaliyyətimdə səhvə yol verməmişəm, heç kimin qarşısında gözükölgəli deyiləm. Əksinə, bilirəm ki, bu işlərin arxasında nə durur, kimlər belə olmasında maraqlıdı.

- Premyer-liqa matçlarını izləyirsən. Cari mövsüm barədə hansı  fikirdəsən, oyunu ilə diqqətini çəkən, perspektiv vəd edən gənclər var?

- Tək-tük olsa da, var. Onlar da daim oynamalıdı ki, formada olsunlar. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah