“Bu barədə UEFA-dan bizə məlumat verilməyib” “Qarabağ” rəsmisi

“UEFA-dan qadın komandaları olmayan klubların Çempionlar Liqasına buraxılmayacağı barədə “Qarabağ”a heç bir rəsmi məlumat gəlməyib”.

Newsport.az xəbər verir ki, bu sözləri Qol.az saytına açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov 2023/24 mövsümündən etibarən qadın komandası olmayan klubların ÇL-də iştirak edə bilməyəcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. O, hələlik Ağdam təmsilçisinə məsələyə görə məlumat verilmədiyini vurğulayıb: 

“UEFA nəyəsə qərar verirsə, bu, müzakirə olunmur. Yəni, UEFA bayrağı altında olan bütün ölkələr, komandalar qurumun şərtlərinə əməl etməlidir. Bir qayda qoyulursa, bu, artıq müzakirə olunmur. Lakin qeyd etdiyim kimi, “Qarabağ”a rəsmi və ya digər şəkildə məlumat verilməyib”. 

Qeyd edək ki, ötən gün  Türkiyənin "Adana İdmanyurduspor" qadın futbol klubunun prezidenti Metin Taylancı sözügedən mövzuda yerli mətbuata açıqlama verib. O, 2023/2024 mövsümündən etibarən UEFA-nın qadın komandası olmayan klubları Çempionlar Liqasına buraxmayacağını bildirib. Taylancı bunu da vurğulayıb ki, artıq Avropa futbol qurumu bu istiqamətdə işlərə start verib. 

Xatırladaq ki, Azərbaycanı Çempionlar Liqasında ən çox təmsil edən klublardan olan “Qarabağ”ın qadınlardan ibarət komandası yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right