Kamran Quliyev: "Samir Abasov həm məşqçi, həm də insan kimi güclüdür, amma siyasət baxımından…"

Kamran Quliyevlə müsahibənin ikinci hissəsində “Neftçi” azarkeşlərinin sosial şəbəkələrdə onun ünvanına yazdıqları rəylərdən, bir vaxtlar, az qala, hər oyundan sonra idman jurnalistlərinə “yazuz da, bunu da yazuz” tipli “diqtələr” edən Müşahidə Şurasının sədri Çingiz Abdullayevin artıq niyə mediada görünməməsindən, özünün barəsində mətbuatda yayılmış məlum sənəddən və s. danışdıq. Ancaq danışa bilmədiyimiz şeylər də qaldı – söhbət əsnasında “Neftçi”nin bazası yerləşən ərazidə işıqların sönməsi və mənim “Qarabağ”-“Nant” oyununu izləmək üçün evə tələsməyim ucbatından. Müsahibənin sonunda Kamran Quliyevin üzünü Rüstəm Allahverdiyə tutaraq “hard talk” alındı, bəyəndim bu müsahibəni” – deməsi hamımızın bu görüşdən xoş təəssüratla ayrılmağımızın ifadəsi idi.

“Facebook”-da haqqımda yazılanları oxumuram

– Bir ara sosial şəbəkələrdə görünmüşdünüz, sonra deyəsən, hesabınızı bağladınız.
– Xeyr. Bu gün də “Facebook”-da varam. “Instagram”-da da hesabım var, amma ayda-ildə bir dəfə daxil oluram, ya yox. Çünki “Instagram” mənə maraqlı deyil. “Facebook” ona görə maraqlıdır ki, xəbərlər paylaşılır. Məsələn, sərhəddə baş verən erməni təxribatı ilə bağlı paylaşım etmişəm bugünlərdə.

– “Facebook”-da “Neftçi”nin ən böyük fan-klub səhifəsi var, izləyirsiniz?
– Heç bir səhifəyə üzv deyiləm. Yenə deyirəm, mən “Facebook”-a xəbərləri oxumaq üçün girirəm.

– Yəni səhifədəki azarkeş rəylərini izləmirsiniz.
– Azarkeşlərinin ümumi rəyləri haqqında məlumatları bizim Mətbuat Xidməti mənə mütəmadi olaraq çatdırır.

– Kluba deyil, şəxsən sizə yönəldilən tənqidi rəylərin nə qədəri haqlı, nə qədəri haqsızdır, sizcə?
– Faiz olaraq söyləmək mümkün deyil… Azarkeş nə istəyir? Qələbə istəyir, çempionluq istəyir, avrokuboklarda qrup mərhələsi istəyir və s. Mən onların fikrinə nə qədər səbəb gətirsəm ki, ay camaat, hələ bir az çətindir, səbirli olmaq lazımdır – kim qulaq asacaq? Bəlkə də elə ona görədir ki, onların fikirlərini oxumuram. Oxusam və yeni nəsə görsəm… “Neftçi” çempion olduğu gündən 3 gün sonra mənə məlumat verildi ki, azarkeşlər tənqidləri yağış kimi yağdırırlar: “niyə yatmısınız, tez eləyin, futbolçu gətirin”. Mən həmişə azarkeşi tərbiyəsiz insandan ayırıram. Dəfələrlə mənə deyiblər ki, sizi təhqir edirlər. Təhqir edən insan mənim üçün azarkeş deyil. Təhqir, ümumiyyətlə, metod deyil. Təhqir ilə yumruq vurmaq arasında nə qədər fərq var? Hətta yumruğu bir dəfə vurursan, bir müddət sonra barışıq olur, unudulur, ancaq təhqirin vurduğu yara sağalmır. Mənim üçün azarkeş təkcə ürəyi klubla döyünən adam deyil. Azarkeş həm də komandanın oyunlarına gələn, ildə ən azı bir dəfə klubun tədbirində iştirak edən, nəsə kiçik bir suvenir alan, kluba xeyir verən adamdır. Ola bilər, imkanı olmasın, heç olmasa oyunlarımıza gəlsin. Necə ola bilər ki, avrokubok oyunlarımızda stadion tam dolur, amma çempionat oyunlarına… Bizim bəzi fan-klublarımız var, gəlirlər.

Deməli, bizə görə yox, Avropadan gələn komandalara görə gəlirlər

– Araşdırmısınızmı niyə gəlmədiklərini?
(söhbətə Rüstəm Allahverdiyev qoşulur) – Araşdırmışıq. Problemlər çoxdur. Ən böyüyü isə sosial problemlərdir. Əvvəllər niyə gəlirdilər?

– Üzr istəyirəm, ancaq rayonlarımızda sosial problemlər Bakıdakından daha çoxdur, ancaq əyalət klublarının oyunlarına gəlirlər axı. Hətta kəndlərarası birincilik oyunlarına da Premyer Liqadakından daha çox azarkeş toplaşır.
(Kamran Quliyev) – Azarkeşlər əsasən futbol ənənəsi olan bölgələrdə daha çox gəlirlər. Və onu da nəzərə alın ki, Bakıda bir deyil, bir neçə klub var.

– Amma “Neftçi” özünü bu şəhərin sahibi, flaqmanı kimi təqdim edir həmişə.
– (gülür) Deməli, belə çıxır ki, Avropada çıxış edəndə bizi daha çox flaqman kimi görürlər, nəinki Azərbaycan çempionatında. Deməli, bizə görə yox, Avropadan gələn komandalara görə gəlirlər də.

– Onda Samir Abasovu niyə topa tutmuşdular ki? O da sizin kimi demişdi ki, bunlar nəticə azarkeşləridir.
– Mən, şəxsən özüm İngiltərədə oyunlara getmişəm, nəticədən asılı olmayaraq, onlar öz komandalarını dəstəkləyirlər. Onlar stadiona tamaşaya gəlirmiş kimi gəlirlər.
(Rüstəm Allahverdiyev) – Son dövrlərdə tribunalarda xanım azarkeşlərin sayı artır. Biz özümüz hər altı aydan-bir Azərbaycan futbolu ilə bağlı sorğular keçiririk. Azərbaycan çempionatı ölkədə hansı səviyyədə təbliğ olunur? Təbliğat artdıqca, gələnlərin sayı çoxalacaq. Ancaq mətbuatda “klub rəhbərləri üçün klublar pul yemək üçün yerdir” mövzulu yazılar azarkeşləri tribunadan iyrəndirir, uzaqlaşdırır. Bunu keçirdiyimiz sorğularda da deyirlər. Soruşuruq ki, stadiona niyə gəlmirsiniz? Əksər cavab belə olur ki, əşi, nəyimə lazımdır, onsuz da bizimkilər pul yeməklə məşğuldurlar.

– Rüstəm, onu mətbuat yazsa da, yazmasa da, kənardan aydın görünür ki, hər gələn adam hər şeydən əvvəl daha çox “yemək” haqqında düşünür.
– Bizim insanlar tənqid etməyi daha çox sevirlər, tənqid üçün həmişə səbəb axtarırlar. Buna yaxşı yox, pis tərəfdən baxın.

– Həm də insan yaradılışdan etiraz edəndir, üsyankardır.
(Kamran Quliyev) – Mən özüm Yasamalda böyümüş insanam. Keçmiş “Sovetski”dəki sökülən evlərin yerində salınan parkı görmüsünüz yəqin. Gəzinti üçün ailəmi ora çox aparıram. Həqiqətən də, gözəldir. Bir gün orada gəzişərkən telefonda qarşıma bir xəbər çıxdı. Təsəvvür edin, dövlət o qədər xərc çəkib, o cür gözəl park salıb, xəbərin rəy bölməsində yazıblar: ordakı ağacları niyə xarici ölkələrdən gətiriblər, niyə özümüz yetişdirmirik və s. Yeni salınmış parkda 5-10 metrlik ağac necə ola bilər? Məcbursan da başqa yerdən gətirməyə.
(Rüstəm Allahverdiyev) – “Neftçi”nin böyük problemlərdən biri budur ki, insanlardan soruşuruq ki, forma alırsan? Deyir ki, “yox, niyə almalıyam, “Neftçi” xalqın klubudur, zəhmət çəksin, klub alsın mənə formanı. Sponsor kimdir? SOCAR. SOCAR pulu hardan alır? Neft hasilatından. Neft də xalqındır, vəssalam. Yəni belə düşüncədə insanlarımız var.

