"Neftçi"nin yarımmüdafiəçisi: "Bu hisslərin sözlə ifadəsi yoxdu"

“Neftçi”nin gənc futbolçusu Vüsal Əsgərov klubun rəsmi saytına müsahibə verib.

 

Newsport.az xəbər verir ki, “Səbail”lə oyunda əsas komandada qol hesabını açaraq flaqmana qələbə qazandıran 20 yaşlı yarımmüdafiəçi təəssüratlarını bölüşüb:

 

- Əsas komandamızın heyətində qol hesabını açdın və “Neftçi”yə çox vacib qələbə qazandırdın. Həmin an hansı hissləri keçirirdin?

- Üç oyunluq məğlubiyyətdən sonra bu matçda qələbə qazanmaq çox vacib idi. Həmin qolu vurmaq mənə nəsib olduğu üçün çox sevinirəm. Amma təbii ki, əsas olan komandanın qələbəsidir.

 

- Bu mövsüm artıq 3 Premyer Liqa oyununda forma geyinmisən. Ümumiyyətlə, əsas komandada, üstəlik, start heyətində meydana çıxmaq necə hisslərdir?

- Bu hisslərin sözlə ifadəsi yoxdur. Çox sevinirəm. Həm qol vurduğum, həm də oynadığım üçün şadam. Meydana çıxdığım matçlarda özümü ən yaxşı tərəfdən göstərib komandama kömək etməyə çalışacağam.

 

- “Səbail” üzərində qələbə həm də uğursuzluq seriyasına son qoymaq baxımından əhəmiyyətli oldu. Səncə, qış fasiləsinəcən keçiriləcək “Sumqayıt” və “Qəbələ” ilə oyunlarda bu qələbənin ardı gələcək?

- Düzdür, alınmayan, uğursuz oyunlarımız oldu, amma bu, hər bir komandada ola bilər. Son matçda qələbə qazanaraq bu tilsimi qırdıq. “Sumqayıt” və “Qəbələ” ilə görüşlərdə də qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

 

- Son turda qələbə qolunu vurmaqla azarkeşlərin də rəğbətini qazandın. Onlara sözün varmı?

- Azarkeşlər sağ olsunlar ki, mənə inanır və dəstək olurlar. Mən də öz növbəmdə çalışacağam onların inamını doğruldub komandamızın qələbələrində pay sahibi olum.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah