Canni De Byazi: "Latviya ilə matçda bildiyimiz oyuna qayıdacağıq"

"Sabah həmişə bildiyimiz oyuna qayıdacağıq".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Latviyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis 0:1 hesabı ilə uduzduqları Malta ilə görüşdən sonra futbolçularla danışdığını söyləyib: "Sabah yaxşı oyunumuzu göstərməliyik. Ötən matçda taktiki problemlər oldu. Həmin oyuna görə narahat idim. Əminəm ki, komanda daha artığını edə bilər. Sabah bunu göstərməli, ilk növbədə, özümüzə inanmalıyıq".

İtaliyalı baş məşqçinin fikrincə, yaxşı oyun göstərsələr, futbolçular mövqelərində bacardıqlarını edə bilsələr, nəticə qazanmaq mümkün olacaq: "Yaxşı oynasaq, topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Futbolda mümkün olmayan bir şey yoxdur. Reytinqdə 67-ci pillədə olan Şimali Makedoniya İtaliyaya qalib gəldi. Bunun üçün ən əsası, özümüzə inanmalıyıq".

De Byazi komandasının görüşə gərgin çıxmasına da münasibət bildirib: "Artıq 30 ildir ki, böyük və kiçik komandalarda baş məşqçi kimi çalışıram. İlk dəfədir ki, belə söhbət eşidirəm. Malta ilə oyundan sonra gəldiyim qənaət belədir ki, biz rəqibdən az qaçmamalı, daha istəkli və aqressiv olmalıyıq. Oyundan əvvəl bir futbolçumuza Malta yığmasının kapitanı Andrey Aciusun şəklini göstərdim. Dedim ki, onlar burada gəzməyəcəklər, mübarizə üçün bizi gözləyirlər. Başa saldım ki, qələbə üçün döyüşmək lazımdır".

Mütəxəssis komandanın hücum futbolu sərgiləyə bilməməsinə də toxunub: "Üç ötürmə verə bilmiriksə, burada hücum futbolundan söhbət gedə bilməz. Taktiki problemlər ola bilər. Amma texniki çatışmazlıqlar da var idi. Bu baxımdan inkişaf etməliyik. Birinci hissədə 2-3 epizod oldu ki, il ötürmələr düzgün verilsəydi, təhlükəli vəziyyət yarada bilərdik. Sabah əvvəlki sistemə qayıdırıq. Bu üzdən matçdan sonra bəhanə olmayacaq. Sabah hamımız milli forma altında Azərbaycan bayrağı üçün mübarizə aparmalıyıq".

Qeyd edək ki, martın 29-da oynanılacaq Azərbaycan - Latviya görüşü Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right