Mən razıyam ki, səhərdən axşama kimi tənqid etsinlər, amma stadiona gəlsinlər

(Kamran Quliyev) –Türkiyə qardaş ölkədir, bir çox hallarda onlara baxıb, nəyisə öyrənirik. Rüstəm bəy də yayda gedib, orda klublarla görüşüb. Daimi əlaqələrimiz var. İnanın ki, orda tənqid bizdən də çoxdur.

– Onlar artıq tənqidi keçib, təhqir mərhələsindədirlər.
– O da müsəlmana, türkə yaraşmaz. Razısınız?

– Əlbəttə!
– Azarkeş klubun icra aparatında işləyənlərə, yaxud da komandanın nəticələrinə görə yox, məhz klubu sevdiyi üçün gəlməlidir stadiona. Klubun prezidentini sevsə də, sevməsə də, əsl azarkeş stadionda komandasına dəstək olmalıdır.

– Amma razılaşın ki, bu dediyiniz birtərəfli sevgidir və birtərəfli sevgi də bi müddətdən sonra ölür. Sevdiyi klub nəticə qazana bilmədikcə o da rəqib azarkeşlər tərəfindən əzilir, aşağılanır və günlərin bir günü bezib əl çəkir sevgisindən.
– Futbolun vətəni İngiltərədir. O vaxt AFFA tərəfindən Liverpul Universitetinə seminarlara göndəriləndə İngiltərənin aparıcı müəllimlərindən dərs almışam. Onlardan biri də Roqan Teylor idi. O deyirdi ki, Universitet bir dəfə sorğu keçirib. Sorğuda ilk sual bu olub: “Siz hansı yaşınızdan özünüzə klub seçirsiniz?” Bu sual hədəf kütlənin hansı yaşdan başladığını müəyyənləşdirməyə imkan verir. Respondentlərin əksəriyyətinin cavabı “8-12 yaşdan” olub. Teylor bunu deyəndə özüm yadıma düşdüm. Çünki mən də 12 yaşımdan “Barselona”ya azarkeşlik edirəm. Amma o yaşa kimi 4 klub var idi ki, dördünün də oyununa baxıb sevinirdim. Yaş ötdükcə, kişiləşmə dövrünə keçdikcə sanki beyin sənə hökm edir ki, sənin sevməli olduğun klub filan klubdur. Sorğunun ikinci sualı isə “Siz xəyanət etsəniz, həyat yoldaşınıza, yoxsa klubunuza xəyanət edərdiniz?” Sorğuya cavab verənlərin əksəriyyəti deyib ki, “həyat yoldaşıma xəyanət edərəm, amma klubuma yox”. Yəni icraçı şəxslərdən asılı olmayaraq, mən klubuma sadiqəm. “Lids Yunayted” 15 ildən sonra Premyer Liqaya qayıtdı. Halbuki həmin “Lids Yunayted” 2000-ci ildə UEFA Kubokunun yarımfinalı çərçivəsində “Qalatasaray”a qarşı oynamışdı. “Lids” azarkeşi o dövrdə də gəlirdi stadiona, komanda aşağı liqaya düşəndə də.

– Bayaq Rüstəm dedi ki, klub rəhbərlərinin maliyyə maxinasiyalarını mətbuat yazır deyə azarkeşlər stadionlara gəlmirlər. Yaxşı, mən də əks sual verirəm: İtaliyada “Yuventus” A Seriyasından niyə uzaqlaşdırılmışdı?
– Maliyyə maxinasiyalarına görə.

– Ay sağ olun. Amma azarkeşləri bu klubdan əl çəkmədilər ki? Demək ki, əsl azarkeş klubunu sevməlidir. Onun pərəstiş etdiyi klubun rəhbərini mən tənqid, hətta bir başqası təhqir etsə də, komandasına azarkeşlikdən vaz keçməməlidir.
– Mən də onu deyirəm. Mən razıyam ki, məni səhərdən axşama kimi tənqid etsinlər, nəfəs almağıma imkan verməsinlər, amma stadiona gəlsinlər. Azarkeş mənə də lazımdır. Çünki azarkeş kütlə olaraq, həm nəticəyə təsir edir, həm də maliyyə məsələlərində böyük dəstək olur.
(Rüstəm Allahverdiyev) – “Rapid” bizimlə oyunda təkcə 16 min biletin satışından 450 min avro qazanmışdı. Bir oyun üçün fantastik məbləğdir, razılaşın. Hələ bunun fan-şopdan gələn gəlirləri də var.

– Yeri gəlmişkən, Avropa oyunları üçün niyə Tofiq Bəhramov adına stadionu seçmədiniz? Bir əngəl var idi, yoxsa sizin qərarınız idi?
– Neçə ildir “Bakcell Arena”da oynayırıq və bizim stadiondur.

– Azarkeş tutumu daha azdır, o baxımdan soruşuram.
– Düşünürdük ki, qrupa düşsək, Bakı Olimpiya Stadionunu seçək. Hazırda “Tofiq Bəhramov”da başqa komanda oynayır. Düzdür, Avropada bir stadiondan iki klubun istifadə etməsi faktı var. Ancaq bizdə mümkün olacağına inanmıram. Doğrudur, “Tofiq Bəhramov”un ot örtüyü əvvəlki illərlə müqayisədə indi çox yaxşıdır. Amma inanmıram ki, ardıcıl oyunlara dözə bilərdi. Azarkeşlərimiz bizim stadiona öyrəşiblər. “Bakcell Arena” bizə doğmadır. Gənc azarkeşlərdən soruşun.

– Amma o gənc azarkeşlər rəqibiniz “Qarabağ”ın çempionluqlarını, avrokuboklarda qrup mərhələlərinə keçdiyini görə-görə böyüyür. Bayaq 8-12 yaş qrupununun əsas hədəf kütlə olduğunu dediniz. Həmin hədəf qrupunu itirmiş olmursunuzmu?
– İtirməyinə, itirə bilərik. Yəni, şübhəsi olanları. Amma özü müstəqil qərar verən adam seçdiyi cəbhəni dəyişməz.

– Misal üçün, hər hansı klub, yayda futbolçu gətirir, 2 illik müqavilə bağlayır və qışda həmin futbolçunu göndərir. Biz də burda maliyyə maxinasiyası ola biləcəyini düşünürük və yazırıqsa, azarkeşi küsdürən biz oluruq. Sən futbolçunu gətirib iki illik müqavilə bağlayırsansa və qışa qədər cəmi 2-3 oyunda meydana buraxırsansa, qışda da müqaviləsini pozursansa, maliyyə yeyintisindən savayı nə məqsədin ola bilər?
– Ümumiyyətlə, futbolçu seçimi, onun klubda göstərdiyi performans, ayrıca elm, ayrıca sistemdir. Altı aydan sonra futbolçunu göndərmək böyük riskdir. Çünki ola bilər ki, futbolçu ilk altı ayda bacarığını göstərə bilməsin, amma yeddinci ayda birdən-birə “açılsın”. Ona görə, adətən, 1 il orta dönəmdir. Bir ildən sonra klub qərar verir ki, həmin futbolçunu saxlasın, ya yox. Bu qərarın verilməsində futbolçudan gözləntilərin doğrultması və ya doğrultmaması rol oynayır. Alınan futbolçu həmin mövqedə effekt vermirsə, tuneldə işıq görünmürsə, niyə saxlayaq? Mənim baxışıma görə, “Neftçi”də 1 illik müqavilə bağlanmamalıdır. Biz bir illik müqaviləni, adətən, yaş məsələsinə görə edirik. Keçən il Tyaqo ilə məhz yaşına görə 1 illik müqavilə bağlamışdıq. Onun 34 yaşı var idi, 35 yaşında isə müqaviləsi bitdi. Çünki o yaşda zədə riski çox yüksəkdir. Mən hətta deyirəm ki, 3 illik müqavilə bağlamaq lazımdır. Amma seçimi elə ehtiyatla etməliyik ki, tam əminliyə varmalıyıq. Məsələn, Afrikada oynayan və heç vaxt Avropada oynamamış futbolçu ilə uzunmüddətli müqavilə riskli, hətta deyərdim, mümkünsüz bir şeydir. Çünki nə qədər istedadlı olur-olsun, heç vaxt görmədiyi, tanış olmadığı mədəniyyətlə tanışlıq, o mədəniyyətə adaptasiya və s. çox vaxt böyük problemlər yaradır.

İkinci yeri tutan komandanın baş məşqçisinə töhmət vermək düz deyil

– İkinci ilində Samir Abasovun qarşısına hansı məqsəd qoyulmuşdu?
– Uğuru təkrarlamaq, qrupa düşmək. Belə deyək, “Neftçi”də işləyib, çempionluq hədəfi qoymamaq mümkün deyil.

