Tahir Gözəl: "Qarabağ" klubu öz futbolçularının yetişməsində real iş görməlidi"

"Qarabağ"ın prezidenti Tahir Gözəl çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az həmin müsahibəni diqqətinizə çatdırır:

-"Qarabağ"ın builki çıxışını necə dəyərləndirirsiz?

- Çempionluq münasibətilə komandanı təbrik edirəm. Mənim üçün ən sevindirici məqam odur ki, bu, torpaqlarımız azad olunandan sonra "Qarabağ"ın ilk çempionluğudur. 2001-ci ildən bu günü səbrsizliklə gözləyirdik. Xəyalımız Qarabağa getmək, öz vətənimizdə çempionluğu qeyd etmək idi. Artıq biz bunu edirik. Əlbəttə ki, bu, bir möcüzədir. Bu, cənab prezidentin, xalqımızın şücaəti, cəsarəti ilə qazanılmış zəfərdir. Biz bir xəyal, möcüzə yaşayırıq. Mən hələ də inanmaqda çətinlik çəkirəm. Şükürlər olsun ki, biz buna nail olduq. Bu, mənim üçün heç vaxt unudulmayacaq qalibiyyətdir. "Qarabağ" tarixində çox ilklərə imza atmış klubdur. İnşallah arzum budur ki, Çempionlar Liqasında sürpriz edək və mərhələləri aparaq bir ilkə imza ataq.

- "Qarabağ" Çempionlar Liqasında mübarizə aparacaq. Yeni transferlərlə bağlı nə deyə bilərsiz?

- Ölkə xaricindən yeni gəlmişəm. Bu tədbirdən sonra Qurban Qurbanovla görüşümüz olacaq. Bizdə tamamilə professional idarəetmə sistemi var. Baş məşqçimizin təkliflərini dəyərləndirəcəyik. Amma vaxtımız çox azdır. Vaxt bizə çox radikal dəyişikliklərə imkan vermir. Bəzi futbolçularımız var ki, onlarla yeni müqavilə ilə bağlı müzakirələr aparırıq. Alınıb-alınmayacaq, bunun həyəcanı var. Güman edirəm ki, bu stabilliklə komandamızın əsas forması şəkillənəcək və bu il də iddialı olacağımıza inanıram. Sizinlə bir ürək sözümü bölüşmək istəyirəm. Yəqin ki, bundan sonra necə olacağı hamımıza maraqlıdır. Çempionlar Liqasına gedirik. Bu mənəvi gündə Qurban Qurbanovla söhbətim oldu. Bir reallıqdır ki, "Qarabağ" Azərbaycan milli komandasına ən çox futbolçu verən klubdur. Amma biz heç birimiz Azərbaycan milli komandasının layiq olduğu uğurları qazandığına inanmırıq. Hələ görməyimiz lazım olan çox işlər var ki, biz bunları etməmişik. Hədəfim odur ki, bundan sonra Azərbaycan millisinin uğurlarında, "Qarabağ" klubu öz futbolçularının yetişməsində real iş görməlidir. Artıq biz özümüzə qayıtmalıyıq. Önümüzdəki 4-5 il üçün hədəf qoyacağıq ki, "Qarabağ" Azərbaycanın ən böyük klubu olsun. Öz gənc futbolçularımızı yetişdirməliyik. Bununla yanaşı Çempionlar Liqasında hədəflərimizə davam edəcəyik. 

- Ağdamda yeni stadion tikiləcəyi deyilir. Bununla bağlı klub səviyyəsində danışığınız olub?

- Atam Abdulbari Gözəl bəyin dediyi kimi təssüflər olsun ki, Ermənistan o yerləri talan edib. O diyarlar illərdir inkişafdan məhrum idi. Cənab prezident dekabr ayındakı görüşümüzdə stadion tikilməsi ilə bağlı nazirliyə tapşırlar verdi. Mən də orada idim. Biz də "Qarabağ" klubu olaraq əlimizdəki imkanlarla, təcrübələrlə canla-başla işləyəcəyimizi bildirdik və buna hazırıq. Əminəm ki, orada tezliklə çox gözəl stadion tikiləcək və möhtəşəm abadlıq işləri gedəcək. Klubumuzun bütün oyunlarını Ağdamda keçirəcəyini hələ müzakirə etməmişik. Amma əminəm ki, çox böyük oyunlarımızı orada oynayacağıq, bu, mənim böyük arzumdur. 

- Bildirdiz ki, əsas fikrimizi uşaq futboluna yönəldəcəyik. Yaxın zamanda "Qarabağ"ın yeni akademiyasının tikilməsi nəzərdə tutulur?

- Biz artıq özümüzə bu hədəfləri qoymalıyıq. Futbol bir millətin, ictimaiyyətin güzgüsüdür, bir xalqın iradəsidir. "Qarabağ" idmanda diplomatiya missiyasını yerinə yetirdi. Amma məncə öz uşaqlarımızın istedadını üzə çıxara bilməsək, mütləq qalibiyyətdən söhbət gedə bilməz. Qurban Qurbanovla bu mövzuda razıyıq ki, hər şeyi başdan düşünməliyik. Tam radikal addımlar atılmalıdır. "Rozenborq"la oyundan sonra qarşımıza hədəf qoyduq ki, Avropada uğurlu çıxış edəcəyik. İndi o iradə ilə gənclərimizi və milli komandamızı qələbələrə aparmalıyıq. 

- Legionerlərin çox gətirilməsində maraqlı olmayacaqsız?

- Bu gün biz buna hazır deyilik. Legionerləri azaltsaq, özümüzə zərbədir. Legionerlərimizlə də fəxr edirik. Londonda Azərbaycan deyəndə, mənə deyirlər ki, halal olsun, siz qoçaq millətsiz. Mən bu qüruru yaşamaq istəyirəm. Milli komanda oynayanda insanlara verdiyiniz eşq, ilham başqa bir səviyyədir. Hesab edirəm ki, Azərbaycanın ən aparıcı klublarından olan "Qarabağ" bu məsuliyyəti qəbul etməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right