Murad Musayev: "Qarabağ" Azərbaycanın fəxridir"

Premyer Liqasının I turunda keçirilən "Sabah" - "Sumqayıt" matçından (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- Çempionata başlamaq hər zaman həyəcanlıdır. Oyunun nəticəsindən, futbolçuların yanaşmasından, keyfiyyətdən razı qaldım. Azarkeşlərə təşəkkür edirəm. Bizə yaxşı dəstək oldular.

- Hər üç qol gözəl kombinasiya nəticəsində oldu. Bu, ev tapşırığı idi?
- "Sumqayıt" çox kompakt oynayırdı. Boş zonalar az idi. İlk hissədə hücumlarımızın əksəriyyəti cinahlardam idi. Qol vurandan sonra rəqib bir az açıldı. Artıq hücumlarımız mərkəzdən və cinaha yaxın yerlərdən də alınmağa başladı. Belə kombinasiyalı futbolu hər zaman göstərməyə çalışacağıq.

- Qarşınıza qoyulan konkret məqsəd nədir?
- İlk hədəfimiz bir addım irəli getmək, avrokuboklara getməkdir. Bu, minimum tapşırığımızdı. Medallar uğrunda mübarizə aparacağıq.

- Bu gün parlaq komanda gördük. Siz güclü idiz, ya "Sumqayıt" daha zəif idi?
- "Sumqayıt"ın bu gün pis oynadığını deyə bilmərəm. Bizə çətinliklər yaratdılar. Çox çalışmalıyıq. İlk oyundur. Təriflərdən qaçmaq istəyirəm.

- Sarı vərəqə aldığınız epizodda sanki hakimlə anlaşılmazlıq oldu...
- Hakimə təhqiramiz ifadələr işlətmədim. Sanki qərar verməkdə tələsdi. Çünki hücuma çıxırdıq.

- Ötən mövsümün sonlarında bu komandaya uduzub, avrokuboklardan kənar qalmışdız. Geridə qalan müddət ərzində "Sumqayıt" zəifləyib, ya siz gücləndiz?
- Hələ nəsə demək tezdir. 4-5 matç sonra danışmaq olar. "Sumqayıt" çoxlu transferlər edib. Düşünürəm ki, onlara qarşı oyunlar çətin olacaq.

- Açıqlamanızda VAR sisteminin futbolun gözəlliyini öldürdüyünü demişdiz. Yəni, 4-5 dəqiqə oyun dayanır. Hansısa bir qərar VAR-dan sonra lehinizə çevrilsə, necə düşünəcəksiniz?
- Mən iki əlli VAR-ın tərəfdarıyam. Bu gün çox dayanmalar olmadı. Siz məni səhv anlamısız.

- Rusiya klubları avrokuboklarda iştirak etmir. Hazırda Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi rusiyalı Stanislav Çerçesov olduğu üçün ruslar onları dəstəkləyir. Bu komanda Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq. Matç haqda nə düşünürsüz?
- "Qarabağ" haqda çox yaxşı şeylər deyə bilərəm. Onlar Azərbaycanın fəxridir. Yaxşı oyunlar oynadılar. "Ferentsvaroş"la ilk matçda itkiləri var idi. Cavab oyunda üstünlükləri olacaq. Kadi oyunun taleyini həll edə biləcək oyunçudur. "Qarabağ"ın mərhələ adlayacağına ümid edirəm. Amma çətin olacaq. İki mərkəz müdafiəçisinin olmaması böyük itkidir. Medina və Maksim Medvedev olmayacaq. Çətin olacaq, ciddi itkilərdir. Bakıdakı oyunda ciddi dəstək var idi. Fanatlar arenanı doldurmuşdu. İstərdik ki, daxili turnirə də fanatlar belə maraqla yanaşsın.


- "Qarabağ"ın necə oynamalı olduğunu düşünürsüz?
- İllərdir stabil oynayırlar. Öz üslubları var. Məncə, öz oyunları ilə istədikləri nəticəyə nail ola bilərlər.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah