Anar Salmanov, siz rüşvətxor deyilsiz?

Keçmiş FİFA hakimi Anar Salmanov onu vaxtı ilə rüşvət almaqda ittiham etdiyi üçün “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi məhkəməyə verəcəyini bildirib. Sitat:

“Mirbağır İsayev sizə açıqlamasında haqqımda neqativ, şər-böhtan xarakterli sözlərdən istifadə edib, şərəf və ləyaqətimə toxunub. Sizin vasitənizlə məndən üzr istəməsi üçün ona 48 saat vaxt verirəm. Əgər dediyi fikirləri təkzib etməsə və məndən üzr istəməsə, qanunvericiliyə arxalanaraq, onunla məhkəmədə görüşəcəyəm. Qanun qarşısında cavab verəcək. Azərbaycanda heç kimə başqası haqda təhqir xarakterli ifadə işlətməyə ixtiyar verilmir. Öz hüquqlarımı qorumağa hazıram. İnsan nəyisə deyirsə, onu əsaslandırıb, arxasında dayanmalıdır. Əgər dayana bilmirsə, məhkəmə qarşısında cavab verməlidir”. (apasport)

AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılan Mirbağır İsayevin Salmanov barədə açıqlaması isə belədir:

“Salmanov özünü elə aparır ki, sanki göydən düşüb, vaxtilə rüşvəti o yox, biz almışıq, futboldan da onu deyil, məni siliblər. Təhqir eləmədim, sadəcə, bu sözləri üzünə dedim. Dedim ki, rüşvətə görə futboldan uzaqlaşdırılmısan, indi də gəlib hakimə qiymət verirsən. Onu vaxtilə futboldan niyə siliblər? Səslərinə qədər qulaq asmışam”.

İsayev Salmanovun ünvanına şər-böhtan atıbmı?

Gəlin, tarixə – Anar Salmanovun futbol hakimi kimi “tarixinə” baş vuraq.

Birincisi, Salmanov özü də vaxtı ilə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov haqda “rüşvətxor” ifadəsini işlədib. Həm də, deyəsən, əlində heç bir “daşdan keçən sübut” olmadan. Anar bəyin 28 iyul 2016-cı ildə “aznews” saytına müsahibəsindən:

“Əgər Azərbaycan futbolunun Hakimlər Komitəsinin sədri (Xaqani Məmmədov) rüşvətxordursa, o, hakimlərə nə öyrədə bilər?

Hakimliyə o vaxt qayıdacağam ki, o rüşvətxor Xaqani Məmmədov orada oturmayacaq. Başa cür mümkün deyil.

Xaqani Məmmədovun 2001-ci ildə verdiyi penala görə, Azərbaycan Premyer Liqası 2 il dayanmışdı. Bundan əlavə, 2004-2005-ci illərdə qatarda olan haqq-hesablar, rüşvət məsələləri… Bu, həmin Xaqani Məmmədovdur.

Xaqani Məmmədov ancaq “kreslo” haqqında fikirləşir. Ancaq “kreslo”da oturub öz cibini güdür, istəyir aylıq “paket”ini alsın”.

Hə, gələk, Anar Salmanovun Mirbağır İsayevə üzr istəmək üçün 48 saat vaxt verməsinə və ondan məhkəməyə şikayət etmək istəyinə…

İsayev yalan danışır? Anar Salmanovun ünvanına şər-böhtan atır? Salmanov gecikib. Ya da, keçmişdə etdiklərinin, onun haqqında deyilənlərin unudulduğuna arxayın olub, indi belə, “göylə gedir”. Xatırladaq…

Tarix 4 mart, 2011-ci il. “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun Salmanov haqda mətbuata bomba kimi düşən açıqlaması:

“Bu hakim bundan öncə də bizim oyunu səviyyəsiz idarə etmişdi. Salmanov «Muğan»la oyundan öncə bizdən rüşvət istəmişdi. Lakin həmin vaxt ağıllı davranaraq, bunun qarşısını almışdıq. Bununla bağlı bütün məlumatları, faktları PFL-ə təqdim etmişik. Belə hakimlərə Azərbaycan futbolunda yer yoxdur”. (qol.az)

Və… 2011-ci ildə “Xəzər Lənkəran” klubunun “Neftçi” ilə oyundan sonra yaydığı bəyanat:

“Qeyd olunan oyunda “Xəzər Lənkəran”ın qalib gəlməsinə baxmayaraq, 90 dəqiqə ərzində hakimin komandamıza qarşı haqsız qərarlarına göz yuma bilmərik. 1:0 hesabı ilə öndə olduğumuz zaman qapımıza təyin olunan penaltinin absurd olduğu videoyazıda açıq-aşkar görünür. Bundan əlavə, hesab 4:2 olarkən hakimin gözü önündə Elnur Abdullayevə qarşı qayda pozulmasına baxmayaraq, oyun davam etdirildi və əks-hücum nəticəsində komandamızın qapısından qol keçirildi. Həmçinin, bütün oyunboyu “Xəzər Lənkəran”ın qapısına doğru yerli-yersiz olaraq çoxlu sayda cərimə zərbələri təyin edildi. Ən ağlasığmaz isə öz texniki zonasında heç bir qaydaya zidd hərəkət etməmiş baş məşqçi Mirça Rednikin oyundan kənarlaşdırılması oldu.