– Amma o deyirdi ki, mənə ikinciliyi…
– Hədəf çempionluq idi. Biz “Qarabağ”ı 2020-ci ildə üstələdik. Yəqin ki, onların da məqsədi çempionluq idi. İkinci yeri tutan komandanın baş məşqçisinə töhmət vermək düz deyil. Hədəf ideal bir şeydir. Maksimum hədəf çempionluqdur.

– Əgər sizi ikincilik qane etmişdisə, sizə 4 ildə yeganə çempionluğu qazandıran insanı niyə göndərdiniz?
– Bordinlə işlədik. Birinci ildə ikinci yeri tutmuşdu və davam etmişdik. Fizuli Məmmədovla biz qısa dövr işlədik. Yeni mövsümə onunla başlamışdıq. Çempion olan komandanı Fizuli Məmmədov formalaşdırdı. İkinci yerə görə biz məşqçiləri mənim dövrümdə yola salmamışıq.

– Bəs niyə yola saldınız? Avrokuboklardakı uğursuzluq?
– Tək o deyil. Uğursuz deyəndə ki, onun müqaviləsi bitmişdi.

– Adam deyirdi ki, çempion olan heyətdən cəmi 5 nəfər qalmışdı.
– Kimləri deyir bilmirəm. Bizdə həmin heyətdən Aqil Məmmədov, Emin Mahmudov, Ömər Buludov, Mamadu Kane, Sabir Buqrin, Stankoviç də qalmışdı. Anton, Namiq və Monroz getmişdi. Əvəzində, istədiyi oyunçunu götürmüşdük. Bizim sadəcə hücumçu problemimiz var idi, o da seçimin vaxtında verilməməsindən irəli gəlirdi. “Neftçi”də işləmək çox çətindir, təzyiqə də dözmək lazımdır. Samir Abasov həm məşqçi, həm də insan kimi güclüdür, amma siyasət baxımından… Bilirsiniz ki, onun azarkeşlərimizlə də münaqişəsi də olmuşdu.

Klubun adından danışmaq Müşahidə Şurasının işi deyil

– Amma etiraf edin ki, Samir həm də sizə yönələn tənqidləri öz üzərinə götürürdü…
– Normal klubda, bütün “güllələri” üzərinə götürən klub prezidentidir.

– Söhbət mediadan gələn tənqidlərdən gedir…
– Mediadan o vaxt da alırdım, indi də alıram “güllələri”. Yadınıza salım, mən gələnə qədər, Müşahidə Şurasının ünvanına nə qədər tənqidlər olurdu. Mən özümə borc bildim ki, əgər burda əsas məsuliyyəti daşıyıramsa, sinəmi açmalıyam ki, buyurun, vurun. Çəkinəcəyim, umacağım heç nə yoxdur.

– Amma sizin yeni gəldiyiniz dövrdə Müşahidə Şurasının sədri sizdən daha çox danışırdı. Ona görə tənqidlər Müşahidə Şurasına idi. Bütün oyunlardan sonra Çingiz Abdullayev çıxırdı ki, “yazuz da, bunu da yazuz”-filan. Onun qarşısına siz sədd çəkdiniz?
– Müşahidə Şurası müşahidə orqanıdır. Bu məsuliyyət bölgüsüdür. Onların məsuliyyəti kluba nəzarət etmək, ona kömək etməkdir. Amma klubun adından danışmaq Müşahidə Şurasının işi deyil.

– Bu sözləri özünə demişdiz?
– Hamıya demişəm. Belə olmalıdır. Bəs necə olmalıdır? İndi Müşahidə Şurasında 6 nəfər var, sabah 10 nəfər olsa, hamısı danışmalıdır? Mümkün deyil axı.

– Mətbuatda bir ara sənəd yayılmışdı. Sizin adınız futbolçu kimi qeyd olunmuşdu. 10 min manatadək maaş yazılmışdı. O vaxt demişdiniz ki, o sənəd fotoşopdur. Bəlkə daha geniş açıqlama verəsiniz?
– (gülür) Hə, o məsələ. Qardaş…

– Yeri gəlmişkən, sizin “Şamaxı”da Kamran Quliyev ad-soyadlı futbolçu da oynayır.
– Ona uğurlar arzulayıram. Bu ad-soyadla işi, inşallah, yaxşı alınar (gülür).

– Əlbəttə ki, Elxan Məmmədov kimi tövsiyə verəni olsa…
– “Elxan Məmmədov” da idman üçün çox yaxşı ad və soyaddır. (gülür) Qaldı ki, dediyiniz məsələyə bu, cinayətdir. O məlumatları biz sonra araşdırdıq. Həmin məlumatlar giriş imkanı olan təşkilatların birindən çap olunmuş bir şeydir. Mən çox üstünə getmədim. İstənilən insan haqqında arayışı yalnız həmin şəxsin icazəsi ilə əldə etmək olar. Yaxud da hüquq-mühafizə orqanları cinayət təqibi başladanda edə bilərlər bunu. Ancaq mənim məlumatlarım məndən xəbərsiz, mənim razılığım olmadan çıxardılmışdı. Məncə, bu, maliyyə sektorundan, maliyyə institutlarının birindən edilmişdi.

– Kim edə bilərdi ki bunu?
– Nə qədər təşkilatlar var…

– Konkret olaraq şübhələndiyiniz şəxs, yaxud qurum yoxdur?
– Üstünə getmədim…

– Həqiqət idi ki o? Deyirsiniz ki, mənim haqqımda məlumatı icazəsiz çıxardıblar.
– Yox e, mən demirəm ki, mənim haqqımda çıxardıblar. Mən deyirəm ki, kimsə mənim haqqımda hansısa məlumatı çıxartmaq istəyirsə, mənim buna razılığım olmalıdır. Hər kəs işə qəbul olunanda əmək müqaviləsinə imza atmaqla həm də hüquqi məsuliyyət götürmüş olur. Mən klub prezidentiyəmsə, işimə uyğun məvacib təyin olunur. Qədərini isə məni işə götürən və nəzarət orqanları bilə bilər.

– Orda sizin adınız futbolçu kimi keçirdi..
– O mənim üçün də qaranlıq qaldı. Fotoşopda bunu mən də düzəldərəm.

– “Futbolçu” sözü fotoşop idi?
– Təbii ki. Mən futbolçu ola bilərəm? Ola bilərəm e, ancaq bir az gecdir mənim üçün. Dizayn proqramlarını yaxşı bilirəm, istədiyiniz şəkildə istənilən fotoşopu düzəldə bilərəm. (gülür) Sizə bir sual verim. Siz tez-tez klub prezidentləri ilə görüşürsünüz?

– Tez-tez deməzdim.
– Məni təəccübləndirən odur ki, insanlar tanımadıqları haqqında mənfi rəyi necə verə bilirlər? Azarkeşlər olsa, problem deyil. Azarkeş kütlədir, hər biri ilə ayrı-ayrılıqda görüşmək mümkünsüzdür. Mən jurnalist deyiləm. Kimisi bu sahəni ali təhsilini alaraq seçir, kimisinin də fitrətində olur. Mən heç vaxt yaxşı tanımadığım adam haqqında fikir bildirmərəm. Ancaq maraqlıdır, niyə bəzi jurnalistlər tanımadıqları, üz-üzə görüşmədikləri, bir stəkan çay içmədikləri insan haqqında mənfi fikir formalaşdırırlar cəmiyyətdə? Söhbət “Neftçi”dən getmir. Axı gün ərzində belə fikirləri oxuyan, neqativ düşüncələrlə yüklənən azarkeşlər küsürlər futboldan. Bu qədər borcu bağladıq, çempion olduq, baza tikdik, klubun təsvirini tamam fərqli şəklə saldıq. Niyə insanları tanımaya-tanımaya rahat şəkildə bir yazı, bir məqalə ilə mənfi görüntüdə təqdim edirik?

– O jurnalistlərin içində məni də görürsünüz? İradınız mənədir?
– Yox, mən sizdən danışmıram.

– Mən yalnız öz yazdıqlarıma görə məsuliyyət daşıyıram və heç bilmirəm, konkret kimdir və ya kimlərdir nəzərdə tutduğunuz.
– Siz idman jurnalistikasının içindəsiniz, hər şeyi görürsünüz.

– Bu, təkcə idman jurnalistikasında belə deyil ki.
– Kənardan baxan insan kimi deyirəm, idman jurnalistikasında senzura yoxdur.

– Amma bəlkə də ən müstəqil sahəsidir jurnalistikanın.
– Olmalıdır.

– Çox yaxşıdır demirəm, müqayisədə yaxşıdır.
– Bir gün bunun haqqında da mütləq danışarıq.

Saleh Arslan, Korner.az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah