"Qorxuram ki, futbolçularım A milliyə gedəcəklər" - Milan Obradoviç

U-21 millimizin serbiyalı baş məşqçisi Milan Obradoviç Bakıda Belarusa 1:3 hesabı ilə uduzduqları yoxlama oyundan sonra jurnalistlərin suallarını cavablandırıb

- Oyun barədə fikriniz necədir?

- Birinci hissədə müdafiənin oyunundan razı deyiləm. İlk yarıda bir neçə qol epizodu yaratdıq. Konsentrasiya problemindən iki qol buraxdıq. İkinci hissədəki oyundan razıyam. Epizodlar yaradırdıq, topa sahib idik. Yoldaşlıq oyunu idi və vacib olan yeni futbolçuları, bütün oyunçuları yoxlamaq idi. Birinci hissədə oynayan heyət demək olar ki, birlikdə bir dəfə məşq etmişdi. Elə futbolçular var ki, oyunlarından razıyam, elələri də var ki, razı deyiləm.

- İkinci yarıda meydana çıxan futbolçular nə göstərə bildi?

- Deyə bilmərəm ki, onlardan gözlədiyim hər şeyi görə bildim. Adlarını ayrılıqda çəkmək istəmirəm. Bəzi futbolçuların yanaşması, oyunları heç xoşuma gəlmədi. Millidə oynayırsansa, istəkli olmalısan. Hər kəs səhv edə bilər. Amma istək mütləq olmalıdır. Biz özümüzü yox, ölkəmizi təmsil edirik. Bunu qəbul etmirəm.

- Bəzi futbolçular öz klubunda daim oynayır, bəziləri yox. Musa Qurbanlı da daim oynamır. Klublara bu barədə hansısa məsləhətiniz ola bilər? 

- Mən də klubda işləmişəm. Əminəm ki, baş məşqçilər kimlər daha çox layiqdir, onları meydana buraxır. Söhbət sırf Musadan getmir, hamıdan gedir. Belə səviyyədə oynayan futbolçuya hər bir məşqçi şans verər. Təbii ki, onlara məsləhət verəsi deyiləm. Hər baş məşqçi layiq olan futbolçunu oynadar. Sadəcə, öz futbolçularıma məsləhət verə bilərəm. Daha çox çalışmalıyıq. Təəssüflər olsun ki, bir dəfə yaxşı oynayırsan, ikinci dəfə belə. Hər yaxşı oyundan sonra futbolçunu fərdi olaraq yuxarıdan aşağı salmaq məcburiyyətindəsən.

- Musa Qurbanlı barədə Canni De Byazi ilə söhbət etmisiniz? Yəni, onu A milliyə təklif etmisiz?

- Hər toplanış qabağı futbolçuları izləyirəm və çox sevinirəm ki, öz klublarında oynayırlar. Bir tərəfdən mən sevinirəm ki, bizə kömək edə biləcəklər. Qarışıq hisslərdir. Bir tərəfdən onlar üçün sevinirəm. Digər tərəfdən də qorxuram ki, A milliyə gedəcəklər və mənim komandamda olmayacaqlar. Təbii ki, A milli komandaya da çağırmalıdılar, getməlidilər. Canni De Byazi ilə yaxşı münasibətim var. Həmişə mənimlə cavan futbolçularla bağlı məsləhətləşir. Hər futbolçu ilə bağlı ürəyimdə nə varsa, ona da mütəmadi olaraq məlumat verirəm. Bu futbolçulardan kimsə bizimlə iyunda da olacaq, hələ bilmirəm. Ona görə bugünkü oyunda yoxlamaq üçün daha çox futbolçuya şans verdim. Çünki qrupda 3 səfər oyunumuz var.

- İlk qolda Səbuhi Abdullazadənin kobud səhvi var idi. Sizcə, o, nəyə görə bu cür kobud səhvə yol verdi? Bəlkə, Premyer Liqada oyun praktikası olmadığına görə.

- Birinci növbədə odur. Məşqçi kimi onun yanında olmalıyam, ona kömək etməliyəm. Karyerada belə hallar olur. Səhvlərin üzərində işləməliyik. Onun daha çox oyun praktikası olacaq ya, yox, özündən asılıdır. Belə olan halda, baş məşqçini də məcbur edəcək ki, ona daha çox şans verilsin. Bundan sonra da daha çox özünəinamı olacaq.

- Əsas milli Malta və Latviyaya məğlub oldu. Sizin komandanız həmin yığmaları məğlub edə bilərdi?

- Heç təsəvvür etmirəm, U-21 yığması ilə digər ölkənin A millisinə qarşı oynamağı. U-21dəki oyunçular üzərlərində hələ daha çox işləməlidilər. Bir oyun uddular, ikinci oyun uduzduq. Yavaş-yavaş onlara şans verməliyik. Birdən-birə olmur. Canni De Byazi milliyə futbolçunu çağırır və o, məsuliyyət daşıyır. Məncə, o, hazırda ən yaxşı olan futbolçularımızı dəvət edib. Mütəmadi olaraq onunla əlaqədəyik. Şəxsi fikrim budur ki, bütün gənc futbolçular U-21-də oynasın. Aydın məsələdir ki, gənc futbolçular yaxşı oynamağa davam etsə, A milliyə dəvət alacaqlar. Normal prosesdir.

- Qısa zamanda iki fərqli rəqiblə oynadınız. Toplanışı nikbin notlarla başa vurursuz, yoxsa bədbin?

- Daha çox topa sahib olacağımız oyunu oynamağımızı istəyərdim. Məhz bu bizə gələcək üçün optimistlik verir. Məsələn, Belarusa qarşı ikinci hissə və Estoniyaya qarşı oynadığımız matç. Digər tərəfdən məni narahat edən məqam budur ki, biz nəyə görə belə rahat qollar buraxırıq? Bu, məni çox narahat edir, elə-belə qollar buraxırıq. Əsas səbəb futbolçularımızda oyun praktikasının az olmasıdır. Sizə Elvin Cəfərquliyevdən yaxşı misal çəkim. O, 3 il bundan qabaq U-21də bizimlə başlamışdı. Təkbətək mübarizələrdə çox yaxşıdır. Görünür ki, o, necə qabağa gedib. Özü də istəklidir, çox yaxşı alınır onda. Elvin Cəfərquliyev sadəcə bir misaldır. Çox istəyərdim ki, A millidə, “Qarabağ”da daha çox oynasın.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right