AFFA səviyyəsində ümumilikdə futbola göstərilən dəstək nəticəsində hakimlik məsələsinə böyük diqqət ayrıldığını bilirik. Elədirsə, klub rəhbərliyinə zəng vuraraq oyunun müvafiq şəkildə bitməsi üçün rüşvət istəyən Anar Salmanov nə üçün hələ də federasiyanın bayrağı altında keçirilən oyunları idarə etmək hüququna malikdir? Göstərdiyimiz bu faktda əminliyimizə isə heç bir şübhə ola bilməz, çünki zəng edilən həmin klub məhz “Xəzər Lənkəran” Futbol Klubu olub. Bu faktın sübutlarını AFFA-ya göndərdiyimizə baxmayaraq, Hakimlər Komitəsi yenidən məhz Anar Salmanovu və məhz “Xəzər Lənkəran”ın “Neftçi” ilə keçirilən prinsipial oyununa təyin edib. O “Neftçi” ilə ki, Anar Salmanovun doğma qardaşı o klubda masajçı qismində çalışır. Belə aşkar fakt olduğu halda heç bir obyektivlikdən söhbət gedə bilməz.

Bu hakimin “Muğan” “Xəzər Lənkəran” oyununda etdiyi özbaşınalıqdan və bizim buna etdiyimiz etirazdan da o qədər də çox zaman keçməyib. Biz o vaxtdan həyəcan siqnalı verərək, xəbərdar etmişdik ki, belə xoşagəlməz faktlara göz yummaq daha da pis nəticələrə çıxaracaq. Lakin həmən zaman sərt cəza ilə üzləşməyən Salmanov artıq dünənki görüşdə daha da ifrat formada haqsızlıqlar etdi. Onun bundan sonra da cəzasız qalmasının nəyə gətirib çıxaracığını hətta təsəvvür etmək çətindir.

Hal-hazırda respublikamızda korrupsiya əleyhinə keçirilən genişmiqyaslı tədbirlərin fonunda, bilavasitə bizə aidiyyatı olan futbol sahəsində də müvafiq addımların federasiya səviyyəsində atılmasını qaçılmaz hesab edirik. Bu yöndə ilk növbədə adı çirkin əməllərdə hallanması adi hala çevrilmiş Hakimlər Komitəsində islahatların aparılması zəruri olmasında əminliyimizi bildiririk və lazımi tədbirlərin dərhal və təxirəsalınmadan görülməsini tələb edirik”.

Sonda…

O vaxt “Kəpəz” yüksək liqada oynayırdı, baş məşqçisi də Şahin Diniyev idi. “Xəzər Lənkəran” “Kəpəz”lə oyun üçün Gəncəyə səfər etmişdi, matçın baş hakimi də Anar Salmanov idi. Bəndənizin stadiondan izlədiyi oyun cənubluların qələbəsi ilə bitmişdi. Diniyev oyun bitincə stadionu göz yaşları içində tərk etmiş, gəncəli azarkeşlər isə görüşün taleyini məhz Salmanovun həll etdiyinə inandıqları üçün onun ünvanına ağıla gələn, gəlməyən nə söyüşlər varsa, işlətmişdilər. Amma Salmanov oyun vaxtı söyülməklə də canını qurtarmamışdı. Matçdan sonra yerli azarkeşlər hakimlər otağının qapısının ağzına yığışaraq, Salmanovu söyməyə davam edirdilər və onu Gəncədən buraxmayacaqlarını bildirirdilər…

Görünür, Anar bəyin ya yaddaşı pozulub, ya da keçmişdə baş verənləri unutmaq işinə yarayır. Amma biz – mətbuat heç nəyi unutmuruq, yaxşını da, pisi də, əyrini də, düzü də. Onun indi haqqında “rüşvətxor” dediyi üçün kimisə məhkəmə ilə hədələməsi də təəccüblüdür, hətta heyrətamizdir. Anar Salmanov, sizin rüşvətxor olduğunuzu deyən ilk adam Mirbağır İsayev deyil axı, o, ondan əvvəl deyilənləri xatırladıb, təkrarlayıb. Deyilənləri dediyi üçün adamı məhkəmə ilə hədələməzlər. Əmin olun, məhkəmə olsa, orda da indiyə kimi haqqınızda deyilənlər bir daha deyiləcək. Bunu istəyirsiz?

Rəşad Ergün/Komanda.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right