Dmitri Kramarenko: "Qazaxıstan - Azərbaycan oyunu gərgin və maraqlı keçəcək"

"Oyun gərgin və maraqlı keçəcək. Bu komandalar arasında matçlar həmişə maraqlı və kifayət qədər gərgin alınır. Görüş hansısa komanda üçün asan olmur".

Newsport.az-ın məlumatına görə, bunu Rusiyanın MOİK klubunun qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Qazaxıstan və Azərbaycan komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının I tur oyunu barədə danışarkən deyib.

48 yaşlı mütəxəssis ilk görüşü səfərdə oynamağın daha yaxşı olduğunu bildirib:

Azərbaycan millisinin keçmiş üzvü "Astana Arena"nın süni ot örtüyünün komanda üçün problem yaratmayacağını sözlərinə əlavə edib: "Çünki Azərbaycanda keyfiyyətli süni örtüklü sahələr kifayət qədərdir. “Astana Arena”nın da süni örtüyü yaxşıdır. Ona görə də uyğunlaşma baxımından, bəlkə ilk 20-25 dəqiqəyə alışmaq lazım gələcək, sonra hər şey qaydasına düşəcək. Hər iki komanda ilk oyuna optimal vəziyyətdə çıxacaq. Hər ikisində səviyyəli oyunçular var. Nəticəni proqnozlaşdıra bilmərəm, amma mənə elə gəlir ki, şanslar bərabərdir. Təbii ki, milli komandama - Azərbaycan yığmasına azarkeşlik edəcəyəm. Hər iki komandaya Millətlər Liqasında uğurlar arzulayıram".

Kramarenko qapıçı olduğu dönəmdə 2004-cü ildə Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyununu barədə də danışıb: "Həmin matçda qalib gəldik. Təəssüratlarım yaxşıdır. Stadion dolu idi. Almatıda Qazaxıstan seçməsi azarkeşlərindən çox dəstək aldı. Səhv etmirəmsə, 2:1 hesabı ilə öndə idik. Rəqib hesabı bərabərləşdirdi və daha sonra 3:2 oldu. Görüşün bitməsinə az qalmış qələbəni qopara bildik. Yadımdadır, həmin vaxt Qazaxıstan yığmasında kifayət qədər bacarıqlı oyunçular var idi. Biz qələbə qazanmağı bacardıq, bu, çox sevindirici idi. Dolu tribunalar önündə qalib gəlmək xoşdur".

Mütəxəssis 2004-cü ildə Qazaxıstanın "Jenis" klubuna transfer olmasından və burada rəsmi matça çıxa bilməməsindən söz açıb: "Burada hər şey kifayət qədər sadədir: Razılaşa bilmədik. Təkcə maliyyə baxımından deyil, bəzi texniki məsələlər də var idi. Mən klubun o vaxtkı rəhbərliyinə minnətdaram. Çünki onlar həmin müddətdə bəzi texnini məsələləri həll etməyə çalışıblar. Demək olar ki, bu hadisədən 20 il keçib. Klub rəhbərliyinə xüsusi minnətdaram. Çünki məni yaxşı qəbul etdilər. Amma bəzi texniki məqamlar var idi ki, mənə "Jenis"də oynamağa imkan vermirdi".

Kramarenko 2021-ci ilin mayında Azərbaycan millisində məşqçi kimi fəaliyyət göstərmədiyini sözlərinə əlavə edib: "Klub və milli komandadakı işi birləşdirmək o qədər də asan deyil. Bir ildən çoxdur ki, MOİK-də çalışıram. Hər şey yaxşı gedir. Bildiyiniz kimi, əsas qapıçımız İqor Akinfeyevdir. O, müqaviləsini uzadıb, ona görə də işləməyə davam edirik".

Mütəxəssis Qazaxıstanın "Turan" klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev haqqında da danışıb: "Hesab edirəm ki, o, Qazaxıstanda daha çox oynamalıdır. Düşünürəm ki, Balayev növbəti bir neçə oyunda öz optimal formasını bərpa edəcək və “Tobol”da olduğu dönəmdəki kimi yaxşı oyun tempi qazanacaq. Ona həm Qazaxıstan klubunda, həm də təbii ki, Azərbaycan millisində uğurlar arzulayıram".

Qeyd edək ki, iyunun 3-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right