Qurban Qurbanov: “Qarabağ”dan başqa heç yerdə işləmək istəmirəm”

“Son vaxtlar başıma gələn hadisələr elə qərar verməyə gətirib çıxardı ki, sanki “Qarabağ”dan başqa heç yerdə işləmək istəmirəm”.

Newsport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin suallarını cavablandıran çalışdırıcı “gələcəkdə Azərbaycan millisini çalışdıra bilərsinizmi” sualını cavablandırıb: “Bəzən çox şey istəyə bilərik. Amma bizdən asılı olmayan məqamlar var ki, “yox” deyə bilmərik. Bütün qüvvəmi Azərbaycan futboluna vermək istəyirəm. “Qarabağ”a o qədər bağlanışam ki, başqa heç yerdə işləmək istəmirəm. Amma məndən asılı olmayan nüanslar da var. Hər bir halda Vətənimiz üçün xidmət edirik. Gələcəkdə məni millidə görə bilərsiniz, ya yox, bu suala konkret fikir bildirə bilməyəcəyəm”.

Qurbanov “bir gün “Qarabağ”dan getsəniz, yerinizə kimin gəlməsini istərdiniz” sualını isə xeyli fikirləşdikdən sonra cavablandırıb: “Bu komandanın adı Azərbaycanın özəyidir. Hazırda başqa əllərdə olmasını da istəməzdim. Burada böyük bir ailə formalaşıb. Əlbəttə, bu yer hamı üçün əbədi deyil. “Qarabağ”dan ayrılsam özümə görə narahat olacağam. Amma gedəndə də rahat olacağam ki, komanda etibarlı əllərdədir. Rəhbərlik çox gözəl bilir ki, mən olmadığım zaman komandanı kimə həvalə etmək olar. Bu klubun rəhbərləri Türkiyədən gələn iş adamları olsa da, onların Azərbaycana, Qarabağa sevgisini heç nə ilə əvəz edə bilmərəm. Yeni baş məşqçi gətirməzdən əvvəl yəqin ki, mənimlə müzakirə apararlar. Ümumi ölkənin durumu pisləşən vaxt klubun da vəziyyəti də narahatlıq yaradırdı. Ancaq klubumuzun rəhbəri Abdulbari Gözəl hər dəfə deyirdi ki, digər sahələrdə çatışmazlıq ola bilər, amma “Qarabağ”da çatışmazlıq ola bilməz. “Qarabağ”dan ayrılmaq mənim həyatımın ən həssas anlarından biri olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right