Vladislav Klimoviç: "Azərbaycan millisinə qalib gəlməliyik"

"Vəziyyəti düzəltmək üçün qalib gəlmək lazımdır. Biz bunun üçün əlimizdən gələni edəcəyik".

Newsport.az xəbər verir ki, bunu Belarus millisinin futbolçusu Vladislav Klimoviç Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunu barədə yerli mətbuata müsahibəsində deyib.

26 yaşlı hücumçu ilk turda 0:1 hesabı ilə uduzduqları Slovakiya ilə görüşü unutmağa çalışdıqlarını bildirib: "Təbii ki, qalib gəlmək istəyirdik, amma alınmadı. Ancaq üzülməyə vaxt yoxdur, çünki qarşıda hələ 5 matçımız var. Artıq iyunun 4-də Azərbaycanla qarşılaşmanın hazırlığına başlamışıq".

Macarıstanın "Dyirmot" klubunda çıxış edən forvard ötən il Azərbaycan seçməsinə 1:2 hesabı ilə uduzduqları görüşü xatırlayıb: "Həmin matçda öndə idik, amma sonradan iki qol buraxdıq. Təəssüratlar mənfidir. Amma artıq bu matç unudulub. İndi tamam fərqli görüş olacaq. Bu yoldaşlıq matçı idi, indi biz rəsmi oyunu gözləyirik. Heyətimiz yenilənib, yəqin ki, rəqibdə də belədir. İntiqam almağa və qalib gəlməyə çalışacağıq".

Klimoviç Serbiyada havanın Belarusdan fərqli olduğunu sözlərinə əlavə edib: "Ammma hər iki komanda üçün eyni vəziyyətdir. Ona görə də iqlimə önəm vermirəm. Biz oynamağa və qələbə qazanmağa gəlmişik. Bəlkə də buradakı hava Minskdəkindən daha istidir. Amma buna fikir vermirik. Beləliklə, hər şey yaxşıdır".

Qeyd edək ki, bu gün Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right